Liturgiya oxunuşları: 24 FEVRAL. Böyük Orucun I həftəsinin çərşənbə axşamı
BİRİNCİ OXUNUŞ Yeşaya 55, 10-11
Yağış və qar necə göylərdən yağıb oraya qayıtmırsa, ancaq torpağı sulayıb yeri məhsuldar edirsə, əkinçiyə toxum, yeyənə çörək verirsə, ağzımdan çıxan kəlmə də belədir: boş yerə yanıma qayıtmaz, ancaq istədiyimi yerinə yetirər, onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər.
Təfsir
İlk baxışda Yeşaya peyğəmbərin Kitabından bu parça sanki aşkar faktlarla ziddiyyət təşkil edir. Allah bəyan edir ki, Onun ağzından çıxan və insanlara bəxş edilən hər bir söz, yerə yağan yağış kimi mütləq öz məqsədinə çatır və hər zaman təsirli olur. Lakin biz başqa mənzərə görürük: Allah danışır, amma insanlar çox vaxt kar qalırlar. Hətta İsa Məsih toxum səpən haqqında məsəldə xatırladır ki, hər toxum bəhrə vermir — bəzisi daşlıq yerə, bəzisi isə tikanlar arasına düşür. O zaman haqlı olan kimdir? Əslində, hər ikisi haqlıdır. Yeşayanın mətnində vurğulanır ki, Allahın Sözü öz təbiətinə görə qüvvətlidir və təsirlidir: o, sadəcə bizə nəyisə bildirmir, eyni zamanda dərhal ətraf aləmi dəyişməyə başlayır və konkret forma qazanır. Müqəddəs Yazıda Allahın Sözü söylədiyini yaradır. Yaradılış Kitabında Allah deyir: “Qoy işıq olsun!” — və işıq yaranır. Allahın Sözü mahiyyətcə təsirlidir. Bəs niyə biz nəticəni hər zaman görmürük? Əgər insan bu Sözü qəbul etmirsə və ya ona məhəl qoymursa, bu artıq insanın öz ziyanına olur. Onun qəlbi həmin Sözlə “mayalanmır”, halbuki Söz özlüyündə İlahi qüvvəsini itirmir. O, yağış kimidir: hər halda yağır. Lakin səhranın çiçəklənən bağa çevrilməsi torpağın onu qəbul etməyə hazır olub-olmamasından asılıdır
İNCİL Matta 6, 7-15
Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bu gün ver. Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla. Bizi sınağa çəkmə, Lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin”. Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz.
Təfsir
İsa Məsih bizə xristianların ən əsas duası olan “Göylərdə olan Atamız” duasını öyrədir. Bu dua birbaşa Allah tərəfindən bizə bəxş edilmişdir. Bu duada cəmi yeddi istək var. Burada təntənəli mədhiyyələr, Allahın ucaldılması və ya mistik seyrə çağırışlar yoxdur. Allah sadəcə bizə istəməyi öyrədir. Niyə? Cavab çox sadədir: çünki biz hər şeyə möhtacıq. “Göylərdə olan Atamız” hər şeyi Atadan istəyən təvazökar insanların duasıdır: Onun Padşahlığını, Onun iradəsini, gündəlik çörəyi, şərdən qurtuluşu. Öz gücümüzlə bunların heç birinə qadir deyilik. “Göylərdə olan Atamız” yoxsulların duasıdır. Hər dəfə onu dilə gətirəndə biz, atasının yanına qaçıb ehtiyac duyduğu şeyi istəyən iki yaşlı körpələrə dönürük. Ata isə dərhal uşağın qarşısına çıxmağa, onu təsəlli etməyə tələsir. Bu dua - duaların ən səmimisidir, çünki bizə bunu anladır: Allahın bəxş etdiyi hər gündə biz hər şeydə Ataya möhtacıq. Yalnız təkəbbürlü insan heç nə istəmir. Hətta ölüm astanasında belə. O, hər şeyi özü etmək istəyir, hətta özünü xilas etməyi belə.