2019.02.14 Santi Cirillo e Metodio - icona sul legno

Liturgiya oxunuşları: 14 FEVRAL. Müq. Kirill və Mefodiy

“İsa dünyaya Atanın məhəbbətini gətirdi və onu qardaşlıq ruhunda yaymaq istəyir. O, dərhal şagirdlər icmasını yaradır, çünki Onun məqsədi sadəcə ünsiyyət deyil, Allahın Padşahlığını dərhal elan etməkdir. Yetmiş iki şagird hamımızı təmsil edir: keşişləri, katexizatorları və xəstələrə, rədd edilənlərə xidmət edən bütün imanlıları. Hər kəs missioner olmağa– İsanın dəvətinə cavab verməyə və dünyaya Səmavi Padşahlığın artıq yaxın olduğunu müjdələməyə çağırılıb” (Papa Fransisk).

Kirill və Mefodinin həyatı Allaha məhəbbətin həqiqi bir himnidir. Yalnız Rəbdən qaynaqlanan sevgi bu qardaşları vətənlərini tərk etməyə və saysız-hesabsız çətinliklərlə üzləşməyə sövq edə bilərdi; onlar özlərini slavyan xalqlarına xidmətə həsr etdilər. Onların məqsədi təkcə müjdələmə deyildi, həm də mədəni özünəməxsusluğun qorunması idi: onlar slavyan mədəniyyətinin yunan və latın mədəniyyəti ilə bərabər dəyərə malik olduğunu qəbul etdilər. 1980-ci ildə müq. II İoann Pavel onları müq. Nursiyalı Benedikt ilə birlikdə Avropanın səmavi himayədarları elan etmişdir. Bu iki qardaşlar Saloniki şəhərində doğulmuşdular; həmin dövrdə bu şəhər Şərqi imperiyanın ən mühüm ticarət mərkəzlərindən biri idi. Mefodiy (yeddi uşağın ən böyüyü) təxminən 815–816-cı illərdə, Kirill (ən kiçiyi) isə təxminən 827–828-ci illərdə dünyaya gəlmişdir. Ataları Leo imperiya magistratı və möhkəm imanlı xristian idi. Anaları Mariya böyük müdrikliyə malik, dərin iman sahibi bir qadın idi. Məhz valideynləri onların mənəvi tərbiyəsinin bünövrəsini qoymuş, eyni zamanda oğullarının gələcəkdə diplomatik karyera qura bilmələri üçün dünyəvi təhsillərinə də xüsusi diqqət yetirmişdilər. Qardaşlar paytaxtda imperiyanın ali məktəbində təhsil almışdılar və xarakter etibarilə bir-birindən fərqlənirdilər: Kirill təfəkkürə və sakitliyə meyilli idi, elmi və düşüncəni səmimi qəlbdən sevirdi; Mefodiy isə əməl adamı idi və bu xüsusda atasını xatırladırdı – polad iradəyə malik, uzaqgörən bir idarəçi idi. Bir dəfə o, müxaliflərinə belə demişdi: «Mənimlə inadkarlıq etmək faydasızdır: dəmirə rast gələcəksiniz». Konstantinopl Kilsəsi və Bizans imperatoru ilə sıx bağları olan qardaşlar müxtəlif torpaqlara müjdəçi kimi göndərilirdilər. Lakin onların ən mühüm xidməti Pannoniya və Moraviyadakı missiya oldu. Burada Kirill yerli əhali üçün yeni bir əlifba hazırladı və müqəddəs mətnləri tərcümə etdi. Ölümündən əvvəl Kirill bütünlüklə özünü Allaha həsr edərək rahib olmaq arzusunu bildirdi. Həmin gün o dedi: «Bundan sonra mən nə imperatora, nə də yer üzündə hər hansı bir insana xidmətçi deyiləm, yalnız Qüdrətli Allaha məxsusam. Mən yox idim, indi varam və əbədi olaraq var olacağam. Amin…». Müqəddəs qardaşların missiyası bütün qitəni əhatə edən, mədəni, dil və siyasi bölünmələri aşan birliyin toxumuna çevrildi.

BİRİNCİ OXUNUŞ  Həv 13,46-49

Paulla Barnaba isə cəsarətlə dedilər: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq. Çünki Rəbbin bizə əmri belə idi: “Səni millətlərə nur etmişəm ki, xilası dünyanın ən uzaq yerlərinə yayasan”». Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi. Beləliklə, Rəbbin kəlamı bütün bölgəyə yayıldı.

Təfsir

Allahın Kəlamı hamıya ünvanlanıb və xilas hər kəs üçün nəzərdə tutulub. Paul və Barnaba bunu aydın şəkildə dərk edirdilər və Rəbbin şagirdləri arasında dirilmiş Məsih haqqında müjdəni bütpərəstlərə qətiyyətlə təbliğ edən ilk şəxslər oldular. Bu xalqların kəffarə, günahlardan azadlıq və əbədi həyat barədə ən kiçik təsəvvürü belə yox idi. Bu bütpərəst xalqların bir çoxu artıq nizamlı ictimai həyata malik idi – yunan dünyasının mədəniyyət və fəlsəfəsini, yaxud Roma imperiyasının ictimai quruluşunu xatırlamaq kifayətdir. Onlara yalnız bir həqiqət çatışmırdı: bütün bu əzəmət daha uca bir nizama işarə edir, vahid Yaradan Allaha və bütün insan nizamını günahların bağışlanması vasitəsilə İlahi həyata yönəldən Allah-İnsan İsa Məsihə iman etməyə çağırır. Paul və Barnaba xalqlara məhz bunu müjdələyirdilər və birinci əsrdə saysız-hesabsız insanlar xristian oldular. Eyni şövq Kiril və Mefodini də ruhlandırmışdı; onlar bu rəşadəti ilk dəfə slavyan dünyasında – bu gün Şərqi Avropa adlandırdığımız torpaqlarda həyata keçirdilər. Onlara böyük maddi vasitələr lazım deyildi: yalnız Allaha sonsuz iman və Müqəddəs Ruhun alovu kifayət idi.

İNCİL Luka 10,1-9

Bu hadisələrdən sonra Rəbb başqa yetmiş nəfəri təyin etdi və onları iki-iki Özünün gedəcəyi hər şəhərə və hər yerə Özündən əvvəl göndərdi. Onlara dedi: «Məhsul çoxdur, işçilərsə azdır. Buna görə də məhsulun Sahibinə yalvarın ki, Öz məhsulunu yığmaq üçün işçilər göndərsin. Gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. Özünüzlə nə kisə, nə torba, nə də çarıq götürün. Yolda heç kimlə salamlaşıb danışmayın. Hansı bir evə girsəniz, əvvəl “Bu evə əmin-amanlıq olsun!” deyin.Əgər orada əmin-amanlığa layiq bir adam varsa, dilədiyiniz əmin-amanlıq onun üzərində qalacaq. Əks halda o sizə qayıdacaq. Girdiyiniz evdə qalın, sizə nə verirlərsə, yeyib-için, çünki işçi öz haqqına layiqdir. Evdən evə köçməyin. Hansısa bir şəhərə girdiyiniz zaman sizi qəbul edirlərsə, qabağınıza qoyulanı yeyin. Orada olan xəstələrə şəfa verin və onlara deyin: “Allahın Padşahlığı sizə yaxınlaşıb”.

Təfsir 

Rəbb Öz hüzurunu dünyaya müjdələmək üçün ilk köməkçilərini göndərir ki, insanlar ürəklərini açsınlar, hazırlaşsınlar və tövbə edərək Ona tərəf yönəlsinlər. Bu ilk göndəriş beş əsas xüsusiyyətə malikdir:

1. İşçilərin çoxalması üçün dua. İsa “məhsulun Sahibinə dua edin” çağırışını dinləyən izdihama deyil, məhz yetmiş iki şagirdin özünə ünvanlayır.

2. Sülhün daşıyıcıları. Şagirdlər Məsihin sülhünə “bürünmüşlər”. Evə daxil olarkən bu sülhü orada yaşayanlara bəxş etməlidirlər. Bu, o qədər gerçəkdir ki, əgər sülh qəbul olunmazsa, o, yenidən göndərilənlərin özünə “qayıdır”.

3. “Güclü külək” ruhu. Onlar ləngiməməlidirlər: İsa şagirdləri boş söhbətlər üçün dayanmağa və evdən-evə keçməyə çəkindirir. Missiya cəldlik tələb edir.

4. Yoxsulluq və təvəkkül. Şagirdlər yoxsul olmalı və yalnız Allahın qayğısına arxalanmalıdırlar. Bu, “mütəşəkkil komanda” deyil: onların mehmanxanalarda öncədən yerləri və artıq əşyaları yoxdur. Onlar yalnız daşıdıqları Müjdə ilə zəngin olmalıdırlar.

5. Həqiqətin əlamətləri. İnsanları göndərişin doğruluğuna inandırmaq üçün şagirdlər möcüzələr göstərir, İsanın adı ilə xəstələri sağaldırlar.

Bu xüsusiyyətlər müasir həvarilərə də xas olmalıdır, çünki Rəbb “İsa Məsih dünən də, bu gün də və əbədi olaraq Eynidir” (İbr. 13,8).

14 fevral 2026, 01:29