2023.08.07 Bibel - Bibbia Credits: ED Wien

Liturgiya oxunuşları: 12 FEVRAL. Adi Dövrün V həftəsinin cümə axsamı

“Sirofinikiyalı qadının yolu – Allahı axtaran və Onu tapan xoş niyyətli insanın yoludur. İmanına görə Rəbb onu xeyir-dua ilə mükafatlandırır. Lakin bu, həm də bu gün eyni yolu keçən bir çox insanın hekayəsidir. Müqəddəs Ruhun özlərini Allaha doğru aparmasına imkan verən həmin insanları Rəbb gözləyir.” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ  3 Pad (1 Pad) 11,4-13

Onlar Süleymanın qocalıq çağında onun ürəyini başqa allahlara tərəf azdırdılar və onun ürəyi atası Davuddan fərqli olaraq Allahı Rəbbə sadiq deyildi.Süleyman Sidonluların ilahəsi Aştoretə və Ammonluların iyrənc bütü Milkoma xidmət etdi.Süleyman Rəbbin gözündə pis olan işlər etdi və atası Davuddan fərqli olaraq Rəbbə tamamilə xidmət etmədi. Onda Süleyman Yerusəlimin şərqindəki dağda Moavın iyrənc bütü Kemoş üçün və Ammon övladlarının iyrənc bütü Molek üçün səcdəgah düzəltdi. O öz allahlarına buxur yandıran və qurbanlar gətirən bütün yadelli arvadları üçün belə etdi. Rəbb Süleymana qəzəbləndi, çünki onun ürəyi İsrailin Allahı Rəbdən dönmüşdü. Rəbb ona iki dəfə görünərək «başqa allahlara xidmət etmə» deyə bu barədə əmr etdi, o isə Rəbbin əmrinə əməl etmədi. Ona görə də Rəbb Süleymana dedi: «Bu niyyətdə olduğuna görə, sənə əmr etdiyim əhdimə və qaydalarıma əməl etmədiyin üçün Mən hökmən padşahlığını əlindən çəkib alacağam və onu sənin quluna verəcəyəm. Ancaq atan Davudun xatirinə Mən bunu sənin dövründə etməyəcəyəm, onu sənin oğlunun əlindən çəkib alacağam.  Həm də bütün padşahlığı çəkib almayacağam, qulum Davudun xatirinə və Mənim seçdiyim Yerusəlimdən ötrü bir qəbiləni sənin oğluna verəcəyəm».

Təfsir

Süleyman Allahdan hökm verməkdə müdriklik hədiyyəsini aldı və ümumi qəbul edilmiş fikrə görə yer üzünün ən müdrik insanlarından birinə çevrildi. Onun dövründə İsrail firavanlıq içində idi: məhz Süleymanın hakimiyyəti zamanında ölkə ən böyük sərhədlərinə çatdı və ən parlaq inkişaf dövrünü yaşadı. Lakin sonra öyrənirik ki, onun 700 arvadı var idi. Doğrusu, bu, həddindən artıq idi. Buna görə Allah onu məzəmmət etdi və demək olar ki, “rədd etdi”. Rədd edilməsinin səbəbi maraqlıdır: təkcə arvadlarının çoxluğu deyil, xüsusilə yadelli qadınlara meyli idi. O, çoxlu sayda qonşu xalqlardan qadınlarla evləndi və bu qadınlar Yerusəlimə köçərək öz bütlərini gətirdilər, öz inanclarını yaymağa başladılar. Məhz bu idi yolverilməz olan: Süleyman bütpərəst ayinlərin İsrailin dini həyatına nüfuz etməsinə imkan verdi. Buna görə Allah onu məzəmmət etdi və padşahlığı əlindən aldı. Süleyman bütün müdrikliyinə baxmayaraq, Rəbbə itaət göstərmədiyi üçün lütfdən məhrum edildi. Həm padşah Davud, həm də onun oğlu Süleyman günah etmişdilər, lakin aradakı fərq budur: Davud ağır günah işləsə də, tövbə etdi; Süleyman isə etmədi — o, öz fikrində qaldı. Davud təvazökar idi, Süleyman isə sonda təkəbbürə qərq oldu.

İNCİL Mark 7,24-30

İsa oradan ayrılıb Sur bölgəsinə getdi. O bir evə girdi və istəmədi ki, harada olduğunu bilən olsun. Amma bunu gizlədə bilmədi.  Bir qadının azyaşlı qızı natəmiz ruha tutulmuşdu. Qadın İsa haqqında xəbər tutan kimi gəlib Onun ayaqlarına düşdü. Bu qadın Suriya Finikiyasında doğulmuş bir Yunan idi. O, İsaya yalvardı ki, qızından cini çıxartsın.  İsa ona dedi: «Qoy əvvəl uşaqlar doysun, çünki uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». Qadınsa Ona cavab verdi: «Ya Rəbb, axı itlər də uşaqların süfrə altına tökdüyü qırıntılardan yeyir». İsa qadına dedi: «Get, sənin bu sözünə görə cin qızını tərk etdi». Qadın evinə gələndə gördü ki, qızı yatağında uzanıb və cin ondan çıxıb.

Təfsir 

Görünür, bu, Rəbbin İsrail sərhədlərini aşaraq qonşu ölkədə – Livanda – bir neçə gün keçirdiyi yeganə hadisədir. Orada israillilər deyil, müxtəlif mənşəli insanlar yaşayırdı və onların çoxu bu və ya digər dərəcədə bütpərəst idi. Bəs nə üçün möcüzə istəyən qadına O deyir ki, yalnız İsrailə göndərilmişdir və uşaqlar üçün nəzərdə tutulmuş çörəyi yadellilərə verə bilməz? Əgər bu həqiqətən belə olsaydı, Onun Livana getmək niyyəti belə olmazdı. Amma O gedir. Qadının cavabı isə müstəsnadır: o, həqiqi dinin mövcudluğunu qəbul edir (“uşaqlar” və “çörək”), lakin bu sərvətin bir zərrəsinin də yəhudi vəhyinin tamlığına malik olmayanlara çatmasını xahiş edir. O, sanki sonralar ümumdünya müjdələməsinə çevriləcək xəzinənin qapağını açır: Allah hamı üçündür və artıq “imtiyazlı” xalqlar yoxdur. Rəbbin bu “xarici səfərə” çıxmasının səbəbi də məhz budur: İncilin yeni dövrünü açmaq. İsrail üçün ilk möcüzə Qanadakı toyda suyun şəraba çevrilməsi oldu; bütpərəstlər üçün isə ilk əlamət cinin qovulması idi. Məntiq sadədir: həqiqi Sahib gəlməzdən əvvəl “qanunsuz sakin” (şeytan) getməlidir! Lakin məqsəd eynidir: dünyanın Xilaskarının artıq gəldiyini bəyan etmək.

12 fevral 2026, 12:33