Liturgiya oxunuşları: 13 FEVRAL. Adi Dövrün V həftəsinin cüməsi
BİRİNCİ OXUNUŞ 3 Pad (1 Pad) 11,29-32;12,19
O zaman günlərin birində Yarovam Yerusəlimdən çıxdı və yolda Şilolu peyğəmbər Axiya onu qarşıladı. Axiya təzə paltar geymişdi. Çöldə yalnız onlar ikisi idi. Axiya əynində olan təzə paltarı götürüb on iki yerə cırdı. Sonra Yarovama dedi: «Özünə on hissə götür, çünki İsrailin Allahı Rəbb belə deyir: “Mən padşahlığı Süleymanın əlindən çəkib alıram və on qəbiləni sənə verirəm. Ancaq qulum Davudun xatirinə və İsrailin bütün qəbilələrindən seçdiyim şəhər olan Yerusəlimdən ötrü bir qəbilə onun olacaq. Beləcə İsraillilər Davudun sülaləsinə qarşı qalxdılar və bu indiyə qədər belədir.
Təfsir
İnsan Allahı dinləməyəndə nəticədə bölünmələr, mübahisələr, firqələşmələr və parçalanmalar başlayır. Belə anlarda insanlar dünyanı yalnız öz subyektiv prinsiplərinə əsaslanaraq idarə etməyə çalışırlar və bu, həmişə süquta aparır. Rəbbin qüdrətli əli ilə Misirdən çıxardığı İsrail xalqı üçün bu bölünmə əsl faciəyə çevrildi. Peyğəmbər Axiya rəmzi bir hərəkət edərək Yarovama Davudun mülkünün bir hissəsinə başçılıq edəcəyini qabaqcadan bildirir. Nəticədə vahid padşahlıq iki yerə parçalanır: İsrail (on qəbilə) və kiçik Yəhuda (iki qəbilə). Bu, günahın hətta ən çiçəklənən dövləti belə necə dağıtdığının aydın nümunəsidir. Birinci liturgiya oxunuşu xatırladır ki, yalnız həqiqi Allah və həqiqi İnsan olan Məsih insan təkəbbürünün dağıtdığını yenidən birləşdirməyə qadirdir. Onun rəhbərliyi olmadan qalan insanlar, ilkin günahla zədələnmiş təbiətlərinə uyaraq, dünyanı qaçılmaz olaraq parçalayırlar. Bu gün parçalanmış dünyamıza baxaraq, bizə ilk xristianların duasını təkrarlamaq qalır: “Maranafa, gəl, ya Rəbb İsa!” Gəl ki, bizi bir ailədə toplayasan və Allahın övladlarının birliyi və müqəddəsliyi hər kəs üçün görünən olsun.
İNCİL Mark 7, 31-37
İsa yenə Sur bölgəsindən çıxdı, Sidonu keçdi və Dekapolis bölgəsindən keçərək Qalileya gölünə çatdı. Bir kar və pəltək adamı İsanın yanına gətirdilər və yalvardılar ki, əlini onun üzərinə qoysun. İsa həmin adamı camaatdan ayırıb başqa bir yerə apardı və barmaqlarını bu adamın qulaqlarına qoydu, tüpürüb onun dilinə toxundu. Göyə baxdı, ah çəkərək ona dedi: «Effata!», yəni «Açıl!» O anda bu adamın həm qulaqları açıldı, həm də dilinin bağlılığı düşdü və o aydın danışmağa başladı. İsa bunu görənlərə qadağan etdi ki, bu barədə heç kimə heç nə deməsinlər. Lakin nə qədər çox qadağan etsə də, o qədər çox xəbər yaydılar. Hamı hədsiz təəccüblənərək dedi: «Hər işin öhdəsindən yaxşı gəlir: həm karların qulağını, həm də lalların dilini açır».
Təfsir
Bu möcüzə digərlərindən bir qədər fərqlənir və bizə birbaşa aiddir. İsa kar və lal olan bir adamı kütlədən uzağa, kənara aparır; orada hay-küy və qarışıqlıq olmamalıdır. Sonra O, həkimin xəstəni müayinə edərkən zədələnmiş yerləri toxunuşla müəyyən etməyə çalışdığı kimi, ona toxunur. Bundan sonra O, göyə baxaraq Atanı çağırır. Nəhayət, dərin bir ah çəkərək qulaqlara və dilə açılmağı əmr edir. Gəlin özümüzü həmin kar və lalın yerinə qoyaq: Allahın Kəlamı eşidilmir, çünki o, minlərlə başqa səslə boğulur, bu dünyanın gətirdiyi saysız-hesabsız yanlış düşüncələrlə qarışır. Rəbb insanı tənhalığa aparır və Öz toxunuşu ilə şəfa verir. Bu hadisə Müqəddəs Messanı xatırladır: sakit və ayrılmış məkan; daxili xəstəlik; İsanın Səmavi Ataya müraciəti; Məsihin Bədəni. Və budur, qulaqlar Allahı dinləmək üçün açılır, dil isə Onun adından aydın danışmaq üçün azad olur. Yalnız sonluqda bir fərq var: İncilə görə bu konkret sağaldılmış şəxs dərhal möcüzəvi şəfasını yaymamalı idi; biz isə əksinə, şahidlik etməyə və hər kəsə İsanın ruhun və bədənin həqiqi Həkimi olduğunu bəyan etməyə borcluyuq.