Liturgiya oxunuşları: 23 FEVRAL. Böyük Orucun I həftəsinin bazar ertəsi
BİRİNCİ OXUNUŞ Lev 19,1-2.11-18
Rəbb Musaya dedi: «Bütün İsrail övladlarının icmasına bəyan edib de: “Müqəddəs olun, çünki Mən Allahınız Rəbb müqəddəsəm. Oğurlamayın, bir-birinizə yalan satıb aldatmayın. Allahınızın adını ləkələməmək üçün adıma yalandan and içməyin. Rəbb Mənəm. Qonşunu istismar etmə, onu soyma; muzdlu işçinin zəhmət haqqını axşamdan səhərəcən özündə saxlama. Kar adamı söymə və kor adamın qarşısına büdrədən heç bir şey qoyma. Allahından qorx. Rəbb Mənəm. Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük ver, nə də varlıya meyl sal, amma bir-birinizi ədalətlə mühakimə edin. Xalq arasında xəbərçilik etmə; qonşunun qanının tökülməsini istəmə. Rəbb Mənəm. Soydaşına qarşı ürəyində nifrət bəsləmə. Başqa adamı mütləq tənbeh et ki, sən də günahının cəzasını çəkməyəsən. Öz xalqından heç kəsdən qisas alma, heç kimə qarşı kin saxlama. Ancaq qonşunu özün kimi sev. Rəbb Mənəm.
Təfsir
İsa Allahı sevmək əmrini (“Rəbb Allahını sev...” – Qanunun Təkrarı 6,5) Levililər kitabının bu mühüm parçasında yer alan “Yaxınını özün kimi sev” əmri ilə birləşdirir. Bu iki əmr bütün Qanunu və müqəddəs və xoşbəxt olmaq üçün etməli olduğumuz hər şeyi özündə cəmləyir. Birinci əmr ikincidən daha mühümdür, lakin biz yaxınlarımızı özümüz kimi sevməsək, o, təkbaşına boş və təsirsiz olardı. Müqəddəs həvari Yəhya xatırladır ki, gördüyümüz yaxınımızı sevmiriksə görmədiyimiz Allahı sevmək mümkün deyil. Bəs bu, praktikada necə həyata keçirilir? Levililər kitabında konkret göstərişlər verilir: oğurlamamaq, böhtan atmamaq, zülm etməmək, ədalətsiz davranmamaq. Bu nəsihəti gün ərzində insanlarla olan hər bir münasibətimizə tətbiq edə bilərik. Səhər oyandıqda qarşımızda bütöv bir gün olur. Nə üçün? İş üçün? Yemək üçün? Oxumaq üçün? Xeyr: yaxınını sevmək üçün. Əsas vəzifəmiz budur, qalan hər şey isə onun yerinə yetirilməsi üçün sadəcə bir kontekstdir.
İNCİL Matta 25, 31-46
Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq. Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq. Qoyunları sağına, keçiləri isə soluna qoyacaq. O zaman Padşah sağındakılara deyəcək: “Ey sizlər, Atamın xeyir-dua verdiyi adamlar! Gəlin, dünya yaranandan bəri sizin üçün hazırlanmış olan Padşahlığı irs alın. 35 Çünki ac idim, Mənə yemək verdiniz; susamışdım, Mənə su verdiniz; qərib idim, Məni qəbul etdiniz; çılpaq idim, Məni geyindirdiniz; xəstə idim, qayğımı çəkdiniz; zindanda idim, yanıma gəldiniz”. Onda salehlər Ona cavab verib deyəcəklər: “Ya Rəbb, biz Səni nə vaxt ac görüb yemək verdik və ya susamış görüb su verdik? Nə vaxt Səni qərib görüb qəbul etdik və ya çılpaq görüb geyindirdik? Nə vaxt Səni xəstə və ya zindanda görüb yanına gəldik?” Padşah da cavab verib onlara deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz”. O zaman solundakılara deyəcək: “Ey lənətə gəlmişlər, çəkilin önümdən! İblislə onun mələklərinə hazırlanmış olan əbədi oda yollanın! Çünki ac idim, Mənə yemək vermədiniz; susamışdım, Mənə su vermədiniz; qərib idim, Məni qəbul etmədiniz; çılpaq idim, Məni geyindirmədiniz; xəstə və zindanda idim, qayğımı çəkmədiniz”. Onda onlar da cavab verib deyəcəklər: “Ya Rəbb, Səni nə vaxt ac, susamış, qərib, çılpaq, xəstə və yaxud zindanda gördük ki, Sənə xidmət etmədik?” O zaman onlara cavab verib deyəcək: “Sizə doğrusunu deyirəm: siz bu ən kiçiklərdən birinə etmədiyinizi Mənə etməmiş oldunuz”. Bunlar əbədi əzaba, salehlərsə əbədi həyata gedəcək».
Təfsir
İlahiyyatda “laiqlik” anlayışı mükafata olan hüquq kimi başa düşülür. Lakin bir məsələni yadda saxlamaq vacibdir: bu hüquq birbaşa öz əməllərimizdən doğmur, bizə lütf ilə bəxş edilir. Əməl ona görə “mükafata layiq” sayılır ki, Allah dünyanı belə qurmuşdur. Bugünkü İncil bu prinsipi mükəmməl şəkildə izah edir. Mərhəmət əməlləri edən insanlar (xristian təlimini bütün təfərrüatı ilə bilib-bilməmələrindən asılı olmayaraq) fövqəltəbii mükafata, yəni Cənnətə layiq görülürlər. Onlar buna layiqdirlər, çünki artıq bu mükafata hüquq qazanmış olurlar; eyni zamanda isə onu Allahın mərhəməti sayəsində təmənnasız şəkildə qəbul edirlər. Allah belə qərar verib: yaxşı əməllər mükafatlandırılır, pis əməllər isə cəzalandırılır. Bu mətn bizi bacardığımız hər bir xeyirxah əməli yerinə yetirməyə sövq edir. Əgər imkanlar öz-özünə yaranmırsa, biz onları axtarmalıyıq: məhbusları ziyarət etməli, xəstələrə və ehtiyacı olanlara baş çəkməliyik. Uca Allahın niyyətində hər şey bir-biri ilə bağlıdır. O, Müqəddəs Ruhu bizə ona görə vermir ki, “güzgü qarşısında öz salehliyimizə tamaşa edək”, əksinə, konkret sevgi əməlləri həyata keçirək. Məhz mərhəmət vasitəsilə biz həyatımızda Allahın Padşahlığını genişləndirir və nəhayət, ədalətli mükafata nail oluruq.