Axtar

2021.02.06 Gesù cura i malati e gli indemoniati, gli portavano tutti i malati e gli indemoniati - Marco 1:32

Liturgiya oxunuşları: 7 YANVAR. Epifaniyadan sonrakı çərşənbə

“İsa bizə “Allah yaxındır” deyir. O, maneələri aradan qaldırdı və məsafələri sildi. Biz buna layiq deyilik — O, Özü bizim yanımıza endi. Bu yaxınlıq qədim zamanlardan bəri Allahın "vərdişi" olub. O, borc hissinə görə deyil, sevgisinə görə insan oldu: axı biz həmişə sevdiyimizi üzərimizə götürürük. Allah bizə təkbaşına tapa bilmədiyimiz qurtuluşu vermək üçün insanlığımızı qəbul etdi. O, bizimlə olmaq, bizə qəlb rahatlığı və sevilmək sevinci vermək istəyir” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ 1 Yəh 3, 22-4,6

Və Ondan nə diləyiriksə, alırıq. Ona görə ki Onun əmrlərinə riayət edirik və önündə Ona məqbul olan işlər görürük. Onun əmri də budur ki, biz Onun Oğlu İsa Məsihin adına iman edək və Onun bizə əmr etdiyi kimi bir-birimizi sevək. Onun əmrlərinə riayət edən şəxs Allahda, Allah da onda qalır. Onun bizdə qaldığını bu yolla, bizə verdiyi Ruh vasitəsilə bilirik. Ey sevimlilər, hər ruha inanmayın; ruhların Allahdan olub-olmadığını bilmək üçün onları sınaqdan keçirin. Çünki dünyada çoxlu yalançı peyğəmbər meydana çıxıb. Allahın Ruhunu bundan tanıya bilərsiniz: İsa Məsihin cismən gəldiyini iqrar edən hər ruh Allahdandır, İsanı iqrar etməyən hər ruhsa Allahdan deyil. Bu, «Məsih əleyhdarı»nın ruhudur ki, bu ruhun gələcəyini eşitmisiniz və indi də artıq dünyadadır. Sizsə, ey övladlar, Allahdansınız və yalançı peyğəmbərlərə qalib gəlmisiniz. Çünki sizdə olan Ruh dünyada olandan üstündür. Onlar dünyadandır, buna görə də dünyəvi mövqedən danışırlar və dünya onlara qulaq asır. Bizsə Allahdanıq. Allahı tanıyan bizə qulaq asır, Allahdan olmayansa bizə qulaq asmır. Həqiqət ruhunu və aldatma ruhunu bundan tanıyırıq.

Təfsir

İsa Məsih Allah-İnsandır, iki dünyanı  - təbii və ilahi olanı birləşdirən körpü və keçiddir. Bu iki sahil öz-özlüyündə bir-biri üçün əlçatmaz idi, lakin Məsihdə onların arasında əlaqə mümkün olur. Müqəddəs Ruhun bəxşişi anından, biz insanlar Allah ilə eyni həyatı yaşaya və ya daha dəqiq desək, onun iştirakçıları ola bilərik. Bəlkə də bunu hər zaman dərk etmirik, lakin bunu psixoloji səviyyədə daim yaşamaq o qədər də vacib deyil. Buna inanmaq və onu mübahisəsiz bir həqiqət kimi qəbul etmək kifayətdir - onda hər şey tədricən tamamlanacaq. Əgər Məsih bizdən götürülərsə, həmin körpü də bizdən götürülmüş olacaq: onda biz günahlarımıza qərq olaraq batacayıq. Buna görə də Həvari Yəhya yorulmadan İsanın cismani şəkildə gələn Allah kimi tanınmasında və Onu Ruhda qəbul etməyimizə imkan verən iman hərəkətində israr edir. Məsihsiz olan dünya isə bizə "dünyəvi şeyləri" - yəni natamam, səhv və bəzən şeytani şeyləri öyrədir. Müqəddəs Paul deyir: “Rəbbin adını çağıran hər kəs xilas olacaq” (Romalılara 10,13), çünki bu adın sayəsində içimizdəki hər şey dəyişir və biz Müqəddəs Ruhda yaşamağa başlayırıq.

İNCİL Matta 4,12-17.23-25

İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: «Zevulun və Naftali bölgələri, dənizkənarı yol, İordan çayının o biri tayı, müxtəlif millətlər yaşayan Qalileya – zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə Nur doğdu». İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi. Onun haqqındakı xəbər bütün Suriyaya yayıldı. Ona görə də İsanın yanına hər cür xəstəlik və iztirab çəkənləri, cinlərə tutulmuşları, epileptikləri və iflicləri gətirdilər. O da onlara şəfa verdi. Qalileyadan, Dekapolis bölgəsindən, Yerusəlimdən, Yəhudeyadan və İordan çayının o biri tayından böyük izdihamlar İsanın ardınca gedirdi.

Təfsir 

İsanın ictimai xidmətinin başlanğıcı valehedici  idi. Rəbb yoluna Livan və Suriya arasında sərhəd olan Qalileyada, yolların və xalqların kəsişməsində ("Bütpərəstlərin Qalileyası" adlanan yerdə) başladı. Orada hamı, cinləri asanlıqla qovan, əlinin bir hərəkəti ilə xəstələri sağaldan və iflic olanları tək bir sözlə ayağa qaldıran bir Adamı görəndə heyrətləndi. Və O, vəz edərkən hamı susub heyran olurnu, çünki O, Səmadan, Allahdan və əsl qardaşlıq sevgisindən danışırdı. Müəyyən mənada, Allaha yatan xalqı oyatmaq üçün belə bir səs-küylü başlanğıc "lazım idi"; axı, heç nə insanları möcüzələr qədər cəlb etmir. Lakin Onun etdiyi hər şey sadəcə bir əlamət idi: əsl möcüzə Onun Özü idi - o qədər ki, paltarına toxunan insanlar da dərhal sağalırdı. Lakin sonradan hər şey dəyişdi: insanlar oyandıqda O, çarmıx, qurban, qurtuluş və şəfqət haqqında danışmağa başladı. Axı, Allahın Quzusunun missiyası xəstəxanaları əvəz etmək deyil, dünyanın günahlarını Öz üzərinə götürmək idi. Möcüzə yalnız imanı oyandırmağa xidmət edirdi.

07 yanvar 2026, 08:54