Axtar

Icona Cristo, Gesu Cristo, pane di vita

Liturgiya oxunuşları: 26 FEVRAL. Böyük Orucun I həftəsinin cümə axşamı

«Dua – iradə və davamlılıq tələb edən zəhmətdir; o, bizi qətiyyətli olmağa və utanmamağa çağırır. Çünki dua edərkən biz dostumuzun qapısını döyürük. Allah bizim dostumuzdur və dostla biz israrlı, hətta bir qədər təkidli ola bilərik. Məsələn, müqəddəs Monikanı xatırlayaq: o, oğlunun iman gətirməsi üçün neçə illər göz yaşları ilə dua etmişdi! Nəhayət, Rəbb qapını onun üzünə açdı» (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Ester 4,1.3-5.12-14 (Vulqata tərcüməsinə əsasən)*

Ölüm iztirabına düçar olmuş, amansız təhlükə ilə üzləşən Mələkə Ester də Rəbbinə sığındı. Təntənəli libasını çıxarıb yas geyimlərini geyindi. Bahalı ətrilər əvəzinə başına kül və peyin tökdü. Bədənini çox üzdü, şənliyində bəzəndiyi hər bir hissəsisni dağılmış saçları ilə örtdü və İsrailin Allahı Rəbbə yalvararaq belə dedi: “Rəbbim mənim, Padşahımız yalnız Sənsən; mənə kömək et, tənhayam, Səndən başqa köməyim yoxdur; çünki bəla məni haqlayıb. Həyatım təhlükədədir. Uşaqlıqdan bəri ailəmlə birlikdə olarkən onların mənə öyrətdiklərinə görə, Rəbbim, Sən bütün xalqlar arasından İsraili seçdin, qədim dövrlərdə yaşamış bütün ulu babalarımızı seçdin, biz əbədi olaraq Sənin mirasın olacağıq. Onlara söz verdiyin kimi davrandın. Bizi yada sal, Rəbbim; təhlükəli günlər yaşadığımız zaman verdiyin ilhamla Özünü bizə göstər. Mənə cəsarət ver. Sən allahların Padşahısan və bütün başçıların Ağasısan. Bu aslanla qarşılaşdığım zaman dilimə xoş sözlər qoy; onun ürəyimi bizi təqib edənə qarşı nifrətlə doldur ki, düşmənimizin və onunla əlbir olanların sonu gəlsin. Bizi isə qüdrətinlə qurtar, mənə kömək et, çünki tənhayam, Səndən başqa kimsəm yoxdur, Rəbbim. Ya Rəbb, Sən hər şeyi bilirsən”.

Təfsir

Mələkə Esterin keçdiyi sınaq son dərəcə ciddidir: bütöv bir xalqın taleyi onun vəsatətindən asılıdır. Ədalətsiz fərman səbəbindən israilliləri məhv edilmə təhlükəsi gözləyir. Ester dərhal ölüm təhlükəsini gözə alaraq padşah Artakserksin yanına getməli və bağışlanma diləməyə çalışmalıdır. İmanımız məhz belə “hədd vəziyyətlərində” sınaqdan keçir — xüsusilə də başqaları üçün mərhəmət dilədikdə və ya dünyada baş verən çətin hadisələr qarşısında dua etdikdə. Bunun ən parlaq nümunəsi İsanın ölümü ilə Onun Dirilməsi arasındakı günlərdir. O anda demək olar ki, artıq heç kim Ona inanmırdı: dostları dağılışmışdı, qalan az saylı insanlar isə dərddən sarsılmış və hər şeyin bitdiyinə əmin idilər. O üç gün ərzində ümidin qalmadığı təsiri yaranmışdı, çünki öldürülmüş Müəllim həqiqətən məzarda idi. Həmin anda bütün Kilsənin imanı bir insanın — Müqəddəs Məryəmin ürəyində cəmlənmişdi. Əslində, bütün Kilsə sanki təkcə Ona qədər daralmışdı. Biz tək qalsaq belə, Ester kimi və Əqdəs Məryəm kimi möhkəm dayanmalıyıq. İman o demək deyil ki, çoxluqla birlikdə olanda və özümüzü rahat hiss edəndə inanırıq; iman — ətrafda sükut və qaranlıq hökm sürdüyü halda belə, həqiqətə sadiq qalmaqdır.

İNCİL Matta 7,7-12

Diləyin, sizə veriləcək, axtarın, tapacaqsınız, qapını döyün və sizə açılacaq. Çünki hər diləyən alar, axtaran tapar, qapı döyənə açılar. Aranızdan kimsə oğlu ondan çörək diləsə, ona daş verərmi? Ya da balıq diləsə, ona ilan verərmi? Beləliklə, siz pis olduğunuz halda öz övladlarınıza yaxşı hədiyyələr verməyi bilirsinizsə, göylərdə olan Atanızın Ondan diləyənlərə gözəl hədiyyələr verəcəyi nə qədər yəqindir! İnsanların sizinlə necə rəftar etməsini istəyirsinizsə, siz də onlarla elə rəftar edin. Çünki Qanun və Peyğəmbərlərin söylədiyi də elə budur.

Təfsir 

Çox vaxt biz özümüz dualarımızı, zehnimizdə nəyin “mümkün”, nəyin isə “mümkün olmadığını” müəyyən edərək, məhdudlaşdırırıq. Əgər az alırıqsa, bəlkə də bu, az istədiyimiz üçündür. “Öz gücümüzlə” öhdəsindən gələ biləcəyimizi düşünərək Allahı narahat etməməyə qərar veririk. Yalnız çıxılmaz vəziyyətə düşəndə Ondan heç olmasa bir şey etməsini xahiş edirik və bunu da nəticəyə əvvəlcədən şübhə ilə yanaşaraq edirik. Bugünkü İncil bizə başqa yanaşma təklif edir. Uşaq atasının yanına gedir və sadəcə hər şeyi istəyir. O, özü üçün nə geyim, nə yemək, nə də sığınacaq əldə edə bilər. Bu o demək deyil ki, əllərimizi qatlayıb göydən manna gözləməliyik. Dəyişməli olan daxili münasibətdir: Rəbb bizdən uşaqlar kimi istəməyi öyrənməyimizi istəyir. İstəmək alçaldıcı deyil; əksinə, xahiş dərhal Allahın diqqətini cəlb edir, çünki O, bizim Atamızdır. Əgər istədiyimizi dərhal almırıqsa, daha da təvazökarcasına israr etməliyik. Əgər yenə də arzuladığımızı əldə etmiriksə, əmin olaq: bu, Allahın laqeydliyi demək deyil. Onun İlahi Tədbiri bizim üçün başqa yol, başqa zaman və başqa üsulla — məhz daha böyük xeyrimiz naminə fəaliyyət göstərir. Xristian üçün özünü Allahın sevimli övladı kimi hiss etmək və bunu dərk etmək son dərəcə vacibdir. Rəbb isə Öz məhəbbətini bizə daim təsdiq edir.

* Ester 4C, 12-16. 23-26a (Azərbaycan dilində Deuterokanonik Kitablar toplusundan).

26 fevral 2026, 07:20