Liturgiya oxunuşları: 11 FEVRAL. Lurdlu Əqdəs Məryəm Ana
“Gözəl Xanım” – Məryəm Ana, Bernadetta Subiru-ya ümumilikdə on səkkiz dəfə görünmüşdür. Müqəddəs Məryəmin ona açdığı müraciətlərin məzmununu bir neçə əsas sözlərdə ümumiləşdirmək olar: dua, tövbə, iman yoluna dönüş və Günahsız Döllənmə. Bu böyük sirləri Əqdəs Məryəm oxumağı və yazmağı bilməyən, cəmi on dörd yaşlı, sadə və təvazökar bir çoban qızına etibar etmişdi. Dünya isə bu hadisələri əvvəlcə şübhə və inamsızlıqla qarşıladı. 23 fevralda, zühurlar artıq on iki gündür davam edərkən, “Lavedan” qəzeti istehzalı bir məqalə dərc etdi: «Katalepsiya xəstəsi sayılmasına əsas verən bütün əlamətləri daşıyan bu qız bir neçə gündür Lurd sakinlərinin diqqətini cəlb edir və marağını oyadır. Söhbət guya Əqdəs Bakirənin zühurundan gedir». Həmin dövrdə ictimai rəy də bu mövqedən demək olar ki, fərqlənmirdi. Lakin Məryəm hər zaman sadə insanları seçir — dünyanın gözündə əhəmiyyətsiz görünən, lakin Allahın nəzərində dəyərli olanları. Məhz bu cür “kiçiklər” vasitəsilə Onun məhəbbəti haqqında müjdə milyonlar üçün görünən və anlaşılan olur. 18 yanvar 1862-ci ildə Tarba yeparxiyasının yepiskopu zühurları rəsmi şəkildə həqiqi kimi tanıdı. Lurd beynəlxalq Məryəm ziyarətgahı elan edildi. O vaxtdan bəri dünyanın hər tərəfindən gələn saysız-hesabsız möcüzələr və ziyarətlər Lurdun ayrılmaz hissəsinə çevrilmiş və bu günədək davam etməkdədir.
BİRİNCİ OXUNUŞ 3 Pad (1 Pad) 10,1-10
Səba mələkəsi Rəbbin adından ötrü Süleymanın şöhrətini eşidib onu tapmacalarla sınamağa gəldi. O, çox böyük karvanla – ətriyyat, çoxlu qızıl və qiymətli daşlarla yüklənmiş dəvələrlə Yerusəlimə, Süleymanın yanına gəldi və ürəyində olan hər şey barədə onunla söhbət etdi. Süleyman onun bütün suallarına cavab verdi, elə bir gizli şey olmadı ki, padşah ona izah etməsin. Səba mələkəsi Süleymanın bütün hikmətini və onun tikdiyi sarayı, süfrəsindəki yeməyi, əyanlarının oturuşunu, qulluqçularının xidmətini və onların geyimlərini, saqilərini, Rəbbin məbədində gətirdiyi yandırma qurbanlarını görəndə daha özünü saxlaya bilmədi. O, padşaha dedi: «Sənin işlərin və hikmətin barədə öz ölkəmdə eşitdiyim sözlər düz imiş. Gəlib öz gözlərimlə görənə qədər mən bu sözlərə inanmamışdım. Mənə heç gördüklərimin yarısı danışılmayıb, sənin hikmətin və var-dövlətin mən eşitdiyim şöhrətdən üstündür. Sənin adamların nə bəxtiyardır, bu qulluqçuların nə bəxtiyardır ki, həmişə önündə durub hikmətini eşidirlər. Allahın Rəbbə alqış olsun ki, səni istəyib İsrail taxtında oturtdu! Rəbb İsrailə olan əbədi sevgisi naminə ədalət və salehliklə hökm etmək üçün səni padşah qoydu». Səba mələkəsi padşaha yüz iyirmi talant qızıl, çoxlu ətriyyat və qiymətli daşlar bağışladı. Onun padşah Süleymana verdiyi qədər çox ətriyyat hələ heç vaxt gəlməmişdi.
Təfsir
Qədim dövrlərdə bir hökmdarın digərini ziyarət etməsi adi bir hal idi: beləliklə hərbi və ya ticarət ittifaqları qurulurdu. Səba mələkəsi müasir Ərəbistan ərazilərindən yola çıxmışdı və bu, olduqca uzun bir səfər demək idi. Onun gördükləri isə onu heyrətə saldı: Süleymanın hikməti və İsrail adlı kiçik dövlətdə hökm sürən mükəmməl nizam mələkəni inandırdı ki, bütün bunların arxasında daha böyük bir qüvvə dayanır. Onun qəlbi “İsraili sevən Rəbbə” həmd etməyə açıldı. Səba mələkəsinin Uca Allahın kim olduğu barədə heç bir təsəvvürü yox idi və İsrailin keçmişi haqqında da heç nə bilmirdi. Lakin o, nəticələri gördü: “Əgər sən bu qədər müdriksənsə, əgər qısa müddət ərzində xalqını firavanlığa çatdırmısansa və beynəlxalq şöhrət qazanmısansa, deməli, sənin Allahın həqiqətən qüdrətlidir”. Həmin dövrdə dini şüur bugünkü dövrlə müqayisədə daha dərin idi. Bu gün isə bir xalqın böyüklüyü yalnız insanların qabiliyyətlərinə aid edilir, Allah isə şəxsi həyatın kənarına sıxışdırılır. Lakin bugünkü mətn və Səba mələkəsinin səsləndirdiyi həmd bizi yenidən həqiqətə qaytarır: Kainatın yeganə Hakimi Allahdır və Allah birdir — Ata, Oğul və Müqəddəs Ruh. Başqa tanrılar yoxdur — bunu Birinci Əmr açıq şəkildə bəyan edir.
İNCİL Mark 7, 14-23
İsa yenə camaatı yanına çağırıb onlara dedi: «Hamınız Mənə qulaq asın və dərk edin. Kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz. Amma insanı murdar edən şeylər daxilindən çıxanlardır». İsa camaatdan ayrılıb evə gələndə şagirdləri bu məsəl barəsində Ondan soruşdular. İsa onlara cavab verdi: «Siz də hələ dərk etməmisiniz? Başa düşmürsünüz ki, kənardan insanın daxilinə girən şey insanı murdar edə bilməz? 19 Çünki daxil olan şeylər onun ürəyinə deyil, qarnına gedir və ifraz olunur». İsa bununla bütün yeməklərin təmiz olduğunu bəyan etdi. O, sözünə davam etdi: «İnsanı murdar edən insandan çıxandır. Çünki insanların daxilindən, ürəyindən pis fikirlər, cinsi əxlaqsızlıq, oğurluq, qatillik, zinakarlıq, tamahkarlıq, şər əməllər, hiylə, pozğunluq, paxıllıq, küfr, lovğalıq və ağılsızlıq çıxar. Bütün bu pis işlər insan daxilindən çıxıb onu murdar edir».
Təfsir
İncil mətnlərində Rəbb nadir hallarda bu gün gördüyümüz qədər qüdrətlə xitab edir: “Hamınız Məni dinləyin!.. Dərk edin!..” Daha sonra isə yalnız şagirdlərinə üz tutur: “Siz də hələ dərk etməmisiniz?” Bəs dərk edilməli olan nədir? Mətnin mahiyyətinə varmadan əvvəl, biz özümüz bu anı həqiqətən anlamağa hazırlaşmalıyıq; əks halda hər şey faydasız qalacaq. Diqqətsiz qulaq asmaq — sınıq qabın içinə su tökməyə bənzəyir. Betaniyalı Məryəm Müəllimin ayaqları yanında əyləşir və Onu aclıqla dinləyir; O, Rəbbin hər bir sözünü sanki “içir”. Allahın həqiqi övladları “Allahın sözünü dinləyir və ona əməl edirlər” (Lk 11,28). Biz buna hazırıqmı? Elə isə qulaq asaq: bizə zərər verən şey pis və murdar ürəkdən çıxanlardır. Budur mesaj. Biz yaxşı dinlədikmi? Anladıqmı? Əgər cavab müsbətdirsə, onda qaçılmaz olaraq bütün gücümüzlə çalışacağıq ki, dünya qayğılarını ürəyimizə buraxmayaq — çünki dünya, bədən və şeytan bu gün və ya sabah həmin qayğıların toxumunu orada səpmək istəyəcək. Lakin bu toxumlar bizdə kök sala bilməyəcək. Çünki diqqətlə dinləməyimiz, xeyirxah iradəmiz və ilahi lütf ürəyimizi təmiz etmişdir.