Liturgiya oxunuşları: 8 FEVRAL. Adi Dövrün V Rəbb günü
BİRİNCİ OXUNUŞ Yeşaya 58, 7-10
Yediyiniz çörəyi acla bölüşdürmək, yurdsuz kasıbları evinizə gətirmək deyilmi? Mənim istədiyim oruc bu deyilmi? Çılpaq görəndə geyindirmək, yaxınlarınızdan köməyinizi əsirgəməmək deyilmi? Onda nurunuz şəfəq kimi saçacaq, tezliklə şəfa tapacaqsınız, qarşınızda salehliyiniz gedəcək, Rəbbin izzəti sizə arxa olacaq. O vaxt Rəbbi köməyə çağıracaqsınız, Rəbb cavab verəcək. Fəryad edəcəksiniz, O sizə “buradayam” deyəcək. Əgər siz boyunduruğu, yəni başqalarına zülm etməyinizi aranızdan rədd etsəniz, barmaq uzadıb şər sözlər söyləməyə yol verməsəniz, Can-dildən acların qayğısına qalsanız, fəqirlərin ehtiyaclarını ödəsəniz, nurunuz qaranlıqda parlayacaq, qaranlığınız günorta işığı kimi nur saçacaq.
Təfsir
Peyğəmbər Yeşayanın səsi onun müasirlərini Allahla barışıqda olmaq üçün yalnız “zəruri minimum”la kifayətlənməməyə, ürəklərini açmağa və səxavətli olmağa çağırır. Nəhayət, Rəbb Özünü həqiqətən səxavətli kimi göstərir: çünki O, yaradılış nemətləri və bizə göndərilən lütfdən əlavə, sonradan Həyat Çörəyini – yəni Özünü bizə Allah-İnsan şəklində bəxş edir. O, Özünü Yevxaristiyada bizə təqdim edir və bizi Öz ilahi həyatının iştirakçılarına çevirir. Allah səxavətlidir və səxavəti yüksək qiymətləndirir. Biz bir-birimizə kömək etməli, yardım əlimizi uzatmalı, bir-birimizi sevərək və bizdən daha az imkanı olanlara dəstək olaraq Məsihin ailəsini qurmalıyıq. Burada söhbət kənardan keçilə bilməyən, çox konkret məsələlərdən gedir; başqalarının qardaşlarımızın ehtiyaclarını qarşılayacağını düşünərək məsuliyyətdən yayınmaq olmaz. Biz bir bədənik və bu bədənin üzvləri bütün bədənin ən yaxşı şəkildə fəaliyyət göstərməsi üçün birgə çalışırlar. Yaxınımızı sevərək biz Allahın məhəbbətinə özümüzü açırıq və bu məhəbbətlə doluruq; bunun bəhrəsini isə ilk növbədə özümüz görürük. Səxavət bizi sevindirir, çünki Rəbb səxavətli ruhları həmişə mükafatlandırır
İKİNCİ OXUNUŞ 1 Kor 2, 1-5
Ey qardaşlar, mən Allah barəsində sirli həqiqəti elan etmək üçün sizə gələndə yüksək natiqlik və müdrikliklə gəlmədim. Çünki mən aranızda olanda İsa Məsihdən, yəni çarmıxa çəkilmiş Şəxsdən başqa heç bir şey bilməməyi qərara aldım. Yanınıza zəiflik, qorxu və böyük lərzə içində gəldim. Mənim sözüm də, vəzim də müdrikliyin inandırıcı sözlərindən deyil, Ruhun qüdrətini göstərməsindən asılı idi. Belə ki imanınız insan müdrikliyinə yox, Allahın qüdrətinə əsaslansın.
Təfsir
Müqəddəs Jan Vianney intellektual baxımdan çox məhdud qabiliyyətlərə malik idi. Onun yaddaşı zəif idi və keşişliyə gedən yolda imtahanları tez-tez uğursuzluqla başa vururdu. O, bazar günü söyləmək istədiyi fikirləri unutmasın deyə moizələrini bir neçə gün əvvəldən yazırdı. Lakin o, böyük bir müqəddəs idi: Rəbb haqqında danışarkən tez-tez kövrəlib ağlayırdı və insanları hətta onun sadəcə İsanın adını necə tələffüz etməsi belə heyrətləndirirdi. Bu, bir həqiqəti açıq şəkildə göstərir: insanı imana gətirən şey, Müqəddəs Paulun dediyi kimi, sözün “üstünlüyü” deyil, müqəddəslikdir — yəni Məsihin bir insanın həyatını kökündən dəyişdirməsidir. Xristian hər zaman müəyyən mənada “bu dünyadan olmayan” biridir və məhz bu hal sirli şəkildə cəlbedici olur. Hətta yüksək səviyyədə təhsil almış, sanki ilahiyyat üzrə “doktorluq dərəcəsinə” sahib olan Müqəddəs Paul belə, İsanı çarmıxa çəkilmiş kimi təbliğ edir və özünü Onun tərəfindən fəth edilmiş, Onun qüdrəti ilə bürünmüş biri kimi təqdim edir. Xristian həyatı bu görüşün canlı şahidliyidir. Məhz gözlərdəki yaşlardşdır qəlbləri ram edən, məhz Rəbbə olan məhəbbətdir cəlb edən və inandıran, məhz müqəddəslikdir insanı nurlandıran.
İNCİL Matta 5, 13-16
Siz yer üzünün duzusunuz. Amma duz öz dadını itirərsə, nə ilə duzlanar? Artıq çölə atılıb insanlar tərəfindən tapdalanmaqdan başqa bir şeyə yaramaz. Siz dünyanın nurusunuz. Dağın zirvəsində qurulan şəhər gizli qala bilməz. Heç kim çırağı yandırıb qabın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, evdəkilərin hamısını işıqlandırsın. Eləcə də sizin nurunuz insanların qarşısında elə parlasın ki, onlar xeyirxah işlərinizi görüb göylərdə olan Atanızı izzətləndirsinlər.
Təfsir
Birinci əsrin yunan-roma dünyası xristianlıq tərəfindən şəhidlərin və müjdəçilərinin parlaq şahidliyi sayəsində sanki “fəth olundu”. O dövrlərdə nə qəzetlər vardı, nə kompüterlər, nə internet, nə də sosial şəbəkələr: insanlar piyada hərəkət edir, ünsiyyət isə tamamilə şəxsi xarakter daşıyırdı. Xristianlar heyrətamiz bir iman nümayiş etdirirdilər: onlar, bir-birini sevərək, möcüzələr göstərərək və bütün həyatlarını Səmavi Padşahlığa yönəldərək dünyaya misilsiz bir ruh gətirdilər. Şəhidlər Məsihlə birlikdə daha gözəl bir həyata doğru getdiklərinə qəti əmin idilər və hətta əzablar içindəki ölüm onlar üçün lütf sayılırdı (Müqəddəs Perpetua və Müqəddəs Felisitatanın, Müqəddəs Polikarpın, Müqəddəs Antioxiyalı İqnatinin şəhadəti haqqında oxumaq kifayət edə). Bunu görən bir çox insanlar Allaha üz tuturdu; çünki əgər Məsihlə həyat və əbədi həyata sahib olmaq bu qədər gözəldirsə, deməli, Müqəddəs Ruhu qəbul edib vəftiz olunmağa həqiqətən dəyərdi. Hər şey yeniləndi. Qoy bu sözlər şişirtmə kimi səslənməsin — cəmi bir neçə onillik ərzində xristianlıq o vaxt tanınan bütün dünyanı əhatə etdi. İnsanları inandıran və valeh edən isə xristianların səmimi, riyasız sevinci idi. Bu sevinc özünüucaltma deyildi, əksinə, var Olan və Dirilmiş Məsihlə real bir görüşün bəhrəsi idi.