Axtar

2019.06.16 Sacro cuore di Gesù Cristo

Liturgiya oxunuşları: 28 FEVRAL. Böyük Orucun I həftəsinin şənbəsi

“İsa bilir ki, düşmənləri sevmək insan imkanlarının hüdudlarından kənardadır. Bizi olduğumuz kimi qoymamaq və bizi Ata Allahın ən uca məhəbbətini qəbul etməyə qadir olan insanlara çevirmək üçün İsa insan oldu. O zaman, bizə mümkün kimi görünməyən mümkün olur! Onunla birlikdə, Onun məhəbbəti və Onun Ruhu sayəsində biz bizi sevməyənləri, hətta bizə pislik edənləri belə sevə bilərik” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Qan 26,16-19

Bu gün Allahınız Rəbb bu qaydalara, hökmlərə əməl etməyi sizə buyurur. Onlara bütün qəlbinizlə, bütün varlığınızla əməl etmək üçün diqqətli olun. Bu gün Rəbbin Allahınız olduğunu, Onun yolları ilə gedəcəyinizi, qanunlarına, əmrlərinə, hökmlərinə riayət edəcəyinizi, Onun sözünə qulaq asacağınızı bəyan etdiniz. Bu gün Rəbb sizə verdiyi sözə görə bəyan etdi ki, Ona məxsus xalq olasınız. Ona görə də bütün əmrlərinə riayət etməlisiniz. O zaman dediyi kimi Allahınız Rəbb, yaratdığı bütün millətlərdən tərifdə, şöhrətdə və hörmətdə sizi üstün edəcək ki, Allahınız Rəbb üçün təqdis edilmiş xalq olasınız».

Təfsir

Qarşımızdakı mətn hüquqi xarakter daşıyır: əslində bu, müqavilə formuludur, əhdin rəsmi təsdiqidir. Buna görə də onun Qanunun Təkrarı Kitabında qanunverici mətnlə Rəbbin əhdinə riayət etməyə və ya onu pozmağa görə verilən xeyir-dualar və lənətlər arasında yerləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bugünkü parça Allah ilə Onun xalqı arasında bağlanan ilahi əhdi təqdim edir. Beləliklə, Allah uzaq və əlçatmaz deyil: O, ünsiyyətdir, Özünün seçdiyi xalqın xilası Onun iradəsidir. Məhz Rəbb təşəbbüsü Öz üzərinə götürür və İsrailə həyat yolu və hikmət nümunəsi olacaq qanunlar və əmrlər bəxş edir. Lütfü qəbul etmək və Rəbbin səsinə itaətlə cavab vermək — Allahın İsraildən və hər birimizdən tələb etdiyi sədaqət cavabıdır.

İNCİL Matta 5,43-48

“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlə də belə etmirmi? Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.

Təfsir 

Bu, İncilin xüsusilə də indiki tarixi şəraitdə anlamağın asan olmadığı səhifələrindən biridir; çünki “düşmən” sözü təəssüf ki, yenidən ön plana çıxıb. Həqiqətən də, hər birimizin ətrafında həyatımıza çətinliklər əlavə edən insanlar var və bəlkə də kimsə bizi də öz düşməni hesab edir. Bəs İsanın düşmənləri sevmək çağırışını necə yerinə yetirmək olar? Yalnız Səmavi Atanın ürəyinə baxmaqla. Onun üçün bütün insanlar Onun övladlarıdır. Gəlin düşünək: Allah üçün dünyanı olduğu kimi görmək nə qədər ağırdır: təkcə müharibələr deyil, həm də aramızdakı mübahisələr, bir-birimizə qarşı zorakılıq və bir-birimizə ən qatı düşmən kəsilməyimiz. Və yenə də Rəbb hamıya Öz övladları kimi yanaşmaqda davam edir. “Səmavi Atanız kamil olduğu kimi, siz də kamil olun” sözləri Məsihin bizə ünvanladığı çağırışa çevrilir: başqalarına Allahın bizə yanaşdığı kimi yanaşmaq, hətta başqa ürəklərdə yer tapmayanları belə ürəyimizdə qəbul etmək.

 

27 fevral 2026, 12:10