Liturgiya oxunuşları: 12 mart. Böyük Orucun III həftəsinin cümə axşamı
BİRİNCİ OXUNUŞ Yer 7,23-28
Ancaq onlara bunu əmr edib dedim: ‹Sözümə qulaq asın. Onda Mən sizin Allahınız olacağam, siz də Mənim xalqım olacaqsınız. Hər barədə sizə əmr etdiyim yolla gedin ki, uğur qazanasınız›. Ancaq Məni eşitmədilər, qulaq asmadılar. Bunun əvəzinə öz istəklərinə, pis ürəklərinin inadkarlığına görə hərəkət etdilər, irəliyə deyil, geriyə getdilər. Atalarınız Misir torpağından çıxdıqları gündən bu günə qədər Öz qullarım olan peyğəmbərləri hər gün dəfələrlə yanınıza göndərdim. Amma Məni eşitmədilər, qulaq asmadılar, inadkarlıq etdilər, atalarından da pis işlər gördülər. Sən bütün bu sözləri onlara söyləyəcəksən, ancaq sənə qulaq asmayacaqlar, onları çağıracaqsan, ancaq sənə cavab verməyəcəklər”. Sən onlara söylə: “Bu həmin xalqdır ki, öz Allahı Rəbbin sözünə qulaq asmır və cəzadan ibrət almır. Onlarda həqiqət yox oldu, həqiqətdən heç danışmırlar.
Təfsir
Bu parçanın əsas vurğusu “dinləmək” felinin üzərindədir. Cəmi bir neçə sətir boyunca bu söz dəfələrlə təkrarlanır və bu təsadüfi deyil: bütün Əhdi-Ətiqdə dinləmək görməkdən üstün tutulur. Üstəlik, Müqəddəs Yazı açıq şəkildə bildirir ki, heç kim Allahı görüb sağ qala bilməz (Çıx 33,20). Bizdən daim Uca Allahın sözlərinə qulaq asmaq tələb olunur. Hətta Əhdi-Cədiddə də, İsanın Surətinin Dəyişilməsi zamanı Ata insanlara belə müraciət edir: “Bu Mənim sevimli Oğlumdur... Onu dinləyin” (Matta 17,5). Dinləmək – Allahı tanımağın həqiqi yoludur. Biz Xilaskarın Sözünü (Müqəddəs Kitab, Müqəddəs Ənənə, Kilsənin Təlimi və ya müqəddəslər vasitəsilə) qəbul etdikdə, bu Söz bizim içimizə daxil olur, içimizdə forma alır və varlığımızın dərinliklərini sarsıdır. Məhz bu anda Allah bizim varlığımızın daxilində real şəkildə mövcud olur.
İNCİL Luka 11,14-23
İsa bir adamdan lal olan bir cini qovurdu. Cin çıxandan sonra lal danışmağa başladı və camaat heyrətləndi. Amma onların bəzisi deyirdi: «O, cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur». Başqaları isə İsanı sınamaq üçün istədilər ki, göydən gələn bir əlamət göstərsin. Nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz içindən bölünmüş ev dağılar. Əgər Şeytan da öz daxilindən bölünübsə, onun padşahlığı necə davam gətirər? Siz də deyirsiniz ki, Mən cinləri Baal-Zevulun gücü ilə qovuram. Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq. Lakin Mən cinləri Allahın qüdrəti§ ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib. Əgər güclü bir adam təpədən-dırnağadək silahlanıb öz evini qoruyursa, onun əmlakı əmin-amanlıqdadır. Amma ondan güclüsü ona hücum edib qalib gələrsə, onda onun güvəndiyi silahları əlindən alıb talan mallarını bölüşdürər. Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır.
Təfsir
İsanın mülahizələri qüsursuz məntiq üzərində qurulub: Allah və şeytan bir-birinə tam zidd mövqedədir. Birinin olduğu yerdə digəri ola bilməz. Incilin başqa bir yerində Rəbb açıq şəkildə deyir: “Kim Mənimlə deyilsə, Mənə qarşıdır” (Luka 11,23). Məsihin qüdrəti məhz qaranlığın hökmdarını qovmasında təzahür edir. Getmək istəməyən şeytan isə Rəbbin varlığını ləkələməyə çalışır və Onu guya öz müttəfiqi kimi göstərmək istəyir. Fəriseylər İsanı cinləri Baal--Zevulun gücü ilə qovmaqda ittiham edirlər. Nə qədər də kor və qəzəblə doludur bu ittihamçılar, paxıllığın içində yanıb-yaxılan insanlar! Məsihin əməllərinə veriləcək doğru cavab – bizi şeytanın murdarlığından azad edən Allaha həmd və tərif nəğmələri söyləməkdir. İsanın olduğu yerdə şeytan çəkilib gedir: o, Onun müqəddəs yaxınlığına tab gətirə bilmir. Allahın Padşahlığının gəlişi Baal-Zevulun imperiyasının dərhal süqutu deməkdir. Şəri öz evimizdən və ya həyatımızdan qovmaq üçün rəsmi ekzorsist olmağa ehtiyac yoxdur. Diqqətlə, qətiyyətlə və canlı imanla İsanın və ya Məryəmin adını çağırmaq kifayətdir. Müqəddəs Jan Mari Vianney (Ars keşişi) deyirdi ki, səmimi və düzgün qəlbdən söylənmiş bir “Salam, mübarək Məryəm” duası belə bütün cəhənnəmi titrətməyə yetərlidir.