2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 6 FEVRAL. Adi Dövrün IV həftəsinin cüməsi

“Müqəddəs Vəftizçi Yəhyanın şəhadəti bizə xatırladır ki, Məsihə və Həqiqətə olan məhəbbətdə güzəştə yer yoxdur. Xristianlıq İncilə sədaqətin gündəlik “şəhadətini” tələb edir...Bu isə yalnız Allahla canlı və davamlı əlaqə vasitəsilə mümkündür. Dua vaxt itkisi deyil, əksinə, çətinlikləri aşmaq və həyatımızda Allaha birincilik verən cəsarətli şəhadəti qorumaq üçün güc mənbəyidir” (Papa XVI Benedikt).

BİRİNCİ OXUNUŞ Sir 47,2-13

Ünsiyyət təqdimlərindən ayrılan piy kimi Davud da İsraillilər arasından seçilmişdir. Oğlaqlarla oynayan kimi, aslanlarla oynayardı, sürüdəki quzularla oynayan kimi, ayılarla oynayardı. Cavanlığında nəhəngi öldürmədimi? Xalqını məzəmmətdən qurtarmadımı?  O vaxt sapand daşı olan əlini qaldırmışdı, Qolyatın qüruruna son qoymuşdur. Çünki o, Uca Olanı – Rəbbi çağırmışdı, Rəbb də onun sağ əlinə qüvvət vermişdi ki, döyüşdə güclü olan adamı öldürsün, Öz xalqının qüdrətini ucaltsın. Bu səbəbdən çoxlu düşmənə qalib gələn kimi Davudu izzətləndirdilər. Rəbbin verdiyi xeyirdualar ötrü onu alqışladılar, ona izzət tacı təklif etdilər. Belə ki, o, ətrafdakı düşmənləri məhv etdi, əleyhdarları olan Filiştlilərə həqarət etdi, onların qüdrətini qırdı, indiyə qədər də bu vəziyyətdədilər. O, bütün əməlləri zamanı izzət sözləri ilə Müqəddəs Olana, Uca Olana şükür edirdi. Bütün qəlbi ilə ilahi oxuyurdu, Öz Yaradanını sevirdi. O, qurbangahın qarşısına məzmur oxuyanlar qoydu ki, onların səsi ilə musiqi ahəngi gözəlləşsin. O, bayramları təntənə ilə qeyd etdi, onları il ərzində vaxtında keçirdi. Ta ki xalq Rəbbin müqəddəs adına şükür etsin, səhər erkəndən məbəddə səs ucalsın. Rəbb onun günahlarını götürdü, qüdrətini əbədi olaraq ucaltdı. Ona padşahlıq əhdi bəxş etdiŞ İsraildə izzət taxtı verdi.

Təfsir

Sirax Kitabının son fəsilləri imanları və əməlləri ilə Allahı ucaldan şəxslərin tərifinə həsr olunmuşdur. Onların arasında, əlbəttə ki, Davud da vardır. Məlumdur ki, o, ağır günahlar törətmişdi; lakin o, məhz bununla böyük idi ki, öz günahının qarşısında ruhdan düşmədi, səmimi şəkildə bağışlanma dilədi; bağışlandı və sona qədər irəlilədi. İsrail tarixi bizim bu gün etdiyimiz kimi hadisələr vasitəsilə deyil, daha çox şəxsiyyətlər vasitəsilə oxuyur. Müqəddəs tarix, öz məhdudiyyətlərinə və süqutlarına baxmayaraq Allahı sevmiş və Uca Olanın qüdrətinin onların həyatında parlamasına imkan vermiş böyük simalardan ibarətdir. Bizim üçün də eyni həqiqət keçərlidir: dünyanın tarixinin müharibələr, iqtisadi böhranlar və ya epidemiyalar — yəni yalnız zahiri faktlar tərəfindən yaradıldığını və müəyyənləşdirildiyini düşünməməliyik. Hadisələrin istiqamətini Allah qarşısında sədaqətimiz və ya sədaqətsizliyimiz müəyyən edir. O, tarixə də hakim olan Rəbbdir; lakin Allahın Padşahlığının qurulmasına və ya onun gəlişinin ləngiməsinə öz qərarlarımız və əməllərimizlə məhz biz töhfə veririk.

İNCİL Mark 6,14-29

Padşah Hirod da olanları eşitdi, çünki İsanın adı tanınırdı. Adamlar deyirdilər: «Vəftiz edən Yəhya ölülər arasından dirilib. Buna görə də O, möcüzələr yaradır». Digərləri isə deyirdilər: «Bu, İlyasdır». Bəziləri də deyirdi: «Keçmişdəki peyğəmbərlərdən birinə oxşar peyğəmbərdir». Amma Hirod bunu eşidəndə dedi: «Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!» Hirod qardaşı Filipin arvadı Hirodiyaya görə Yəhyanı tutduraraq qollarını qandalladıb zindana saldırmışdı. Çünki Hirod Hirodiyanı özünə arvad olaraq almışdı və Yəhya Hiroda demişdi: «Qardaşının arvadını almaq sənə qadağandır». Hirodiya Yəhyaya qarşı kin saxlayıb onu öldürmək niyyətinə düşmüşdü, amma bunu edə bilmirdi. Çünki Hirod Yəhyanın saleh və müqəddəs bir adam olduğunu bildiyinə görə ondan qorxub onu qoruyurdu. Hirod ona qulaq asanda çaşqınlığa düşdü, buna baxmayaraq, onu həvəslə dinləyirdi. Bir gün Hirodiyanın əlinə yaxşı bir fürsət düşdü. Hirod ad günündə əyanlarına, minbaşılara və Qalileyanın nüfuzlu şəxslərinə ziyafət verdi. Ziyafət zamanı Hirodiyanın qızı içəri daxil olub rəqs etdi. Bu, Hirodun və qonaqlarının xoşuna gəldi. Padşah qıza dedi: «Ürəyin istəyəni məndən dilə, mən də sənə verim». Sonra möhkəm and içərək yenə dedi: «Məndən hər nə istəsən, hətta padşahlığımın yarısını belə, istəsən, sənə verəcəyəm». Qız isə çıxıb anasından soruşdu: «Mən nə istəməliyəm?» O cavab verdi: «Vəftiz edən Yəhyanın başını». Qız o saat padşahın yanına qaçdı və öz istəyini dedi: «İstəyirəm ki, Vəftizçi Yəhyanın başını dərhal bir sini içində mənə verəsən». Padşahı dərin kədər bürüdü, amma içdiyi andlara və qonaqlara görə qızın sözünü yerə salmaq istəmədi. Padşah dərhal bir cəllad göndərib Yəhyanın başını gətirməyi əmr etdi. Cəllad gedib zindanda Yəhyanın boynunu vurdu və onun başını bir sini içində gətirib qıza verdi. Qız da onu anasına verdi. Yəhyanın şagirdləri isə bunu eşidəndə gəlib onun cəsədini götürdülər və qəbirə qoydular.

Təfsir 

Padşah Hirod, eyb və günahların içində yaşamasına baxmayaraq, İsa haqqında bir doğru söz söyləyir: “Bu, boynunu vurdurduğum Yəhyadır, dirilib!” Əlbəttə ki, İsa dirilmiş Vəftizçi deyildir; O, Vəftizçinin təbliğ etdiyi Şəxsdir. Çünki Məsihdə Vəftizçinin gur səslə səsləndirdiyi həqiqi çağırış yenidən eşidilir: “Tövbə edin! Allahın Padşahlığı yaxındır”. İsanın ilk təbliği də eyni sözləri təkrarlayır və möcüzələr və təlim vasitəsilə tövbəyə çağırır (Mk 1,14–15). Hirodun qulaqlarında sərt bir xəbərdarlıq səslənir: “Qardaşının arvadını almaq sənə qadağandır” Bu səs Vəftizçi Yəhyanın ölümü ilə susmadı, əksinə, dünyanın günahlarını Öz üzərinə götürmək üçün gəlmiş İsanın zühuru ilə yenidən eşidildi. Lakin günahlar tanınmalıdır — bunu Hirod müəyyən mənada edir; amma tövbə də edilməlidir — bunu isə o etmir. Hirodiada və onun qızı isə ümidsizcəsinə həlak olmuş kimi görünürlər; onlar kin və öldürücü qısqanclığın timsalıdırlar. Buradan böyük bir dərs çıxır: vicdan bizi hər hansı bir günaha görə qınadıqda, biz həmişə ona tabe olmalıyıq. Çünki doğru vicdan vasitəsilə Allahın Özü bizimlə danışır və bizi bağışlanmaya və lütfə açılmağa çağırır.

05 fevral 2026, 21:25