2025.10.22 Vangelo della XXX domenica anno C / La Parabola del fariseo e del pubblicano

Liturgiya oxunuşları: 14 Mart. Böyük Orucun III həftəsinin şənbəsi

«Məbəddə farisey öz-özünə dua edir və başqalarına xor baxır; vergiyığan isə Allaha möhtac olduğunu etiraf edir. Kilsədə “mən” “biz”dən üstün olmamalıdır: təkəbbür bölünmələr yaradır və insanları kənarda qoyur. Biz vergiyığanın təvazökarlığını nümunə götürməliyik və yadda saxlamalıyıq ki, bir-birimizə möhtacıq. Məsih qəlbi təvazökar olanlarla qalır, özünü ucaldanlarla yox» (Papa XIV Leo).

BİRİNCİ OXUNUŞ Huşə 6,1-6

«Gəlin Rəbbə qayıdaq. O bizi parçaladı, O da bizə şəfa verəcək. O bizi yaraladı, O da yaramızı sarıyacaq. İki gün sonra bizi dirildəcək, üçüncü gün ayağa qaldıracaq və Onun hüzurunda yaşayacağıq. Gəlin Rəbbi tanıyaq, Onu tanımağa səy edək. O hökmən dan yeri kimi doğacaq, yağış kimi, torpağı sulayan yaz yağışı kimi yanımıza gələcək». Allah deyir: «Ey Efrayim, sənə nə edim? Ey Yəhuda, bəs sənə nə edim? Çünki məhəbbətiniz səhər dumanı, erkən uçub gedən şeh kimidir. Buna görə də sizi peyğəmbərlər vasitəsilə parçaladım, ağzımdan çıxan sözlərlə öldürdüm. Sizin üzərinizdə hökmüm şimşək kimi parıldayır. Çünki Mən qurban deyil, məhəbbət istəyirəm. Yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm».

Təfsir

Bugünkü parçanı anlamaq üçün peyğəmbər Huşənin şəxsi həyat hekayəsinə müraciət etmək lazımdır. O, bir fahişə ilə evləndi və qadın evləndikdən sonra da ona xəyanət etməyə davam edirdi. Buna baxmayaraq, Huşə onu bağışladı və ona hələ də inandığını dedi ki. Bu hekayədə İsrail xalqı özünü – «sadiq olmayan gəlin»i – tanıyır. Səhvlərini dərk edən xalq Allaha qayıtmaq istəyir: «Gəlin, qayıdaq. O bizi yaraladı – O da bizi sağaldacaq». Allahın cavabı eyni zamanda həm gözəl, həm də tələbkardır: «Bəli, qayıdın, Mənim istədiyim də budur. Amma bilirəm ki, sizin məhəbbətiniz sabit deyil, niyyətləriniz isə kövrəkdir». Sonra O, əsas sözləri deyir: «Mən qurban yox, mərhəmət istəyirəm; yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm». İsa Məsih fariseylərə cavab verərkən bu sözləri iki dəfə sitat gətirir; çünki onlar Qanuna sözün hərfi mənasında riayət edir, lakin məhəbbəti və Allahı həqiqətən tanımağı görməzdən gəlirdilər. Rəbb həmişə əhdə hazırdır, hətta bundan başqa heç nə arzulamır. Lakin O, bizdən qəlbimizi istəyir, dinləməyi və diqqətli olmağı istəyir. Əgər biz həqiqətən Onunla həqiqi məhəbbət ruhunda yaşasaq, O, keçmişdəki bütün «xəyanətlərimizi» bir anda silməyə hazırdır.

İNCİL Luka 18, 9-14

Özlərinin saleh olduğuna güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi: «Biri farisey, digəri isə vergiyığan olan iki nəfər dua etmək üçün məbədə girdi. Farisey ayaq üstə durub öz-özünə belə dua edirdi: “Ya Allah, Sənə şükürlər olsun ki, mən başqaları kimi soyğunçu, haqsız, zinakar ya da bu vergiyığan kimi deyiləm. Həftədə iki dəfə oruc tuturam, bütün qazandığımın onda birini verirəm”. Vergiyığan isə uzaqda durub gözlərini göyə qaldırmağa belə cəsarət etmirdi, amma sinəsinə vurub deyirdi: “Ya Allah! Mən günahkara rəhm et!” Sizə deyirəm ki, o farisey yox, vergiyığan evinə saleh sayılaraq getdi. Çünki özünü yüksəldən hər kəs aşağı tutulacaq, özünü aşağı tutansa yüksəldiləcək».

Təfsir 

Təkəbbürlü insana özünü daim başqaları ilə müqayisə etmək xasdır ki, beləliklə öz üstünlüyünü hiss etsin. Təkəbbürlü insan özünə və öz surətinə heyrandır və bu hissi qidalandırmaq üçün başqalarını alçaltmağa ehtiyac duyur. Belə təkəbbür insanı təkcə Allahın lütfündən məhrum etmir, həm də yaxınlara olan həqiqi məhəbbəti dağıdır; çünki insan artıq başqasını sevilməli qardaş kimi deyil, yalnız bir obyekt və ya daha aşağı bir varlıq kimi görməyə başlayır, halbuki onu «özünü sevdiyin» sevmək lazımdır. Bu İncil parçasında iki dua təqdim olunur – fariseyin duası və vergiyığanın duası. Burada duanın təsirliliyi həm də insanın yaxınları ilə münasibətləri prizmasından qiymətləndirilir. Birincisi başqalarına xor baxır, ikincisi isə təvazökardır və buna görə də başqalarını özündən üstün saymağa meyllidir. Nəticədə yalnız təvazökarın duası Allah tərəfindən qəbul edilir, çünki belə insan həqiqətdə yaşayır. Müqəddəs Körpə İsanın Terezası deyirdi ki, «təvazökarlıq həqiqətdir». Əksinə, təkəbbürlü insan bütpərəstlik içində yaşayır və yanılmanın qaranlığına qərq olur, buna görə də onun duası məqsədinə çatmır. Müqəddəs İoann Lestviçnik yazırdı: «Təkəbbürlü insana şeytan lazım deyil, çünki o özü özü üçün şeytana və düşmənə çevrilmişdir». Deməli, bu İncil mətni bizi yaxınlarımızı xor görərək mühakimə etməkdən çəkinməyə və Allah qarşısında həqiqi təvazökarlıq axtarmağa çağırır.

13 mart 2026, 23:29