Liturgiya oxunuşları: 7 FEVRAL. Adi Dövrün IV həftəsinin şənbəsi
BİRİNCİ OXUNUŞ 3 Pad (1 Pad) 3, 4-13
Padşah qurban gətirmək üçün Giveona getdi, çünki ora səcdəgahların ən böyüyü idi. Süleyman o qurbangahda min baş yandırma qurbanı təqdim etmişdi. Giveonda Rəbb Süleymana gecə vaxtı yuxuda göründü. Allah dedi: «Nə istəyirsən, sənə verim?» Süleyman dedi: «Sən qulun atam Davuda böyük xeyirxahlıq göstərdin, çünki o Sənin önündə sadiq və saleh işlər görürdü, düz qəlblə Səninlə idi. Bu gün də taxtında oturan bir oğul verməklə ona Öz böyük xeyirxahlığını saxladın. İndi, ya Rəbb Allahım, Öz qulunu atam Davudun yerinə padşah etdin. Ancaq mən çox cavanam, nə edib-etməyəcəyimi bilmirəm. Qulun Sənin seçdiyin xalqın – saysız-hesabsız böyük bir kütlənin arasındadır. İndi mənə elə bir dərrakəli ürək ver ki, yaxşı ilə pisi ayırd edib Sənin xalqına hökm edə bilim. Başqa cür Sənin bu böyük xalqını kim idarə edə bilər?» Süleymanın bu istəyi Xudavəndin gözünə xoş gəldi. Allah ona dedi: «İndi ki özün üçün uzun ömür, var-dövlət və düşmənlərinin canını istəmədin, bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin, Mən istəyini yerinə yetirirəm: sənə elə bir hikmətli və dərrakəli ürək verirəm ki, sənin kimisi nə səndən əvvəl olmuş, nə də səndən sonra olacaq. Hətta sənə istəmədiyini – var-dövləti də, şöhrəti də verirəm; belə ki bütün ömrün boyu padşahlar arasında sənin kimisi olmayacaq.
Təfsir
Süleyman tarixə “müdrik padşah” kimi daxil olmuşdur. Lakin o, padşah olanda cəmi on səkkiz–on doqquz yaşlarında idi! Və Allah ona nə istəsə bəxş etməyə hazır olduğunu bildirdikdə, Süleyman xalqı düzgün idarə etmək bacarığını — yəni “hökm verməkdə dərrakə”ni diləməklə həqiqi müdriklik nümayiş etdirir. Bununla o, elə qərarlar qəbul etməyi arzulayır ki, bu qərarlar Allahın iradəsinə uyğun olsun və nəticədə xalq da Allahın istədiyini yerinə yetirsin. Bu, onun müdrikliyinin ilkin təzahürü idi və məhz bu müdriklik onun hakimiyyəti dövründə ölkəyə rifah gətirdi. Sonda, Süleyman Allahın lütfünü itirəcək, lakin bu, xalqa münasibətdə yol verdiyi səhvlərə görə deyil, şəxsi seçimlərinə görə baş verəcək: o, bütpərəst qadınlarla evlənmiş, onlar isə saraya öz adət-ənənələrini və bununla birlikdə öz tanrılarını gətirmişdilər. Bu isə bizə göstərir ki, idarə edənlər və ya məsul vəzifə daşıyanlar üçün ən vacib olan, qərarlarını yalnız şəxsi maraqlara əsaslandırmaq deyil, onlara etibar edilmiş insanlar üçün həqiqi xeyrin nədən ibarət olduğunu Allahdan soruşmaqdır.
İNCİL Mark 6, 30-34
Həvarilər İsanın yanına yığıldı və gördükləri işlər, öyrətdikləri təlim haqqında Ona nəql etdilər. İsa onlara dedi: «Gəlin kimsəsiz yerdə bir az dincəlin». Çünki gəlib-gedən çox olduğundan yemək yeməyə belə, vaxt tapmırdılar. Onlar da ayrılıb qayığa minərək hər biri təkbaşına kimsəsiz bir yerə getdilər. Gedərkən camaat onları gördü və çoxu tanıdı; bütün şəhərlərdən axışıb piyada getdilər, onlardan qabaq oraya çatdılar. İsa sahilə düşəndə böyük bir izdiham gördü və onlara rəhmi gəldi. Çünki onlar çobansız qoyunlara bənzəyirdi. İsa onlara çox şeylər haqqında təlim öyrətməyə başladı.
Təfsir
Ruhların xeyri naminə “zəhmət çəkmək” tələb olunduqda, istirahət də, aclıq hissi də arxa plana keçir. Doğrudan da, həyat qısadır, ruhların ehtiyacı isə böyükdür; buna görə də Allaha möhtac olan insanlara layiqli mənəvi qida vermək üçün əziyyət çəkməyə və səbir göstərməyə dəyər. Sonradan isə Cənnətdə istirahət etmək üçün bizə bütün bir əbədiyyət veriləcəkdir (axı biz mərhumlar üçün dua edərək belə deyirik: “Əbədi rahatlıq bəxş et onlara, ya Rəbb…”).
Rəbb İsa bizə ən ali səbr nümunəsini təqdim edir və bu səbr Onun ardıcıllarında da olmalıdır. Başqasının qəlbini möhkəmləndirmək, ruhu doğru yola yönəltmək, yaraya məlhəm olmaq lazım gəldikdə hər cür yorğunluq kənara qoyulmalıdır. Müqəddəslərin həyatı buna açıq sübutdur: Müqəddəs Sienalı Yekaterinanın qidası son dərəcə kasad idi; Padre Pio çox az yatırdı; Müqəddəs Lui Mariya Qrinyon de Monfor Müjdəni təbliğ etmək üçün daim bir kənddən digərinə keçər, hətta əlində xaç tutaraq meyxanalara və pozğunluq yuvalarına belə daxil olar, hamını xristian həyatına çağırardı. Müqəddəs Luici Orionenin devizi isə belə idi: “Ruhlar! Ruhlar!”. O da özünü əsirgəməzdi: bəzən gecələr paltarlı halda, kürəyini divara söykəyərək skamyada yatırdı ki, ona etibar edilmiş insanların ardınca getməyə hər an hazır olsun. Bu, mübaliğədirmi? Xeyr. Bu, insanlara həqiqi xeyri və əbədi xilas yolunu çatdırmaq arzusudur.