Liturgiya oxunuşları: 13 mart. Böyük Orucun III həftəsinin cüməsi
BİRİNCİ OXUNUŞ Huşə 14,2-10
Dua sözləri ilə Rəbbə tərəf dönün. Ona belə deyin: «Hər qəbahətimizi bağışla, bizi mərhəmətlə qəbul et. Buğalar yerinə ağzımızdan çıxan şükürləri təqdim edirik. Aşşur bizi xilas etməyəcək, atların belinə minməyəcəyik, artıq əl işlərimizə “Allahlarımız” deməyəcəyik. Çünki yetim Səndən mərhəmət görəcək». «Onların dönüklüyünə əlac edəcəyəm, onları ürəkdən sevəcəyəm, çünki qəzəbim onlardan vaz keçdi. Mən İsrailə bir şeh olacağam, o, zanbaq kimi çiçək açacaq, Livan sidri kimi kök atacaq. Qollu-budaqlı olacaq, zeytun ağacı kimi gözəl olacaq, Livan sidri kimi ətir saçacaq. Adamlar yenə də kölgəsi altında oturub buğda kimi cücərəcək, meynə kimi tumurcuqlayacaq, şöhrəti Livan şərabı kimi olacaq. Efrayim deyəcək: “Artıq bütlər nəyimə gərəkdir?” Mən onun səsini eşidəcəyəm, ona nəzər salacağam. Mən həmişəyaşıl şam kimiyəm, sənin bar verməyin Məndən gələcək. Kim müdrikdirsə, bu sözləri dərk etsin, kim dərrakəlidirsə, bunları başa düşsün. Çünki Rəbbin yolları düzdür. Salehlər o yollarla gedir, ancaq üsyankarlar o yollarda büdrəyir».
Təfsir
Qarşımızda unikal bir hal durur: Allah insanın Ona hansı dua ilə müraciət etməli olduğunu Özü öyrədir: «Dua sözlərini götürüb Rəbbə tərəf dönün və Ona belə deyin». Əmin ola bilərik ki, əgər bu dua səmimi qəlbdən söylənərsə, mütləq eşidiləcəkdir, çünki onun müəllifi elə Rəbbin Özüdür. Bunlar məhz Onun bizdən eşitmək istədiyi sözlərdir. Bəs bu dua nə haqqındadır? «Aşşur bizi xilas etməyəcək...» sözləri ilə insan etiraf edir ki, siyasi və ya yer üzünə məxsus güc insanı xilas edə bilməz. Həmçinin bu dua bütpərəstlikdən imtina haqqındadır: «Artıq əl işlərimizə “Allahlarımız” deməyəcəyik». Günaha düşdükdən sonra insan rifaha aparan yolu özü qurmağa, bəlalardan isə öz gücü ilə qurtulmağa meyl edir. Biz Allaha güvənmək kimi təbii qabiliyyətimizi itirmişik. Lakin Yaradan olmadan biz kimik? Müqəddəs həvari Paul deyir: «Səndə elə nə var ki, onu almamış olasan?» (1 Korinflilərə 4,7). Nəticədə hər şey insanın Allaha möhtac olduğunu dərk etməsinə gətirib çıxarır. Eyni şəkildə «Göylərdə olan Atamız» duasında da İsa bizi səmavi Ataya əl uzadaraq Ondan istəməyə öyrədir və bizi Onun cavab verəcəyinə əmin olmağa çağırır. Gəlin Huşənin duasını öyrənək! Onu gündəlik həyatımızda tətbiq edək və ümidlə dua edərək yenidən Allah Ata qarşısında təvazökar asılılıq yoluna qayıdaq. O, bizi tanıyır və bizi sevir.
İNCİL Mark 12, 28b-34
İlahiyyatçılardan biri gəlib onların mübahisələrinə qulaq asdı və İsanın onlara yaxşı cavab verdiyini görüb Ondan soruşdu: «Əmrlərin ən əsası hansıdır?» İsa cavab verdi: «Əmrlərin ən əsası budur: “Dinlə, ey İsrail! Allahımız Rəbb yeganə Rəbdir. Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla, bütün düşüncənlə və bütün gücünlə sev”. İkincisi də budur: “Qonşunu özün kimi sev”. Bunlardan böyük əmr yoxdur». İlahiyyatçı Ona dedi: «Müəllim, Sən nə yaxşı dedin, həqiqəti söylədin. Allah yeganədir, Ondan başqası yoxdur. Onu bütün qəlbinlə, bütün ağlınla və bütün gücünlə sevmək, qonşunu da özün kimi sevmək yandırma qurbanlarının və başqa qurbanların hamısından daha vacibdir». Dərrakəli cavab verdiyini görən İsa ona dedi: «Sən Allahın Padşahlığından uzaq deyilsən». Bundan sonra heç kim İsadan bir şey soruşmağa cəsarət etmədi.
Təfsir
İncildə İsa iki əmri birləşdirərək onları vahid bir həqiqət kimi təqdim edir. Cavabında O, iki hökmü sitat gətirir: Allaha məhəbbət haqqında (Qanunun Təkrarından) və qonşuya məhəbbət haqqında (Levililər kitabından). Lakin Öz izahında Rəbb tək halda danışır: «Bunlardan böyük əmr yoxdur». Beləliklə, bu iki əmr bir əmrə çevrilir və artıq onları bir-birindən ayırmaq olmaz. Həvari Yəhya Birinci məktubunda bunu çox aydın ifadə edir: «Axı gördüyü qardaşını sevməyən görmədiyi Allahı sevə bilməz» (1 Yəhya 4,20). Allahın birləşdirdiyini insan ayırmamalıdır. Bunun səbəbi aydındır: məhəbbətin mənbəyi Uca Allahdır, çünki Allah məhəbbətdir. Allah nə edirsə, bunu məhəbbətlə edir, çünki məhəbbət Onun mahiyyətidir. Əgər Allah bizdə yaşayırsa, biz Müqəddəs Ruhda sevəcəyik və bu məhəbbəti qarşımızda olan hər şeyə yönəldəcəyik: hər şeydən əvvəl Allaha — çünki biz Ona tam şəkildə möhtacıq; sonra qardaşlarımıza — çünki Allah onlar üçün Öz Qanını töküb; və nəhayət bütün yaradılışa — çünki İlahi hikmət onu bizim ixtiyarımıza verib. İlahi məhəbbət özünü tamamilə bəxş edir, daşır və genişlənir. Sevən insan hesab aparmır: onun məhəbbətinin ölçüsü ölçüsüz olmaqdır.