Axtar

2019.06.15 Santa Trinità, affresco di Rossetti

Liturgiya oxunuşları: 18 Mart. Böyük Orucun IV həftəsinin çərşənbəsi

«İsa bizi Öz ardınca Ataya aparır. Dirilməyə ümid həm şəxsi, həm də ümumi tariximizi nurlandıran bir işıqdır. Əgər hər gün yanımıza gələn Rəbbi yadda saxlasaq, gündəlik həyatın yorğunluğunu daha az hiss edər və dünyanın boş qayğılarından daha azad olarıq. Mərhəmət yolu — Onun Padşahlığını gözləyənlər üçün yeganə xilas yoludur» (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Yeşaya 49,8-15

Rəbb belə deyir: «Münasib vaxtda sənə cavab verdim, xilas günü sənə kömək etdim. Səni hifz edəcəyəm, səni xalqım üçün əhd edəcəyəm ki, dağılmış ölkəni bərpa edəsən, irs olaraq yenə sahiblərinə verəsən. Dustaqlara “çıxın”, zülmətdə oturanlara “özünüzü göstərin!” deyəsən. Onlar yol boyunca quzu kimi bəslənəcək, hər çılpaq təpədə otlaq tapacaq. Onlar nə ac, nə də susuz qalacaq, qızmar isti və günəş onları vurmayacaq. Çünki onlara mərhəmət edən yol göstərəcək, onları bulaqlara doğru yönəldəcək. Mən bütün dağlarımı yola döndərəcəyəm, yollarımı hamar edəcəyəm. Budur, xalqım uzaq yerlərdən, kimisi şimaldan, kimisi qərbdən, kimisi isə Sinim ölkəsindən gələcək». Tərənnüm edin, ey göylər, ey yer üzü, fərəhlən! Ey dağlar, sevinc nidalarına qoşulun! Çünki Rəbb xalqına təsəlli verəcək, iztirab çəkənlərinə rəhm edəcək. Amma Sion dedi: «Rəbb məni tərk etdi, Xudavəndim məni unutdu». Rəbb isə deyir: «Ana südəmər körpəsini heç unudarmı? Bətnindən çıxan oğluna rəhm etməzmi? Ana öz körpəsini unutsa belə, Mən səni əsla unutmaram».

Təfsir

“Qayıdış” mövzusu peyğəmbər Yeşayanın kitabında mərkəzi yerlərdən birini tutur və Böyük Oruc dövrü ilə ideal şəkildə səsləşir. Rəbb tərəfindən inadkarlıq və bütpərəstliklərinə görə cəzalandırılan israillilər uzun sürgün illərindən sonra öz torpaqlarına qayıdanda sevinc o qədər böyük olur ki, bütün yaradılış bu sevincə şərik olur: “dağlar, təpələr önünüzdə sevinclə nəğmə deyəcək, çöldəki bütün ağaclar əl çalacaq” (Yeşaya 55, 12). Qayıdan yalnız insan deyil. Rəmzi mənada bütün kainat qayıdır. Çünki təbiət insanın taleyini bölüşür: günaha düşdükdən sonra o, müəyyən mənada insana yadlaşmış, hətta, italyan şairi Giacomo Leopardinin yazdığı kimi, “ögey anaya” çevrilmişdir. Lakin imanlı insan Allahda yaşadıqda, Onun yaratdığı hər şey insan vasitəsilə öz azadlığına qovuşur. Təsadüfi deyil ki, bəzi müqəddəslərin həyatında heyrətamiz hadisələrə rast gəlirik: heyvanlar onların sözünə tabe olur, od və külək onların bir işarəsi ilə sakitləşir, ünsürlər tarazlığa gəlir. İnsan heç vaxt təkbaşına xilas olmur — bizim tövbəmizi əhatəmizdəki bütün varlıq da gözləyir. Bu isə Böyük Oruc günlərində bütün yaradılışı qucaqlamaq və Allahın lütf halına qayıtmaq üçün daha bir çağırışdır.

İNCİL Yəhya 5,17-30

Lakin İsa onlara dedi: «Mənim Atam indiyə qədər iş görür, Mən də iş görürəm». Bundan sonra Yəhudi başçıları daha da səylə Onu öldürməyə çalışırdılar, çünki İsa yalnız Şənbə gününü pozmadı, həm də Allahın Öz Atası olduğunu söyləyərək Özünü Allaha bərabər saydı. Beləcə İsa onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: Oğul Atanın nə etdiyini görməsə, Özündən bir şey etməz. Çünki Ata nə edərsə, Oğul da onu edər. Ona görə ki Ata Oğulu sevir və Özünün etdiyi hər şeyi Ona göstərir. Ona bunlardan da böyük işlər göstərəcək ki, siz heyrətlənəsiniz. Ata ölüləri dirildib onlara həyat verdiyi kimi Oğul da istədiyi şəxslərə həyat verir. Ata heç kəsi mühakimə etmir, lakin hökm çıxarmağı Oğulun ixtiyarına verib ki, hər kəs Ataya hörmət etdiyi kimi Oğula da hörmət etsin. Oğula hörmət etməyən Onu göndərən Ataya da hörmət etmir. Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim sözümə qulaq asıb Məni Göndərənə inanan şəxs əbədi həyata malikdir və ona hökm çıxarılmayacaq, əksinə, ölümdən həyata keçib. Doğrusunu, doğrusunu sizə deyirəm: Allah Oğlunun səsini ölülərin eşitdiyi zaman gəlir və artıq gəlib; bunu eşidənlər yaşayacaq. Çünki Atanın Özündə həyat olduğu kimi Oğula da Özündə həyat olmağı bəxş etdi. Hökm çıxarmaq səlahiyyətini də Ona verdi, çünki O, Bəşər Oğludur. Buna heyrət etməyin, çünki elə bir zaman gəlir ki, qəbirdə yatanların hamısı Onun səsini eşidib qəbirlərindən çıxacaq, yaxşılıq edənlər həyat üçün diriləcək, pislik edənlərsə hökm üçün diriləcək. Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir».

Təfsir 

Oğul ilə Ata arasındakı münasibət xristianlığın ən böyük sirlərindən biridir. Əgər Allah Özü bunu bizə bildirməsəydi, biz bu barədə necə danışa bilərdik? Əhdi-Ətiqdə Allahla münasibət sirr pərdəsi ilə örtülü idi. Uca Allah bəzi “dostları” ilə — İbrahim, Musa və peyğəmbərlərlə — ünsiyyətdə olurdu, lakin qalan xalq üçün bu münasibət dolayı idi: Qanuna riayət etmək kifayət edirdi və bu, Allahla əlaqənin əsası idi. İsa isə Müqəddəs Üçlüyün daxili həyatının uca sirrini açır. O istəyir ki, biz yalnız Allah haqqında bilməyək, mümkün olduğu qədər Onun Öz həyatını Müqəddəs Ruhda yaşayaq. Rəbb dəfələrlə vurğulayır ki, Onun bütün həyatı Ataya mükəmməl itaətdir. Buradan sadə və aydın bir prinsip doğur: İsa Səmavi Ataya itaət edir, biz isə İsaya itaət edirik. Belə yaşadıqda biz yenidən vəhdətə qayıdır və — bunu təsəvvür etmək belə çətin olsa da — Allahın Öz həyatı ilə yaşamağa başlayırıq.

18 mart 2026, 08:06