Liturgiya oxunuşları: 6 YANVAR. Epifaniya – Allahın Zühuru
Çobanlar Körpə İsanı axurda yatan görüb Allahı izzətləndirdikdən sonra Xilaskar "Özünü başqa millətlərə aşkar etməyə başladı" (Müqəddəs Avqustin). Onun Şərqdən gələn Müdriklərə zühur etməsi bütün millətlərin qurtuluşa çağırıldığına işarədir. Epifaniya təkcə Allahın Oğlunu dünyaya aşkar etmir, həm də ürəkləri üzə çıxarır və göstərir ki, Məsih həm qəbul edilə bilər (çobanlar və Müdriklərin etdiyi kimi), həm də rədd edilə bilər (Hirod etdiyi kimi). Bu iki əks münasibət bizim də qəlblərimizdə yaşayır. Bizim bir hissəmiz, hər keçən gün müqəddəslik yolunda böyüməyə və daha da irəliləməyə hazırdır. Lakin içimizdə xəyalları, ümidləri və xeyirxahlıq, gözəllik və həqiqət arzusunu məhv etməyə hazır olan "daxili Hirod" da yaşayır. Bir tərəfdən, həyatın bir yol olduğunu və bu yoldan İsa kimi keçməli olduğunu dərk edirik; digər tərəfdən, uğur və gücün ilğımları bizi sınağa çəkir. Lakin, "İsanı tapmaq üçün başqa bir yol - Onun yolunu, təvazökar sevgi yolunu" seçməliyik (Papa Fransisk). Müqəddəs Böyük Leo öz moizəsində vurğulayırdı: "Yeni ulduzun işığı ilə istiqamətləndirilən üç müdrik adamın İsaya səcdə etməyə gəlmələri, əlbəttə ki, səbəbsiz deyildi. Lakin onlar Onun cinlərə əmr etdiyini, ölüləri diriltdiyini və ya korların görmə qabiliyyətini bərpa etdiyini görmədilər. Onlar səssiz, sakit, Anasının himayəsinə həvalə edilmiş bir Körpə gördülər. Onda heç bir zahiri güc əlaməti yox idi; əksinə, gözə yalnız bir böyük möcüzə aşkar edildi: Onun təvazökarlığı. Çünki şeytanı və dünyanı ram edən Xilaskarın bütün qələbəsi təvazökarlıqla başladı və təvəzökarlıqla tamamlandı."
BİRİNCİ OXUNUŞ Yeşaya 60,1-6
Qalx, işıqlan, çünki nurun gəldi, Rəbbin izzəti üzərinə gəldi! Budur, dünyanı qaranlıq, ümmətləri zülmət bürüyəcək. Amma Rəbb üzərinə nur saçacaq, izzəti səni əhatə edəcək. Millətlər sənin nuruna, padşahlar üzərinə çökən aydınlığa doğru gələcək. Qaldır başını, bax ətrafına, hamı yığılıb yanına gəlir! Oğulların uzaqdan gəlir, qızların qucaqda gətirilir. O vaxt bunu görüb üzün nur saçacaq, ürəyin sevincdən tez-tez çırpınacaq. Çünki uzaq ölkələrin var-dövləti sənə gətiriləcək, millətlərin sərvəti sənə gələcək. Dəvə sürüləri, Midyan və Efa köşəkləri torpaqlarını dolduracaq. Bütün Səba xalqı gəlib qızıl və kündür gətirəcək, Rəbbə həmdlər söyləyəcək.
Təfsir
Peyğəmbər Yeşaya Yerusəlimə müraciət edərək onu ayağa qalxmağa və işığa bürünməyə çağırır. Bu, güclü bir obrazdır: dünya qatı qaranlıqla örtülüb və birdən, sonsuz bir gecənin sükutunda böyük bir işıq alovlanır. Hər kəs ona tərəf yönəlir, çünki işıqsız həyat mümkün deyil. Bu işığın mənbəyini görən insanlar bir cazibə hiss edəcək və bu əzəmətli çırağın nurunda əbədi qalmaq üçün səyahətə çıxacaqlar. Bu metafora reallıqdan xəbər verir. Bir gün Yerusəlimdə (daha doğrusu, Beytlehmdə) həqiqətən dünyanın Nuru doğacaq və hamı Onu tanıyacaq. Onu axtarmayanlar qaranlıqda qalacaqlar. Əsl Nur Məsihdir, qaranlıq isə bizim günahlarımızdır. Üç müdrik adam ulduzların dilini deşifrə etdilər, Məsihin işığını tapmaq üçün yola düşdülər və Onu tapdılar. İsanın dövründən bəri bu yol daxili hala gəldi: xristian həyatımız günahın qaranlığından lütf işığına daimi bir keçiddir. Əhdi-Ətiq peyğəmbəri Yeşaya bu gün hər birimizə elan edir: işıq artıq parlayır!
İKİNCİ OXUNUŞ Ef 3,2-3a.5-6
Eşitdiyiniz kimi, Allahın sizin üçün mənə verdiyi lütfü sizə çatdırmaq vəzifəsini daşıyıram. Yuxarıda qısaca yazdığım kimi, Allah sirri mənə vəhy vasitəsilə bildirdi. Yazdıqlarımı oxuyanda Məsihin bu sirrini necə dərk etdiyimi anlaya bilərsiniz. Bu sirr əvvəlki nəsillərin dövründə bəşər övladlarına açıq bildirilməmişdi. İndisə Məsihin müqəddəs həvarilərinə və peyğəmbərlərinə Ruh vasitəsilə açılmışdır. Sirr budur ki, başqa millətlər də Müjdə vasitəsilə Məsih İsada eyni irsin ortağı, eyni bədənin üzvü və eyni vədin şərikidir.
Təfsir
Həvari Paul Yeşayanın qədim peyğəmbərliyinin mahiyyətini izah edir. "Sirr" sadəcə bir şəhərdə yandırılan böyük bir işıq deyil; bu, əvvəlcə tam aydın olmayan, lakin nəhayət Xilaskarın gəlişi ilə aşkar olunmuş Allahın niyyətidir. Müqəddəs Paul əminliklə iddia edir: Allahın niyyəti bütün millətlərin və bütün insanların tək bir xalq yaratması və tək bir Çobanın - Rəbb İsanın rəhbərliyi altında Allahın övladları olmasıdır. Digər məktublarda həvari deyəcək ki, artıq nə yəhudi, nə yunan, nə kişi, nə də qadın var, çünki hamımız Məsihdə birik. O, həmçinin bir çox üzvdən ibarət tək bir bədən bənzətməsindən istifadə edir. Əgər bu, Müqəddəs Ruhun ümumdünya planıdırsa, onda biz bir-birimizi fərq qoymadan sevərək onu həyata keçirməyə çağırılmışıq. Bu birliyə nail olunubmu? Bu layihə gerçəkləşibmi? Hələ yox və biz bunu dünyada baş verən hadisələrdə görürük. Lakin bu, layihənin səhv olduğu və ya fəaliyyətimizi dayandırmalı olduğumuz anlamına gəlmir. Allahın bu təşəbbüsünə inanan və onu gerçəkləşdirmək üçün əminliklə çalışan ilk insanlar bizik.
İNCİL Matta 2,1-12
İsa padşah Hirodun dövründə Yəhudeyanın Bet-Lexem şəhərində anadan olduqda müdrik adamlar şərqdən Yerusəlimə gəlib dedilər: «Yəhudilərin anadan olmuş Padşahı haradadır? Şərqdə Onun ulduzunu gördük və Ona səcdə qılmağa gəldik». Padşah Hirod bunu eşitdikdə özü və bütün Yerusəlim xalqı təlaşa düşdü. Hirod xalqın bütün başçı kahinlərini və ilahiyyatçılarını toplayaraq onlardan Məsihin harada doğulduğunu soruşdu. «Yəhudeyanın Bet-Lexem şəhərində» dedilər. «Çünki peyğəmbər vasitəsilə belə yazılıb: “Ey Yəhuda torpağındakı Bet-Lexem, sən Yəhuda hökmdarları arasında ən kiçik deyilsən, çünki xalqım İsrailə çoban olan Hökmdar səndən çıxacaq”». Onda Hirod müdrik adamları gizlicə çağırıb onlardan ulduzun göründüyü dəqiq vaxtı öyrəndi. «Gedin, Körpəni diqqətlə axtarın, tapan kimi mənə xəbər verin ki, mən də gedib Ona səcdə qılım» deyərək onları Bet-Lexemə göndərdi. Onlar padşahı dinlədikdən sonra yola düşdülər. O vaxt şərqdə gördükləri ulduz onlara yol göstərirdi. O, Körpənin olduğu yerin üzərinə çatdıqda dayandı. Onlar ulduzu gördükləri vaxt çox sevindilər. Evə girib Körpəni anası Məryəmlə birlikdə gördülər və yerə qapanaraq Ona səcdə qıldılar. Xəzinələrini açıb Ona hədiyyələri – qızıl, kündür və mirranı təqdim etdilər. Sonra röyada Hirodun yanına qayıtmamaq üçün xəbərdarlıq aldıqlarına görə başqa yolla öz ölkələrinə getdilər.
Təfsir
Yunanca "epifaniya" sözü "zühur" deməkdir. Dini mənada bu, "İlahi varlığın görünən şəkildə təzahürü" deməkdir. Bu ana qədər yalnız Məryəm və Yusif, bir neçə yerli çobanla birlikdə, Körpə İsada Allahı görmüş və Ona səcdə etmişdilər. Başqaları üçün bu, sirr olaraq qalmışdı. Lakin sonra üç nəcib əcnəbi gəldi və sözün əsl mənasında Hirodun sarayını və İsrail ağsaqqallarını qarışdırdı: məlum oldu ki, Beytlehemdə doğulacaq olan nəhayət bu dünyaya gəlmişdir. Və dərhal bir bölünmə baş verir, bir seçim zərurəti yaranır: ya Məsihlə, ya da Ona qarşı. Üç müdrik adam gedir, Zühura şahid olur və İnanılmaz olana – İnsan olmuş Allaha səcdə edirlər. Onlar xoşbəxtliklə doludurlar ("çox sevindilər"), təkcə özləri üçün deyil, həm də bütün dünya üçün. Axı, əgər Allah Allahdırsa, deməli, O, hər kəs üçündür (burada əvvəlki oxunuşlarla birbaşa əlaqə görürük). Əksinə, Hirod Onu aradan qaldırmaq üçün qatillər göndərir, çünki "yeni padşah" onun hakimiyyətinə təhdiddir. Bu Zühur heç bir möhtəşəm əlamətlərlərlə müşayiət olunmur. O, imanla qəbul edilməlidir. Bu, bu gün də doğrudur: ən ucqar kənd kilsəsində belə keçirilən hər Müqəddəs Messada İsa zühur edir, gəlir və Özünü tamamilə bizə bəxş edir.