2024.01.09  MANOSCRITTO DEL VANGELO DI ELBASAN 1761 IN ALBANESE

Liturgiya oxunuşları: 11 Mart. Böyük Orucun III həftəsinin çərşənbəsi

“İsa Qanunu ləğv etmir, lakin insanı formal qaydaların fövqünə çıxmağa, onların dərin mənasını anlamağa çağırır. Allah insanı “hesabla” deyil, “tam ölçüdə” sevir. Həqiqi sevgi minimumla kifayətlənmir – o həmişə daha irəli gedir. Rəbb üçün ən əziz əmr isə budur: bir-birinizi Onun bizi sevdiyi kimi sevin. Məhz bu sevgi imana, Qanuna və həqiqi xristian həyatına məna bəxş edir” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Qan 4,1.5-9

İndi, ey İsraillilər, sizə öyrədəcəyim qaydalara və hökmlərə qulaq asın. Onlara əməl etsəniz, yaşayacaqsınız, atalarınızın Allahı Rəbbin sizə verəcəyi torpağa daxil olub oranı irs olaraq alacaqsınız. Baxın Allahım Rəbbin mənə əmr etdiyi qayda və hökmləri sizə öyrətmişəm ki, mülk olaraq almaq üçün daxil olacağınız torpaqda bunlara əməl edəsiniz. Onlara diqqətlə riayət edin. Bu, digər xalqlara nə qədər müdrik və aqil olduğunuzu göstərər. Onlar bu qaydaları eşidəndə deyəcəklər ki, bu böyük millət, həqiqətən, müdrik və aqil bir xalqdır! Allahımız Rəbb hər dəfə dua edərkən bizə yaxın olar. Axı hansı millət belə üstündür ki, Allahı ona bu cür yaxın olsun? Hansı millət belə üstündür ki, bu gün qarşınıza gətirdiyim bu Qanun kimi ədalətli qaydalara və hökmlərə malik olsun?

Təfsir

Allah Öz xalqını sadəcə itaətin özü naminə sədaqətə çağırmır. Onun məqsədi budur ki, bu Qanunun hikmətinə və Öz xalqına bəxş etdiyi nemətlərə heyran qalan başqa xalqlar da Ona üz tutsunlar. İsrail bütün dünya üçün nur, böyük mənəvi və əxlaqi yön göstərən bir mayak olmağa çağırılmışdır. Lakin burada mühüm bir məqam var: xalq sədaqətli olduqda, Allahın məhəbbətinin canlı nümunəsinə çevrilir; əgər sədaqəti pozarsa, başqa xalqların onların Allahına olan etibarı sarsılır və böyük missiya təhlükə altına düşür. Allah ilə xalq arasında bağlanan əhd yalnız İsrail üçün deyil. Onun daha geniş, ümumbəşəri məqsədi var idi: Məsihin gəlişinə yol hazırlamaq. Sədaqətin, ibadətin və Qanuna riayət etməyin sayəsində dünya Xilaskarın hamıya aşkar olsunmasına hazırlanırdı. Bütün bunlar birbaşa bizim şəxsi həyatımıza da aiddir. Dirilmiş Məsihlə birliyimiz yalnız özümüzlə məhdudlaşmır. O, yaxınlarımızın hər birinə, həyatımızın bir hissəsi olan hər kəsə təsir edir. Biz ya ətrafımızdakılar üçün Məsihi işıqlandırırıq, ya da kölgədə qoyuruq.

İNCİL Matta 5, 17-19

Sanmayın ki, Mən Qanun və Peyğəmbərlərin sözlərini ləğv etmək üçün gəldim. Mən onları ləğv etmək üçün yox, yerinə yetirmək üçün gəldim. Sizə doğrusunu deyirəm: göy və yer keçib getmədən, hər şey icra olmadan Qanundan ən kiçik bir hərf və ya bir nöqtə belə, yox olmayacaq. Beləliklə, bu əmrlərdən ən kiçiyindən birini kim pozarsa və başqalarına da bu cür öyrədərsə, Səmavi Padşahlıqda ən kiçik sayılacaq. Amma kim bu əmrləri yerinə yetirər və başqalarına da öyrədərsə, Səmavi Padşahlıqda böyük sayılacaq.

Təfsir 

Rəbb bildirir ki, Qanundan heç bir hərf, heç bir nöqtə yox olmayacaq. İlk baxışdan elə görünə bilər ki, müqəddəs Paul Qanunun artıq öz gücünü itirdiyini və sünnətin heç bir əhəmiyyət daşımadığını deyərək Rəbbin bu sözlərinə qarşı çıxır (1 Kor 7,19). Əslində isə həvari Qanun vasitəsilə təkbaşına bəraət qazanmağın mümkün olmadığını nəzərdə tutur: biz yalnız zahiri qaydaların mexaniki yerinə yetirilməsi ilə deyil, Məsihə iman vasitəsilə xilas oluruq. Əmrlər bizim üçün də qüvvədə qalır, lakin onların rolu dəyişmişdir. İndi onlar bizə doğru yolda qalmağa və yoldan azmamağa kömək edir; Rəbbin iradəsinə itaət vasitəsilə Xilaskarı daha dərindən tanımağı; Onu daha böyük məhəbbətlə sevməyi öyrədir. Cənnətdə əmrlər olmayacaq – orada İsanın Özü olacaq. Lakin biz artıq indi, Kilsənin qanununa, Təliminə və nəsihətlərinə əməl edərək əbədi həyata hazırlaşırıq. Bu “öyrənmənin” məqsədi sadəcə bilik toplamaq və ya “nümunəvi davranış diplomu” qazanmaq deyil. Əsl mahiyyət budur ki, Allahı bütün qəlbimizlə sevək və yaxınlarımızı özümüz kimi sevək. Bu məhəbbətə aparan yol əmrlərə riayət etməkdən keçir. İsanın dediyi kimi: “Əgər Məni sevirsinizsə, Mənim əmrlərimə əməl edin” (Yəh 14,15).

11 mart 2026, 08:17