Liturgiya oxunuşları: 25 MART. Müjdə Bayramı
“Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir ” (Luka 1,28). Mələyin bu salamı həm Allahın varlığını, həm də Onun qoruyucu himayəsini göstərir. Lütflə dolu olan Əqdəs Bakirə Məsihin xilasedici əməlini yerinə yetirmək üçün Allahın davamlı yardımını qəbul edir. Bu əməl Məryəmdə İlahi və ruhani analıq kimi uca bir məsuliyyət olaraq təcəssüm edir. Ata David Mariya Turoldo bu İncil hadisəsini belə poetik şəkildə təsvir edir: “Bu, qədim Kitabın səhifələrindən səslənən bütün peyğəmbərlərin səsi idi. Şübhəsiz, Sən sadiq qız idin – Sionun qızı; gözləyən torpaq, bütün yaradılış üçün ümid ağacını daşıyan toxunulmamış ada. Səma taleyimizin üzərində açıldı ki, bizə tərəf əyilib eniş etsin: belə ki, mələyin vasitəsilə tariximizin əbədiyyətlə necə vəhdətdə olduğunu eşidək! Bundan belə biz Allahla qohum olacağıq; yer üzü əbədi olaraq Onun toy süfrəsinin məkanı, insanla onun Allahının qucaqlaşdığı sahil olacaq.”
BİRİNCİ OXUNUŞ Yeş 7,10-14; 8,10с
Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə. Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm». Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz? Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq. Çünki Allah bizimlədir.
Təfsir
Yeşaya peyğəmbər dəfələrlə özündə bənzərsiz padşahlıq və Məsihəxas xüsusiyyətlər daşıyacaq bir körpədən bəhs edir. Bu məşhur parçadan öyrənirik ki, Onun adı “Allah-bizimlədir” (İmmanuel) olacaq və bu ad dərin məna daşıyır: bu uşağın xalq arasında mövcudluğu elə Allahın Özünün mövcudluğu deməkdir. Allah artıq Özünü qanunun hərfləri və ya zahiri qaydaların yerinə yetirilməsi vasitəsilə deyil, ət və qandan olan canlı bir insan vasitəsilə aşkar edir. Allahla Əhd artıq bu uşaqla şəxsi münasibətlərdən keçir – O uşaq ki, sonradan yetkin bir insan olacaq. Bu, gələcək Məsih – İsa Məsih haqqında birbaşa peyğəmbərlikdir. Müjdəçilər özləri də Məsihin gəlişini və Onun Allahın Əqdəs Anası Məryəmdən doğulmasını elan edərkən məhz Yeşayanın bu mətninə istinad edirlər. Qədim ibrani mətnində “gənc qadın” (qız) mənasını verən söz işlədilsə də, Müjdələrin yazıldığı dövrdə artıq mövcud olan yunan tərcüməsi – Septuaqinta – bunu “Bakirə” kimi tərcümə edir. Beləliklə, artıq Əhdi-Ətiqdə İsa Məryəmsiz, Məryəm isə İsasız düşünülmür. Müqəddəs Yazının bütün məzmunu Məsihə yönəlir və öz kamilliyini Onda tapır.
İKİNCİ OXUNUŞ İbr 10,4-10
Çünki buğaların və təkələrin qanı ilə günahları aradan qaldırmaq qeyri-mümkündür. Buna görə Məsih dünyaya gələndə deyir: «Qurban və təqdim istəmədin, amma Mənə bir bədən hazırladın. Yandırma qurbanı, günah qurbanından xoşun gəlmədi. O zaman dedim: “Budur, gəlmişəm, Kitab tumarında Mənim haqqımda yazılıb. Ay Allah, Sənin iradəni yerinə yetirim”». Məsih əvvəl dedi: «Qurban, təqdim, yandırma qurbanı və günah qurbanı istəmədin, bunlardan xoşun gəlmədi». Bunlar hamısı Qanuna görə təqdim olunur. Sonra dedi: «Budur, gəlmişəm, Sənin iradəni yerinə yetirim». Yəni, Məsih ikinci Əhdi qüvvəyə mindirmək üçün birincisini ləğv edir. Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq.
Təfsir
Allah dünyaya gəlir, insan olur, bədən alır və insan təbiətini Öz üzərinə götürür. Gəlin bu həqiqət üzərində düşünək: Sonsuz Olan Özünü zəif və kövrək insan bədəninə sığdırır. Çarmıx üzərində ölümündən, dirilməsindən və Müqəddəs Ruhun bəxşindən sonra bu sirr daha aydın olacaq: artıq bizimlə Allah arasında ortaq bir insan təbiəti var! Məhz bunun sayəsində biz – yoxsul günahkarlar – Məsihdə İlahi həyata şərik ola bilirik, çünki O, Allahdır. Dirilmiş Məsihdə yaşayaraq biz İlahi təbiətin iştirakçılarına çevrilirik. Lakin bu, tamamilə mümkün olmazdı, əgər O, insan bədənini qəbul etməsəydi, bu bədəndə əzab çəkməsəydi, Öz qanını tökərək hamı üçün əvəz ödəməsəydi və Öz insanlığını səmavi izzətə yüksəltməsəydi. Ətrafınıza baxın: Allah haqqında belə bir vəhyi bəyan edən başqa heç bir din və ya təsəvvür yoxdur. Bu, həqiqətən baş vermiş bir gerçəklikdir! Bu gün isə biz başlanğıcı seyr edirik: mələyin Müjdə anında Məryəm öz “bəli”sini deyir və ana olur. Bu sirri ilk dəfə eşidən, onu ilk hiss edən və Allahın öz daxilində məskən salmasını yaşayan məhz Odur.
İNCİL Luka 1,26-38
Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir». Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. Çünki Allah üçün mümkün olmayan şey yoxdur». Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.
Təfsir
Mələyin Əqdəs Bakirəyə Müjdə verməsi İncilin təməl daşıdır; bu, İlahi zərifliyin təzahürü, mələklərin heyrətə gəldiyi an, bütün səmavi əzəmətin yaradılmış varlığın təvazökarlığında qərq olduğu məqamdır. Bu böyük hadisə yalnız bir “olsun” – Allaha deyilən qısa bir “bəli” sayəsində baş verir və insan tarixinin simasını kökündən dəyişdirir. Allah insan olur və bu andan etibarən yer üzü Onun məhəbbət planını qəbul edir: Yaradan tərəddüd etmədən Öz yaratdıqları naminə insan bədənini qəbul edir. Allah bəşəriyyəti başqa yollarla da xilas edə bilərdi, lakin O, ən təvazökar yolu seçir: Məryəmin bətnində formalaşmaq və günahdan başqa insan həyatının bütün mərhələlərindən keçmək. Şərq Kilsəsinin bir Ataları qeyd edirlər ki, Allah hətta Adəm və Həvva ilkin günahı etməsəydilər belə, yenə də təcəssüm edərdi. Bu, ilahi işi ilk valideynlərdə və onların nəslində kamilliyə çatdırmaq üçün zəruri olardı. Hərçənd bu yalnız teoloji bir fərziyyədir, Allahın Əqdəs Validəsi ilə bağlı halda bu, gerçəkliyə çevrilir, çünki Məryəm günaha şərik deyildir. Məhz Onda Allah ilə insan arasında ən kamil birlik həyata keçir – elə bir birlik ki, heç vaxt və heç kim tərəfindən aşılmayacaq. Əqdəs Bakirədə Allahın ilkin niyyəti tam şəkildə təcəssüm edir və öz son, mükəmməl ifadəsini tapır.