Axtar

2020.12.05 Profeta Giona

Liturgiya oxunuşları: 25 FEVRAL. Böyük Orucun I həftəsinin çərşənbəsi

“İsrail peyğəmbərləri arasında Yunus peyğəmbərin siması xüsusi yer tutur; o, Rəbbin çağırışından yayınmağa çalışmış, özünü İlahi xilasedici niyyətin xidmətinə verməkdən imtina etmişdi. Bu peyğəmbərin hekayəsi cəmi dörd fəsildən ibarət kiçik bir kitabda nəql olunub və bağışlayan Allahın mərhəməti haqqında böyük bir təlim daşıyan ibrətli məsələ bənzəyir” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Yunus 3, 1-10

Rəbbin sözü Yunusa ikinci dəfə nazil oldu: «Qalx, Ninevaya – o böyük şəhərə get və sənə söyləyəcəyim sözləri onlara car çək». Yunus Rəbbin sözünə görə qalxıb Ninevaya getdi. Nineva Allahın nəzərində böyük şəhər idi. Oranı üç günə gəzib-dolaşmaq olardı. Yunus şəhəri gəzməyə başlayıb bir günlük yol getdi və car çəkərək dedi: «Qırx gündən sonra Nineva dağılacaq!» Ninevalılar Allaha inandılar, oruc elan edərək böyükdən kiçiyə qədər hamı çul geyindi. Bu xəbər Nineva padşahına çatanda o, taxtından qalxaraq şahlıq libasını əynindən çıxartdı və çul geyinib külün üstündə oturdu. Padşah özünün və əyanlarının adından buyurdu ki, Ninevada elan edib desinlər: «Nə insanlar, nə heyvanlar, nə mal-qara, nə də ki qoyun-keçi heç nə yeməsin, otlağa getməsin və su içməsin. İnsanlar da, heyvanlar da çul geyinsin və var gücləri ilə Allaha fəryad etsin. Hər kəs öz pis yolundan və əllərinin zorakılığından dönsün. Kim bilir, bəlkə Allah rəhmə gəlib, qızğın qəzəbini bizdən döndərər və biz məhv olmarıq». Allah onların işlərini, pis yoldan döndüklərini gördü. Ona görə də rəhm edib əvvəlcə onların üstünə göndərmək istədiyi bəlanı göndərmədi.

Təfsir

Maraqlıdır ki, Nineva bütpərəst şəhər idi və İsrailin tərkibinə daxil deyildi. Yunus əvvəlcə ümumiyyətlə ora getmək istəmirdi: Musanın Qanununu belə qəbul etməyən insanlara Allahın tövbə imkanı təklif etməsi fikri onu qıcıqlandırırdı. Yunus, Nineva sakinlərinin dərhal oruc tutmağa başladığını və pis əməllərindən əl çəkdiklərini görəndə necə də heyrətə gəldi! Belə çıxır ki, bütpərəstlər peyğəmbərin sərt xəbərdarlıqlarını eşitməyə “müqəddəs xalqdan” daha hazır idilər. Kimsə etiraz edə bilər: “Axı Nineva padşahı oruc tutmağı yalnız şəhər dağıdılmasın deyə əmr etmişdi! Bu, Allaha məhəbbətdən yox, mənafedən irəli gəlirdi!”. Əslində isə bu o qədər də mühüm deyil. Rəbb Onun səsinin hamı tərəfindən eşidilməsini və bu tövbədə hətta heyvanların belə iştirak etməsini yüksək qiymətləndirdi. Biz də bundan ibrət götürməliyik və tövbədən yayınmaq üçün bəhanələr irəli sürməməliyik. Tövbə hər zaman cəzanı dayandırır və nizamı bərpa edir. Nəticə etibarilə, oruca və ya digər epitimya formalarına çağırış yalnız bizim xeyrimiz üçündür. Böyük Oruc məhz bizim üçün belə bir “həqiqi xeyir” dövrüdür.

İNCİL Luka 11, 29-32

Camaat Onun ətrafına yığılanda İsa danışmağa başladı: «İndiki nəsil pis nəsildir. Onlar əlamət axtarır, amma onlara Yunusun əlamətindən başqa heç bir əlamət verilməyəcək. Çünki Yunus Nineva əhalisinə necə bir əlamət oldusa, Bəşər Oğlu da bu nəsil üçün belə olacaq. Cənub mələkəsi qiyamət günündə bu nəslin adamları ilə birgə qalxıb onları məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır. Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır.

Təfsir 

İsa Yunus peyğəmbəri xatırladır və deyir ki, o, Nineva sakinləri üçün “əlamət” idi. Bəs əlamət və ya işarə nədir? Bu, başqa bir gerçəkliyə işarə edən bir şeydir. Məsələn, yol nümunəsini götürək: əgər magistral yolla gedərkən “Təhlükəli sola döngə” nişanını görürüksə, bu, sürəti azaltmalı olduğumuzu bildirən siqnaldır. Nişanın özü sadəcə üzərində rəsm olan metal lövhədir; o, döngənin özü deyil. Bu, qarşıda bizi gözləyən reallığa işarə edən bir “əlamət”dir. İsanın bənzərsizliyi nədədir? Özünə işarə edərək: “Budur, Yunusdan daha böyük Olan buradadır”, – deyən İsa Məsih bildirir ki, O, təkcə əlamət deyil, həm də həmin məna, həmin gerçəkliyin özüdür. Misalımızı davam etdirsək deyə bilərik ki, O, eyni zamanda həm yol nişanı, həm də döngənin özüdür. Elə buna görə də Son Şam Süfrəsində İsa deyir: “Məni görən Atanı görmüşdür” (Yəh 14,9). Bunun bu gün bizim üçün mənası nədir? Söz görüşə çevrilir: hər dəfə İsa İncil vasitəsilə və ya qəlbimizin dərinliyində bizimlə danışanda, bu, sadəcə “məlumat” deyil. Bu, Onun şəxsi, canlı iştirakıdır. Əgər biz dərhal Onun dediyini yerinə yetiririksə, artıq Onunla həqiqi və tam ünsiyyətə daxil oluruq. Yevxaristiya bu prinsipin ən ali nümunəsidir. Çörək eyni zamanda həm İsanın əlamətidir, həm də İsanın Özüdür.

24 fevral 2026, 20:52