Liturgiya oxunuşları: 24 MART. Böyük Orucun V həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Say 21,4-9
Xalq Hor dağını tərk edib Edom torpağının ətrafından keçmək üçün Qırmızı dəniz yolundan keçdi. Yolda onların səbri tükəndi. Onlar Allaha və Musaya qarşı deyinirdilər: «Nə üçün siz bizi Misirdən çıxardınız? Səhrada ölmək üçünmü? Axı burada nə çörək, nə də su var. Bu dadsız yeməkdən də iyrənirik». O zaman Rəbb xalqın arasına zəhərli ilanlar göndərdi. İlanlar xalqı sancdı və İsrail övladlarından çox adam öldü. Xalq gəlib Musaya dedi: «Biz günah etdik, çünki Rəbbə və sənə qarşı deyindik. İndi isə ilanları bizdən uzaqlaşdırmaq üçün Rəbbə yalvar». Musa xalqı xilas etmək üçün Rəbbə yalvardı. Rəbb Musaya dedi: «Özünə bir ilan düzəlt və onu uzun dəyənəyin üzərinə qoy. İlan vuran adam ona baxdıqda sağalsın». Musa tuncdan bir ilan düzəltdi və dəyənəyin üzərinə qoydu, ilan vuran hər adam tunc ilana baxan kimi sağalırdı.
Təfsir
Xalqın səhrada növbəti giley-güzarı ilə bağlı epizodda biz ilan obrazının dərin rəmzi məna daşıdığını görürük. Burada o, Eden bağında olduğu kimi, sürünən heyvan surətində gizlənmiş Şeytanın timsalında vəsvəsə və ölümün deyil, şəfa və həyatın əlamətinə çevrilir. Bu işarə ikili məna daşıyır: ilanın sancması ölüm gətirir, lakin eyni ilan, dirəyə qaldırıldıqda, ona səmimi tövbə ilə baxan hər kəsə həyat bəxş edir. İlan yer üzündə süründüyü zaman şərin rəmzidir, lakin yuxarı qaldırıldıqda xeyirin nişanəsinə çevrilir. Bu nümunə insan həyatının özünü əks etdirir. Əgər biz yalnız maddiyat ilə məhdudlaşaraq “yer səviyyəsində” qalırıqsa, xilası tapa bilmirik. Lakin Məsihdə “ucaldıqda”, dünya Müqəddəs Ruh tərəfindən yenilənmiş yeni bir həqiqətə çevrilir. Eyni fikri Xaç haqqında da demək olar. Öz-özlüyündə bu, dəhşətli bir işgəncə alətidir; heç kim belə əzablarla ölməyi arzulamazdı. Lakin məhz Məsihin Xaç üzərindəki ölümü vasitəsilə dünyaya xilas gəldi. Şər xeyirə çevrildi, çünki Allahı sevənlər üçün hər şey xeyirə xidmət edir (Rom 8,28).
İNCİL Yəhya 8,21-30
Sonra İsa yenə onlara dedi: «Mən çıxıb gedirəm, siz Məni axtaracaqsınız və öz günahınız içində öləcəksiniz. Mənim gedəcəyim yerə gələ bilməzsiniz». Onda Yəhudilər dedilər: «Məgər O Özünü öldürəcək ki, “siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz” deyir?» İsa onlara dedi: «Siz aşağıdansınız, Mən yuxarıdanam, siz bu dünyadansınız, Mənsə bu dünyadan deyiləm. Buna görə də sizə “günahlarınız içində öləcəksiniz” dedim. Əgər inanmasanız ki, Mən Oyam, günahlarınız içində öləcəksiniz». Onda «Sən Kimsən?» deyə İsadan soruşdular. İsa onlara dedi: «Əvvəlcədən sizə nə söyləyirəmsə, Oyam. Sizin barənizdə söyləyəcəyim və mühakimə edəcəyim çox şeylər var. Lakin Məni göndərən haqdır və Mən Ondan eşitdiklərimi dünyaya söyləyirəm». İsanın onlara Ata barədə danışdığını anlamadılar. Onda İsa dedi: «Bəşər Oğlunu yuxarı qaldırdığınız vaxt biləcəksiniz ki, Mən Oyam və Özümdən bir şey etmirəm, ancaq Ata Mənə necə öyrədibsə, o cür danışıram. Məni Göndərən Mənimlədir. O Məni tək qoymadı, çünki Mən daim Onun xoşuna gələnləri edirəm». İsa bu sözləri söylədiyi zaman bir çox adam Ona iman etdi.
Təfsir
İsa Səmavi Atadan danışmağa davam edir. Rəbb hamıya Allahın həqiqi simasını məhəbbət təlimi vasitəsilə açmaq üçün gəlmişdir; bu təlim Onun üçün itaətin ən ali zirvəsi ilə – Öz həyatını çoxları uğrunda fidyə olaraq təqdim etməsi və xilas yolunu itirmiş insan üçün səmavi qapıları açması ilə tamamlanacaq. Bugünkü İncildə İsa iki dəfə “MƏN OYAM” (Mən Var Olanam) deyə bəyan edir. Bu, Musaya açılmış Allahın Öz adıdır. Demək olmaz ki, Rəbb Öz həqiqi mahiyyətini gizlədirdi. Bu cür bəyanatlar qarşısında laqeyd qalmaq mümkün deyil: ya Ona iman etməli, ya da Onu rədd etməliyik. Bu oxunuşun sonunda deyilir: “İsa bu sözləri söylədiyi zaman bir çox adam Ona iman etdi”. İnsanlar daxili bir duyğu ilə anladılar ki, onların qarşısında sadəcə bir insan deyil, Allahın sözləri ilə danışan və Özünün də Allah olduğu Şəxs dayanır. Digərləri isə, əksinə, daha da qapanaraq, sonda Həyat Kəlamını Çarmıxa çəkdilər. Biz də hər gün seçim qarşısındayıq: məhəbbət əməlləri ilə Rəbbə iman etmək, yoxsa Onunla üz-üzə gəlməkdən yayınaraq, sonda bizi əsarətə salan yer üzünün zövqlərinin arxasınca qaçmaq. Biz ya Onunla, ya Ona qarşı; ya həyatla, ya ölümlə; ya nurla, ya qaranlıqla qala bilərik. Orta yol yoxdur.