Liturgiya oxunuşları: 1 APREL. Müqəddəs çərşənbə
BİRİNCİ OXUNUŞ Yeşaya 49,1-6
Yorğunlara sözlə dayaq olmağı bilim deyə Xudavənd Rəbb mənə savadlıların dilini verdi. O hər səhər qulağımı oyadır ki, savadlı adamlar kimi dinləyə bilim. Xudavənd Rəbb qulağımı açdı, mən qarşı durmadım, geri çəkilmədim. Məni döyənlər üçün belimi açdım, üzümü saqqalımı yolanlara tərəf uzatdım. Təhqirlərdən, tüpürcəklərdən üzümü gizlətmədim. Xudavənd Rəbb mənə kömək etdiyinə görə utanmayacağam. Buna görə də üzümü çaxmaq daşı kimi etdim. Bilirəm ki, əsla xəcalət çəkməyəcəyəm. Mənə haqq qazandıran yaxındadır. Mənimlə kim mübahisə etmək istəyir? Qoy mənimlə üz-üzə gəlsin. Kimdir rəqibim? Qoy yanıma gəlsin. Mənə kömək edən Xudavənd Rəbdir. Kim məni təqsirkar çıxara bilər?
Təfsir
Rəbbin Qulu hər şeydən əvvəl Allahı dinləyir, Onun sözü ilə “dolur”, Allahın ona dediyi hər şeyi ən yaxşısı kimi qəbul edir və sonra öz əməllərini bu iradəyə uyğunlaşdırır. Adəm məhz bunu etmədi: onun xoşbəxtlik üçün hər şeyi var idi, lakin Allahın ona verdiyi yeganə əmri – bağın ortasında olan ağacdan yeməməyi – dinləmədi. Əksinə, Allah Rəbbin Qulundan əzab çəkməyi, “kürəyini qamçılayanlara açmağı” istədikdə, o geri çəkilmir. Burada İsanın missiyası təsvir olunduğuna görə inanmalıyıq ki, bu qədər ağır iztirablar hər şeydən əvvəl itaət aktı idi. Allah insan bədənini qəbul edir ki, Adəmin itaətsizliyini aradan qaldırsın, insan günahının nəticələrini (əzab və ölümü) sevginin ən uca təzahürü kimi Öz üzərinə götürsün. Gəlin Məsihin əzablarını axıb-daşan sevgi kimi seyr edək. İtaət saf sevginin aktıdır. Bu, bizə də aiddir, çünki Allahın iradəsi həmişə tamamilə xeyirli və xilasedicidir.
İNCİL Matta 26,14-25
O zaman On İki şagirddən Yəhuda İskaryot adlı biri başçı kahinlərin yanına gedib dedi: «Onu sizə təslim etsəm, mənə nə verərsiniz?» Onlar da Yəhudaya otuz gümüş təklif etdilər. O vaxtdan Yəhuda İsanı təslim etmək üçün fürsət axtarmağa başladı. Mayasız Çörək bayramının ilk günü şagirdlər İsanın yanına gəlib dedilər: «Sənin Pasxa yeməyin üçün harada hazırlıq görməyimizi istəyirsən?» O da cavab verdi: «Şəhərə girib filankəsin yanına gedin və ona deyin: “Müəllim deyir: ‹Vaxtım yaxınlaşdı, şagirdlərimlə birgə Pasxanı sənin evində keçirəcəyəm›”». Şagirdlər İsanın əmrini yerinə yetirərək Pasxa yeməyi üçün hazırlıq etdilər. Axşam düşəndə İsa On İki şagirdi ilə birgə süfrəyə oturdu. Onlar yemək yeyərkən İsa dedi: «Sizə doğrusunu deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək». Onlar çox kədərlənib bir-bir Ondan soruşdular: «Ya Rəbb, mən deyiləm ki?» O cavab verib dedi: «Mənimlə birlikdə əlini qaba batıran Mənə xəyanət edəcək. Bəşər Oğlu Özü barəsində yazıldığı kimi gedir. Amma vay o adamın halına ki, Bəşər Oğluna xəyanət edir! O adam heç doğulmasaydı, onun üçün daha yaxşı olardı». Ona xəyanət edən Yəhuda «Rabbi, mən deyiləm ki?» deyə soruşdu. İsa da ona «sən dediyin kimidir» dedi.
Təfsir
Dost xəyanəti insanın yaşaya biləcəyi ən acı təcrübələrdən biridir. Biz dosta güvənirik, ona ən gizli olanları, sirlərimizi açırıq, bizi bir birimizə bağlayan qarşılıqlı münasibətdə təsəlli tapırıq. Biz sevgi üçün yaradılmışıq və dost naminə hər cür qurban verməyə hazırıq. İsa bu təcrübəni də yaşamaq istədi ki, insan xəyanətinin dərin “qara boşluğunu” belə Öz məhəbbəti ilə doldursun, bu şeytani insan əməlini Öz xeyirxahlığı ilə işıqlandırsın. İsanın qınayıcı sözləri yoxdur; əksinə, O, Yəhuda ilə bir parça çörəyi bölüşür (bu isə dostluq rəmzidir) və daha sonra Getsemanidə onu “dost” adlandırır. Xəyanət edən insan bizdə instinktiv olaraq dəhşət doğurur və dərhal qisas almaq istəyi oyadır. Lakin Rəbb bizi bu hissi aşmağa öyrədir və Özü necə davranıbsa, elə davranmağa çağırır: O, sakit qalır, hadisələrin öz axarı ilə getməsinə imkan verir. O, nifrət etmir, çünki Rəbb Məhəbbətdir. Əgər xəyanət edən tövbə etməzsə, öz aqibətinə doğru gedəcək, lakin təhqir olunan tərəfə gəlincə – İsa bağışlayır: «Məhəbbət hər şeyi örtür» (1 Kor 13,7). Əzablar zamanı biz yalnız Rəbbin cismani əzablarını deyil, ondan daha dərin olan mənəvi iztirablarını da seyr edirik. O, hər şeyi dərk etdiyi üçün hər şeyi də xilas etdi.