Axtar

2020.06.10 Vangelo del giorno Parola di Dio scritture Bibbia Vangelo

Liturgiya oxunuşları: 27 FEVRAL. Böyük Orucun I həftəsinin cüməsi

“Allah, Ona qarşı düşmən münasibətimizdən xəbərdar olduğu halda, haqq Onun tərəfində olsa belə, bizə doğru ilk addımı Özü atdı - Çarmıxda. Məhz budur, sülh naminə öz haqlılığından keçməyə hazır olmaq təmənnasızlığı. Biz öz günahsızlığımız barədə illüziyanı üzərimizdən atmalı, günahı etiraf etməyi və tövbə etməyi öyrənməliyik. Allaha bənzəməyin yolu barışığa yönəlmiş iradədə geri çəkilməməkdən keçir. Dünya bu gün hər şeydən çox məhz belə bir yenilənməyə ehtiyac duyur” (Papa XVI Benedikt).

BİRİNCİ OXUNUŞ Yez 18,21-28

Pis adam etdiyi bütün günahlardan dönərsə, bütün qaydalarıma riayət edib ədalətli və saleh işlər görərsə, əlbəttə, ölməyib yaşayacaq. Etdiyi günahlardan heç biri onun ayağına yazılmayacaq, gördüyü saleh işlərlə yaşayacaq”. Xudavənd Rəbb bəyan edir: “Elə bilirsiniz ki, Mən pis adamın ölümündən zövq alıram? İstəyirəm ki, o öz yolundan dönsün və yaşasın.  Ancaq saleh adam öz salehliyindən dönüb pislik edərsə, pis adamın etdiyi bütün iyrənc işləri görərsə, yaşayacaqmı? Etdiyi saleh işlərindən heç biri onun ayağına yazılmayacaq. Etdiyi xainlik və işlədiyi günahından ötrü öləcək. Ancaq siz ‹Xudavəndin yolu düz deyil› deyirsiniz. Ey İsrail nəsli, indi qulaq asın: Mənimmi yolum düz deyil? Düz olmayan sizin yollarınız deyilmi? Saleh adam öz salehliyindən dönüb pislik edərsə, buna görə öləcək. Bəli, etdiyi pisliyə görə öləcək. Pis adam da etdiyi pislikdən dönüb ədalətli və saleh işlər görərsə, öz həyatını qoruyar. Bir halda ki diqqət edib elədiyi bütün günahlardan dönürsə, əlbəttə, ölməyib yaşayacaq.

Təfsir

İlahi ədalətə görə, hər kəs ölümün onu hansı vəziyyətdə yaxalamasına görə mühakimə olunacaq. İnsan keçmişdə pislik etmiş olsa belə (axı hansımız günahsızıq?), lakin tövbə edib Allahla əhdə uyğun yaşamağa çalışarsa – xilas olacaq. Əksinə, kimsə yoluna yaxşı başlayıb sonradan şüurlu şəkildə Allaha qarşı çıxma yolunu seçərsə, o, Allahdan uzaq düşmüş vəziyyətdə qalacaq. Bu nöqtəyə qədər hər şey aydındır – bu, kamil ədalətin məntiqidir. Lakin bir çox müqəddəslər bizi bir addım da irəli getməyə dəvət edir. Onlar özünü müasirlərinin bütün günahlarında təqsirli hesab edirdi. Onlar, başqalarının günahını öz günahı kimi qəbul edir, özünü bəşəriyyətin “vahid bədəni”nin bir hissəsi kimi dərk edirdi. Əslində, Rəbbimiz Getsemani bağında məhz bunu yaşadı. Günahsız olduğu halda, O, hamının günahını Öz üzərinə götürdü. Bu Böyük Oruc dövründə gəlin yalnız özümüzü Allahın lütfündə qorumaqla kifayətlənməyək. Bu ruhani istiqaməti qəbul etməyə çalışaq: başqalarına qarşı mərhəmət və məsuliyyət hissini öyrənək.

İNCİL Matta 5, 20-26

Sizə bunu deyirəm: əgər sizin salehliyiniz ilahiyyatçılarla fariseylərin salehliyindən artıq olmasa, Səmavi Padşahlığa əsla girə bilməzsiniz. Siz qədim zamanlarda adamlara “Qətl etmə, kim qətl edərsə, mühakiməyə məruz qalacaq” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, qardaşına hirslənən hər kəs mühakiməyə məruz qalacaq. Kim qardaşına “axmaq” deyərsə, Ali Şuranın hökmünə məruz qalacaq. Kim qardaşına “səfeh” deyərsə, cəhənnəm oduna məruz qalacaq. Buna görə də qurbangah qarşısına qurbanını gətirdiyin zaman yadına düşsə ki, qardaşının sənə qarşı bir şikayəti var, qurbanını qurbangahın qarşısında qoy, get, əvvəlcə qardaşınla barış və ondan sonra gəl, qurbanını təqdim et. Səni ittiham edənlə yolda ikən tez razılaş ki, o səni hakimə, hakim də səni mühafizəçiyə verməsin və zindana atılmayasan. 26 Sənə doğrusunu deyirəm: axırıncı qəpik-quruşunu verməyincə oradan əsla çıxmayacaqsan.

Təfsir 

Var fariseylərin salehliyi, var Allahın salehliyi. Fariseylərin salehliyi o qədər yanlışdır ki, əgər biz ona əməl etsək, xilas ola bilməyəcəyik. “Səmavi Padşahlığa girməyəcəksiniz” sözləri mahiyyət etibarilə uçuruma aparan yol deməkdir. Bu gün bu barədə belə açıq danışmaq qəbul olunmur, lakin İsa son dərəcə açıq və dürüst idi. Fərq nədədir? Fariseylərin “salehliyi” başqalarını mühakimə etmək və özlərini haqlı saymaqdan ibarət idi. Allahın nəzərində isə salehlik başqalarını mühakimə etməmək və özünü mərhəmətə möhtac günahkar kimi tanımaqdır. Açar söz – mərhəmətdir. Bizim Atamız mərhəmətlidir. Onun həqiqəti ilə yaşamaq – yaxınlara mərhəmətli olmaq deməkdir: təhqir etməmək, kin saxlamamaq, hətta bunun üçün haqsızlığa dözmək lazım gəlsə belə, düşmənlə barışmaq. Beləliklə, biz dünyaya Səmavi Atanın simasını göstəririk; O, “salehlərin də, saleh olmayanların da üzərinə yağış yağdırır”. Allahın məntiqi bu dünyanın məntiqindən o qədər fərqlidir ki, sevgi ilə yaşayan xristian zəif, sadəlövh və ya gülünc görünə bilər. Qoy belə desinlər. Həqiqət başqadır: sevgi yeganə həqiqi qüvvədir və Nəğmələr Nəğməsində deyildiyi kimi, “ölüm kimi qüvvətlidir”.

 

27 fevral 2026, 05:59