Axtar

2019.09.12 Bilancia - Simbolo della giustizia

Liturgiya oxunuşları: 2 Mart. Böyük Orucun II həftəsinin bazar ertəsi

«Kamil olmaq — mərhəmətli olmaq deməkdir. Mərhəmət olmadan nə xeyirxahlıq var, nə də müqəddəslik. Rəbb bizi sadəcə şahidlər deyil, Onun məhəbbətinin axarı olmağa çağırır. Kilsə bütün dünya üçün mərhəmət sirridir. Müqəddəslərə baxın: onlar ürəklərini Allahın mərhəməti ilə doldurmuş və onu əzab çəkənlərin üzərinə axıtmış, özlərində Məsihin simasını əks etdirmişlər» (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Dan 9,4b-10

«Sənə dua edirəm, ey böyük və zəhmli Xudavənd Allah! Səni sevənlər və əmrlərinə əməl edənlər üçün əhdinə sadiq qalıb məhəbbət göstərirsən. Biz günah və təqsir etdik, pislik edib Sənə qarşı üsyankar olduq. Sənin əmrlərindən və hökmlərindən üz döndərdik. Padşahlarımıza, başçılarımıza, atalarımıza və ölkənin bütün xalqına Sənin adınla söz deyən qulların peyğəmbərlərə qulaq asmadıq. Ey Xudavənd, Səndə ədalət var, bizdə isə bugünkü kimi üz qaralığı! Bu, Yəhuda adamlarına, Yerusəlimdə yaşayanlara və Sənə qarşı etdikləri xainlikdən ötrü sürgün etdiyin bütün ölkələrdə, yaxında və uzaqda olan İsraillilərin hamısına aiddir. Ya Rəbb, bizim padşahlarımızın, başçılarımızın və atalarımızın üzü qaradır, çünki Sənə qarşı günah etmişik. Mərhəmət və bağışlamaq isə Xudavənd Allahımıza məxsusdur, çünki biz Ona qarşı üsyan etmişik. Allahımız Rəbbin sözünə qulaq asmadıq, Öz qulları peyğəmbərlər vasitəsilə bizə verdiyi qanunlarına əməl etmədik.

Təfsir

Danielin duası – təqsirin təntənəli şəkildə etiraf edilməsidir. Dərin və səmimi tövbə təvazökar insana xasdır və o, bu etirafı daha da təvazökar edir. Təkəbbürlü insan isə heç vaxt üzr istəmir. O, etdiyi şərə daim bəraət qazandırır və günahı başqalarının üzərinə atır: öz gözündə o, kamildir və heç vaxt səhv etmir. İncilin ən parlaq nümunələrindən biri ağıllı quldurdur. O, digər cinayətkara deyir: « Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa [İsa] heç bir haqsızlıq etməmişdi» (bax: Lk 23,41). Bu etiraf qüsursuzdur: «Biz əməllərimizin qarşılığını ədalətlə alırıq, çünki günah etmiş və şər işlər görmüşük». Məhz bu dürüstlüyünə görə göylərin qapıları onun üçün dərhal açılır. Biz də çox vaxt tövbəyə gələndə instinktiv olaraq özümüzə bəraət qazandırmağa çalışırıq: «Səbrimi itirdim, amma məni o qəzəbləndirdi…» «Messaya getmədim, çünki çox işim var idi…». Belə etdikdə öz günahlarımızın içində qalırıq. «Bu mənim günahımdır» deməyin dəyəri böyükdür. Lakin məhz bu böyük söz insana azadlıq bəxş edir.

İNCİL Luka 6,36-38

Atanız mərhəmətli olduğu kimi siz də mərhəmətli olun. Mühakimə etməyin, siz də mühakimə olunmazsınız. Hökm çıxarmayın, sizə də hökm çıxarılmaz. Başqalarını bağışlayın, siz də bağışlanacaqsınız. Verin, sizə də veriləcək: silkələnib basa-basa dolan bol bir ölçü ilə sizə qucaq-qucaq veriləcək. Çünki hansı ölçü ilə ölçsəniz, sizin üçün də eyni ölçü ilə ölçüləcək».

Təfsir 

Ən çox etiraf etməli olduğumuz günahlardan biri başqasını qınamaqdır. Təəssüf ki, yaxınını (heç olmasa ürəyində) heç vaxt mühakimə etməyən insanlara çox nadir hallarda rast gəlinir. İsanın burada işlətdiyi üç feli diqqətə alın. Əsas açar ikinci feldir — “mühakimə etmək”, yəni “hökm vermək”: məhz bu söz problemin kökünü açır. Ümumiyyətlə mühakimə etmədən yaşamaq mümkün deyil. Kimsənin oğurluq etdiyini görəndə biz sadəcə faktı qeyd edirik: “Bu adam oğrudur”. Yalan eşidəndə “Bu adam yalan danışır” deyirik. Bu müşahidə qaçılmazdır — ağlın işi budur və hələ özü-özlüyündə günah deyil. Problem o zaman başlayır ki, biz qınamağa keçirik və şüurlu şəkildə başqasına hökm çıxarırıq: istəyirik ki, o cəzasını çəksin; elə bil, hakim olsaydıq, ona sərt cəza verərdik. Amma biz onun hansı səbəbdən oğurluq etdiyini və ya yalan danışdığını bilirikmi? Xeyr. Ürəyi yalnız Allah görür; ədalətli Hakim yalnız Odur. Buna görə Rəbb bizdən Onun yerinə keçməməyi, Onun səlahiyyətini öz üzərimizə götürməməyi istəyir. Yaxınımızla münasibətdə vəzifəmiz — birinci feldən dərhal üçüncüyə “tullanmağı” öyrənməkdir: həqiqəti görüb (əməli ayırd edərək), hökm mərhələsini atlayıb və dərhal bağışlamağa keçmək. Əgər biz bu cür “atlanışa” hazır olsaq, onda öz günahlarımızın da bağışlanmasını əldə edərik.

28 fevral 2026, 11:42