Liturgiya oxunuşları: 4 FEVRAL. Adi Dövrün IV həftəsinin çərşənbəsi
BİRİNCİ OXUNUŞ 2 Pad (2 Şam) 24, 2.9-17
Padşah yanındakı ordu başçısı Yoava dedi: «İndi Dandan Beer-Şevaya qədər İsrailin bütün qəbilələri arasında dolanın və xalqı siyahıya alın ki, sayını bilim». Yoav xalqın siyahısını padşaha verdi. İsraildə qılınc çəkən səkkiz yüz min igid, Yəhudada isə beş yüz min igid var idi. Lakin xalqı sayandan sonra Davud vicdan əzabı çəkdi. O, Rəbbə dedi: «Bu işi görməklə böyük günah etdim. İndi isə, ya Rəbb, yalvarıram, qulunun bu təqsirindən keç, çünki çox ağılsızlıq etmişəm». Davud ertəsi gün səhər qalxanda Rəbb Davudun görücüsü Qad peyğəmbərə sözünü bildirib dedi: «Get, Davuda söylə ki, Rəbb belə deyir: “Sənin qarşına üç şey qoyuram, özün üçün bunların birini seç ki, sənə edim”». Qad Davudun yanına gəlib bunu bildirdi: «Sənin ölkəndə yeddi il aclıq olsun, yoxsa səni təqib edən düşmənlərin önündə üç ay qaçasan yaxud da ölkəndə üç gün vəba olsun? İndi yaxşı fikirləş və qərar ver, məni Göndərənə mən nə cavab verim?» Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşməkdənsə qoy Rəbbin əlinə düşək, çünki Onun rəhmi çoxdur». Beləcə Rəbb sabahdan təyin olunan vaxta qədər İsrailin üzərinə vəba göndərdi. Dandan Beer-Şevaya qədər xalqdan yetmiş min nəfər öldü. Xalqı həlak edən mələk Yerusəlimi məhv etmək üçün oraya doğru əlini uzadanda Rəbb verəcəyi bəladan vaz keçib mələyə dedi: «Bəsdir, əl saxla!» Rəbbin mələyi Yevuslu Aravnanın xırmanının yanında idi. Davud xalqı qıran mələyi görən zaman Rəbbə belə dedi: «Budur, günah edən mənəm, mən təqsirkaram. Bəs bu yazıq xalq nə edib? Qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın».
Təfsir
Əhalinin siyahıyaalınması niyə ağır günah hesab olunurdu? Əslində bu, sadəcə xalqın sayının müəyyənləşdirilməsi və təhlilidir; zahirən bunda pis heç nə yoxdur. Lakin İsrail başqa xalqlar kimi deyil: o, Allaha məxsusdur və Ona etibar etməyə çağırılıb. Siyasi və hərbi uğurlarından ruhlanan Davud padşah təkəbbürə qapılır. O, özünü digər xalqlarla müqayisə etməyə başlayır, sanki millətin böyüklüyünün yaradıcısı elə özüymüş kimi. Halbuki İsrailin həqiqi Atası - İbrahimə daşlardan belə övlad yarada bilən Allahdır (bax: Luka 3,8). «Rəbb insanı həm öldürür, həm dirildir. Ölülər diyarına həm endirir, həm çıxarır. Rəbb yoxsulluq və var-dövlət göndərir, alçaldır və yüksəldir» (1 Pad (Şam) 2,6–7). Allah Davuda üç cəza növü təklif etdikdə, o, üç günlük vəba seçir, lakin sonradan məlum olur ki, bir gün də kifayət edir. Onda dəhşətə gələn Davud bütün günahın yalnız öz üzərinə düşməsini yalvararaq xahiş edir. Bu parça bizi təvazökar realizmə və Allaha tam etimada dəvət edir: əgər həyatımızda yaxşı bir şey varsa (və o, həmişə olur), həlim qalaq və hər şey yalnız bizdən asılıymış kimi özümüzü ucaltmayaq.
İNCİL Mark 6, 1-6
İsa oradan ayrılıb Öz yurduna gəldi. Şagirdləri də Onun ardınca gəlirdi. Şənbə günü olanda O, sinaqoqda təlim öyrətməyə başladı. Onu dinləyən adamların çoxu təəccüblənərək dedi: «Bu Adamda belə şeylər haradandır? Bu necə hikmətdir, Ona verilib? Bu cür möcüzələr Onun əlindən necə gəlir? Bu Adam həmin dülgər deyilmi? Məryəmin oğlu, Yaqubun, Yusifin, Yəhudanın və Şimonun qardaşı deyilmi? Onun bacıları burada – bizim aramızda yaşamırmı?» Onların İsaya acığı tutdu. İsa onlara dedi: «Bir peyğəmbərə öz yurdundan, qohum-əqrəbaları arasından və öz evindən başqa heç bir yerdə xor baxmazlar». Orada O heç bir möcüzə yarada bilmədi, yalnız bir neçə xəstənin üzərinə əl qoyub şəfa verdi. İsa onların imansızlığına heyrət edirdi. Sonra ətraf kəndlərdə təlim öyrədərək oraları gəzib-dolaşdı.
Təfsir
Romalının imanına heyran qalan («İsraildə belə iman tapmadım», Lk 7, 9) İsa, Nazaretdən olan israillilərin imansızlığına təəccüblənir. Onun hikməti və aşkar möcüzələri qarşısında həmvətənləri bayağı mülahizələr içində çaşqın qalırlar: «Əgər əvvəllər bunları etmirdisə, indi necə edə bilər?» Halbuki Nazaret sakinləri Musanın Qanununu yaxşı bilirdilər və bilirdilər ki, Allah Öz xalqı üçün daim möcüzələr etmişdir; romalılar isə ən yaxşı halda Zevs və mifoloji varlıqlarla dolu Olimp dağı haqqında xəyallar qururdular…Məsihin qarşısında insan əvvəllər bildiyi hər şeyi yenidən gözdən keçirməli və yeni səhifələr açmağı bacarmalıdır. Əgər Rəbb ölünü dirildirsə — O, Həyatdır; əgər ağır xəstəni sağaldırsa — O, Həkimdir; əgər hikmətlə danışırsa — O, Hikmətdir; əgər Çarmıxda bağışlayırsa — O, Xilaskardır. Təvazökar olmaq və iman etmək — insanın həqiqi müdrikliyidir; qəlbi sərtləşdirmək, onu bağlamaq və hər şeyi əvvəlcədən inkar etmək isə — həqiqi ağılsızlıqdır. Biz «nəzəri biliklərin kifayət etdiyini» düşünməməliyik: İsa bizimlə daim danışır və biz hər zaman Onun ardınca getməyə hazır olmalıyıq. Allah üçün mümkünsüz heç nə yoxdur.