İsa Yerusəlimdə Qoyun darvazası yanında yatan iflic adamı sağaldır İsa Yerusəlimdə Qoyun darvazası yanında yatan iflic adamı sağaldır 

Liturgiya oxunuşları: 17 MART. Böyük Orucun IV həftəsinin çərşənbə axşamı

“İsa dəyişmək iradəsini itirmiş və başına gələn bədbəxtliklərdə başqalarını günahlandıran insanlardan soruşur - “Sağalmaq istəyirsənmi?”. Rəbb insanı öz həyat tarixini — öz “döşəyini” — əlinə götürməyə çağırır: keçmiş artıq bizi zəncirləməməlidir, o, bizim özümüzün daşıdığımız bir şeyə çevrilir, çünki yolumuzu özümüz seçirik. Şəfa o zaman başlayır ki, insan öz həyatına görə məsuliyyəti üzərinə götürür və Rəbbin verdiyi gücə etibar edir. (Papa XIV Leo).

BİRİNCİ OXUNUŞ Yez 47, 1-9.12

O adam yenə məni məbədin girişinə gətirdi. Məbədin kandarının altından şərqə tərəf sular axdığını gördüm. Məbəd şərqə baxırdı. Sular məbədin cənub tərəfinin altından, qurbangahın cənubundan aşağıya axırdı. O məni oradan – şimal darvazasından çıxarıb bayır yoldan şərqə baxan bayır darvazasına apardı. Sular cənub tərəfdən axırdı. O adam əlində ölçmək üçün bir iplə şərqə tərəf getdi. O, min qulac ölçdü və məni topuğa qədər çıxan suların içinə gətirdi. Daha min qulac ölçdü və məni dizə qədər çıxan suların içinə gətirdi. Yenə min qulac ölçdü və məni belə qədər çıxan suların içinə gətirdi. Daha min qulac ölçdü və sular keçilməz bir çaya döndü. Sular artmışdı, içindən piyada keçmək mümkün deyildi, adam üzən qədər dərin bir çaya çevrilmişdi. O adam mənə dedi: «Ey bəşər oğlu, bunu görürsənmi?» Sonra məni götürüb yenə çayın sahilinə gətirdi. Oraya çatanda çayın hər iki sahilində çoxlu ağac gördüm. O adam mənə dedi: «Bu sular şərq bölgəsinə tərəf axır, oradan Arava vadisinə, sonra isə Duz dənizinə tökülür. Dənizə tökülən kimi oradakı su şirin suya çevriləcək. O zaman çayın axdığı yerlərdə hər cür qaynaşan canlı məxluq yaşayacaq, çoxlu balıq olacaq, çünki bu sular oraya axır, oradakı şor suyu şirin suya çevirir. Çay axdığı hər yerə həyat gətirəcək. Çayın hər iki sahilində hər cür meyvə ağacı yetişəcək. Onların yarpaqları solmayacaq, meyvələri tükənməyəcək. Hər ay meyvə verəcəklər, çünki Müqəddəs məkandan çıxan sular oraya axır. Meyvələrindən yemək, yarpaqlarından şəfa vermək üçün istifadə olunacaq».

Təfsir

Qədim İsraildə dəniz daha çox təbii gözəllik obyekti və ya başqa xalqlarla ticarət yolu kimi deyil, təhlükəli bir məkan kimi qəbul edilirdi. İsraillilər qonşuları olan finikiyalılar kimi dənizçi xalq deyildilər. Onlar üçün dəniz təhlükəli dəniz məxluqlarının (Leviatanın) məskəni sayılırdı və Ümumdünya tufanı haqqında xatirə həmişə qorxu oyadırdı. Lakin peyğəmbər Yezekelin kitabında biz tamamilə başqa, müsbət bir mənzərə ilə qarşılaşırıq: bir çay dənizə doğru axır və ona tökülərək onun sularını sağlam edir, yəni onları “sağaldır”. Bu çay digər çaylar kimi dağlardan deyil, məbəddən başlanır. Allahdan gələn hər şey şəfa gətirir, çünki Allah həyatdır. Dənizin içində qorxulu bir şey gizlənsə belə, indi baxış tamamilə dəyişir. Buna görə imanlılar heç nədən qorxmamalıdırlar: nə təbiətin düşmən qüvvələrindən, nə də Allahın yaratdığı hər hansı bir şeydən — çünki Onda hər şey öz mənasını tapır. Əgər biz Onun çayının bizim “dənizimizə” (yaşantılarımıza, qorxularımıza və narahatlıqlarımıza) daxil olmasına icazə versək, onda Yezekelin bu parçalarında təsvir olunan hər şey bizim həyatımızda da gerçəkləşəcək. Həqiqətən qorxmalı olduğumuz yeganə şey isə Rəbbimizin İncildə dediyi şeydir: yəni şeytan və günahdır. Qalan hər şey Allahın lütfü ilə dəyişdirilə və yenilənə bilər.

İNCİL Yəhya 5,1-3a.5-16

Bu hadisələrdən sonra Yəhudilərin bir bayramı oldu və İsa Yerusəlimə getdi. Yerusəlimdəki Qoyun darvazasının yanında, ibranicə Bet-Xasda adlanan beş eyvanlı bir hovuz var. Bu eyvanlarda çoxlu xəstə, kor, topal və iflic adam yatardı. Otuz səkkiz il xəstə olan bir adam da orada idi. İsa onun yatdığını görəndə çoxdan xəstə olduğunu bilərək ondan soruşdu: «Sağalmaq istəyirsənmi?» Xəstə Ona cavab verdi: «Ağa, yanımda bir adam yoxdur ki, su çalxalanan zaman məni hovuza salsın. Mən çatınca başqası məndən əvvəl oraya enir». İsa ona dedi: «Qalx, döşəyini götür və yeri!» O adam həmin anda sağaldı və döşəyini götürüb yeridi. O gün Şənbə günü idi. Buna görə də Yəhudi başçıları şəfa tapan adama dedilər: «Bu gün Şənbə günüdür, döşəyini daşımaq sənə qadağandır». O adam onlara cavab verdi: «Məni sağaldan Şəxs mənə “döşəyini götür və yeri” dedi». Ondan soruşdular: «Sənə “götür və yeri” deyən Adam kimdir?» Lakin sağalan adam Onun kim olduğunu bilmirdi, çünki İsa o yerdə olan izdihama qarışmışdı. Bir az sonra İsa məbəddə həmin adamı tapıb dedi: «Bax sən sağaldın, bir də günah etmə ki, başına daha pis iş gəlməsin». O adam gedib onu sağaldan Şəxsin İsa olduğunu Yəhudi başçılarına bildirdi. Buna görə Yəhudi başçıları İsanı təqib etməyə başladılar,† çünki bunları Şənbə günü edirdi.

Təfsir 

Bu möcüzədə diqqətə layiq üç məqamı qeyd etmək olar.

1. Xahişin olmaması: xəstə İsadan ona şəfa verməsini xahiş etmir.

2. İsanı tanımamaq: O, İsanın kim olduğunu belə bilmir, halbuki İsa artıq möcüzələr göstərən kimi məşhur idi.

3. Xəbərdarlıq: Rəbb ona daha günah etməməyi əmr edir. Ehtimal ki, bu insan uzun illər davam edən xəstəliyinə baxmayaraq keçmişdə hansısa ağır günah etmişdi və ya düzgün olmayan həyat tərzi sürdürməkdə davam edirdi.

İlk iki məqam Allahın mərhəmətinin böyüklüyünü vurğulayır. Allah xəstə bəşəriyyətə doğru o, hələ şəfa diləməmişdən əvvəl əyilir. Bu, insanı özü axtaran saf və şərtsiz məhəbbətin təzahürüdür. Rəbbin son xəbərdarlığında — “Artıq günah etmə ki, sənin başına daha pis bir şey gəlməsin” — insanın mənəvi ölçüsü haqqında dərin qayğı oxunur. Burada əbədi həyatı geri dönməz şəkildə itirmək kimi ciddi bir təhlükə gizlənir. Biz çox vaxt bədənin sağlamlığı haqqında həddindən artıq narahat oluruq, halbuki ruhun xəstəliklərinə daha yüngül yanaşmağa meylliyik. Məhz buna görə Rəbb diqqətimizi buna yönəldir: O, bədəni sağaldır, lakin xatırladır ki, müqayisə olunmaz dərəcədə daha vacib olan insanın daxilən sağlam olmasıdır.

16 mart 2026, 19:11