Liturgiya oxunuşları: 10 Mart. Böyük Orucun II həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Dan 3,25.34-43
Aved-Neqo (Azarya) ayağa qalxaraq dua etdi, ağzını açaraq odun içərisində yüksək səslə car çəkdi: “Öz ismin naminə aramızdakı əhdi pozma, bizi həmişəlik tərk etmə, sevdiyin İbrahimə görə, qulun İshaqa görə və Sənin müqəddəsin İsrailə görə bizdən Öz mərhəmətini əsirgəmə. Sən onlara gələcək nəsillərini göydəki ulduzlar qədər və dəniz kənarındakı qum dənələri qədər çoxaldacağına dair söz vermişdin. Amma indi, Rəbbim, bütün millətlərdən də çox alçalmışıq və günahlarımızdan ötrü bütün millətlər arasında gözdən düşmüşük. İndi hal hazırda nə padşahımız, nə peyğəmbərimiz nə rəhbərimiz nə yandırma qurbanlarımız, nə qurmanlarımız, nə təqdimlərimiz, nə buxur yandırmalarımız və nə də Sənə qurbanlar təqdim edərək Sənin mərhəmətini əldə etməyimiz üçün bir yerimiz var. Amma Sən yalnız sarsılan ürəyimiz və itaətli ruhumuzla bizi qəbul et. Qurban verilən qoçlar, öküzlər və təqdim edilən minlərlə kökəldilmiş quzular kimi, Sənin qarşında verdiyimiz təqdimlərimiz Sənə məqbul olsun; çünki Sənə ümid edənlər utanmazlar. İndi bütün qəlbimizlə Sənin ardınca gediri, Səndən qorxuruq və Sənin üzünü axtarırıq. Bizi rüsvay etmə amma bizimlə Öz iltifatına və bol mərhəmətinə görə rəftar et. Öz mövüzələrinin qüdrəti ilə bizi qurtar və Öz ismini izzətləndir, ya Rəbb.”
Təfsir
Azarya və onun yoldaşları əlləri və ayaqları bağlı halda alovlu ocağa atılırlar. Onlar dərhal həlak olmalı idilər, lakin bunun əvəzinə möcüzə baş verir: əsirlər bağlardan azad olur və zərər görmədən qalırlar. Alov onlara heç bir ziyan yetirmir. Öz qələbələri barədə qışqırmaq əvəzinə onlar daha da təvazökar olur və Allaha heyranedici bir dua ilə müraciət edirlər. Onlar Qanuna itaətsizlik etdiklərini etiraf edir, günahlarını kəffarə edərək sürgündə olmaqlarının haqlı olduğunu qəbul edir və məhz ən böyük sınaq anında, ölümün qaçılmaz göründüyü vaxt Allahdan cavab alırlar – sağ qalır və qızğın ocağın içində gəzişirlər. Bizim üçün də günahlarımızı etiraf etmək vacibdir. Biz fiziki alovu nə görür, nə də hiss edirik, amma o mövcuddur. Bəlkə də bu, daxili cəhənnəmimizin alovudur? Yaxud da indiki sınaqlarımızın bir növ ərafıdır? Bu çətinliklər hər şeydən əvvəl Allahın bizi saflaşdırdığının əlamətidir. Hamımız müəyyən mənada “ocağın” içindəyik, lakin məhz burada Allahla barışığımız baş verə bilər. Əgər səhvlərimizi dərk etsək və yenidən Allahın bağışlamasının gücünü elan etsək, o zaman alov artıq bizə zərər verə bilməyəcək.
İNCİL Matta 18,21-35
O zaman Peter gəlib İsaya dedi: «Ya Rəbb! Qardaşım mənə qarşı günah işlədərsə, neçə dəfə mən onu bağışlamalıyam? Yeddi dəfəmi?» İsa ona dedi: «Sənə deyirəm: yeddi dəfə yox, yetmiş dəfə yeddi. Ona görə də Səmavi Padşahlıq öz qulları ilə hesablaşmaq istəyən bir padşaha bənzəyir. Hesablaşmağa başladığı zaman onun yanına on min talant borcu olan biri gətirildi. Amma onun ödəməyə bir şeyi olmadığı üçün ağası əmr etdi ki, özü, arvadı, uşaqları və bütün malı satılaraq borcunu ödəsin. Elə bu vaxt qul yerə qapanıb ona səcdə edərək dedi: “Səbir et! Mən hamısını ödəyəcəyəm”. Ağasının o qula rəhmi gəldi, onu buraxdı və borcunu bağışladı. Amma o qul kənara çıxıb ona yüz dinar borclu olan bir yoldaşını tapdı. Onu yaxaladı və “Borcunu ödə!” deyərək boğmağa başladı. Yoldaşı yerə qapanıb ona “səbir et, borcunu ödəyəcəyəm” deyə yalvardı. O isə istəmədi. Gedib borcunu ödəyənə qədər onu zindana saldırdı. Ağanın digər qulları baş verən hadisəni görəndə çox kədərləndilər və gedib bütün olanı ağalarına nəql etdilər. Onda ağa o qulu yanına çağırıb dedi: “Ey pis qul, bütün o borcu sənə bağışladım, çünki mənə yalvardın. Mən sənə mərhəmət etdiyim kimi sən də yoldaşına mərhəmət etməli deyildinmi?” Ağası qəzəblənib bütün borcunu ödəyənə qədər onu işgəncə verənlərə təslim etdi. Hər biriniz qardaşlarınızı ürəkdən bağışlamasanız, Səmavi Atam da sizə elə edər».
Təfsir
Biz insanlara münasibətdə bağışlama Allahın ən uca əməllərindən biridir. İsa bunu dəfələrlə vurğulayır: həm bugünkü məsəldə, həm də Onun bizə öyrətdiyi “Rəbbin duası”nda. Bu duanı O belə sözlərlə tamamlayır: «Əgər siz insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayacaq» (Matta 6,14). Bu, Onun üçün həqiqətən çox vacibdir. Ata bağışlayırsa, biz də kimisə səmimi qəlbdən bağışladığımız zaman Onun müstəsna haqqından pay alırıq və beləliklə, Onun həyatında iştirak etmiş oluruq. Heç bir başqa əməl bizi Allaha bu qədər yaxınlaşdırmır və Onunla bu qədər eyniləşdirmir. Biz bağışlamağa sözün əsl mənasında susamalıyıq: ruhumuzu təmizləmək üçün hər fürsəti axtarmalı və başqasını bağışlamaq üçün səbəblər tapmalıyıq. Dini ibadət, dua və səcdə bizdən o qədər də böyük qurban tələb etmir. Lakin bizi incitmiş insanı bağışlayarkən biz özümüzü məğlub etməli, sırf insani maneələri aşmalı, içimizdəki instinktiv müqaviməti boğmalı və yaxınımızın ürəyinə daxil olaraq onu Allah məhəbbətinin “təmiz ətri” ilə doldurmalıyıq. Bağışlama həqiqi ikinci doğuluşdur: həm biz onu Tövbə Sirrində Allahdan qəbul edəndə, həm də özümüz başqalarına bəxş edəndə. Əgər hamı hamını bağışlaya bilsəydi, yer üzü artıq indi cənnətə çevrilərdi.