Liturgiya oxunuşları: 20 MART. Böyük Orucun IV həftəsinin cüməsi
BİRİNCİ OXUNUŞ Müd 2,1a.12-22
Yalnış fikrə düşənlər öz özlərinə dedilər: “Ədalətli adama tələ quracağıq, çünki o bizə ağır yükdür, bizim işlərimizə əngəl olur, bizi qanuna qarşı günahda təqsirləndirir, tərbiyə əleyhinə olan günahlara görə ittiham edir. Özünün Allah barədə biliyə sahib olduğunu iddia edir, özünü Rəbbin övladı adlandırır. Önümüzdə durub niyyətlərimizi ifşa edir. Onun üzünü görmək belə bizə ağırdır, çünki onun həyatı başqalarınkına bənzəmir, yolları da hamıdan fərqlidir. O, bizi iyrənc hesab edir, çirkabdan qaçan kimi bizim yollarımızdan uzaqlaşır, ədalətli adamların öləndə bəxtiyar olacağını bildirir, məğrurluqla Allahı öz atası adlandırır. Onun sözlərinin doğru olub olmadığını görərik, onun axırının necə olacağına baxarıq. Əgər bu ədalətli adam Allahın oğludursa, onda Allah onu qoruyar, düşmənlərinin əlindən xilas edər. İtaətkarlığını bilmək və kin saxlamamağını görməkdən ötrü onu təhqirlərlə və əzab-əziyyətlərlə yoxlayaq; onu şərəfsiz ölümə məhkum edək, çünki, dediyinə görə ona qayğı göstəriləcək”. Onlar yanlış düşüncələrə qapılıb səhv etdilər, çünki pislikləri onları kor etdi. Onlar Allahın sirrlərini dərk etmədilər, müqəddəsliyə görə verilən əvəzi gözləmədilər, qüsursuz insanların mükafatını layiqli saymadılar.
Təfsir
Süleymanın Müdrikliyi Kitabından olan bu hissə, günahkarların salehlərə qarşı hisslərini mükəmməl şəkildə təsvir edir. Sanki biz yenidən yəhudilərin Çarmıxın ətəyində can verən İsa Məsih üzərində istehza etdikləri sözləri eşidirik. Günəş altında yeni heç nə yoxdur: fiziki zorakılıqdan əlavə, Məsihin Əzabları xüsusilə Salehə, Həlim və Günahsıza yönəlmiş təhqir və istehza dolu sözlərlə daha da ağırlaşır. Bu cür “söz zorakılığında” həmişə qeyri-məntiqi bir şey var: əgər bu insanlardan soruşsaq ki, niyə onlar müdafiəsiz birinə bu qədər qəddarlıqla hücum edirlər, yəqin ki, cavab verə bilməzlər. Əslində isə belə insanlar sadəcə Şeytana səs verirlər; o, Allaha və Ona sadiq olanların hamısına şiddətli nifrət bəsləyir. Quzu, Həlim Olan, təhqirlərə və aqressiyaya cavab vermir, Özünü müdafiə etmir. Məhz bunda Onun böyüklüyü təzahür edir və sükut şəri özünə hopdurur. Salehin susqunluğu şərin qüvvələrini qəbul edir və onları qurudur; belə ki, boşaldıqdan sonra bu qüvvələr düşüncəyə və tövbəyə yer verə bilər. Təhqir edəni “fəth etməyin” yolu məhz həlimlik, sülh və sükutdur — bu, qəbul edən və sağaldan, vurulmuş ziyanı bərpa edən məhəbbətin ifadəsidir.
İNCİL Yəhya 7,1-2.10.25-30
Bu hadisələrdən sonra İsa yalnız Qalileyada gəzirdi. Yəhudi başçılarının Onu öldürməyə çalışdıqlarına görə daha Yəhudeyada gəzmək istəmirdi. Yəhudilərin Çardaqlar bayramı yaxınlaşırdı. Ancaq Onun qardaşları bayrama gedəndən sonra O da açıq yox, gizlicə bayrama getdi. Onda Yerusəlimlilərin bəzisi dedi: «Öldürməyə çalışdıqları Bu deyilmi? Budur, O açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih olduğunu öyrəndilər? Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək». İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız, Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi». Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı.
Təfsir
Rəbb İsa Məsih Səmavi Atadan danışmaq üçün heç bir fürsəti əldən vermir. Əslində, O, məhz bunun üçün dünyaya gəlmişdir. Onun missiyası Allahın həqiqi simasını aşkar etmək və bütün insanları məhəbbət həyatına cəlb etməkdir, hətta bu şəhadət Onu həbsə və ölümə aparsa belə, necə ki, gerçəkdə də belə oldu. Həqiqət qarşısında susmaq mümkün deyil. Təhlükə təqiblərdə deyil, əbədi həlakdadır; onun qarşısında isə sözlərdə qətiyyətli və dəqiq olmaq lazımdır. Cəmi 14 yaşında həlak olmuş çox gənc seminarist Rolando Rivi heç kimə pislik etməmişdi. O, sadəcə belə demişdi: “Mən İsanınam”. Bu sözlər onu bəlkə də əvvəlcə yalnız qorxutmaq istəyən oğruları çox qəzəbləndirdi və bu sadə ifadə onun ağır işgəncələrə məruz qalması və öldürülməsi üçün kifayət etdi. O, sadəcə Məsihin adını çəkdi. Bu, kiməsə qarşı ittiham və ya təhqir deyildi. İsa bu kiçik şəhidin daxilində idi və insanlar onu tapança atəşi ilə susdurdular. Lakin Həqiqəti öldürmək mümkün deyil: o, özünə yol açır və nəsildən-nəslə tarix boyu yürüşünü davam etdirir. Gəlin biz də hər zaman İsanın müqəddəs ismini səxavətlə və cəsarətlə bəyan edək.