Liturgiya oxunuşları: 5 YANVAR. Milad dövrünün bazar ertəsi
BİRİNCİ OXUNUŞ 1 Yəh 3,11-21
Əvvəldən bəri eşitdiyiniz xəbər budur: bir-birimizi sevək. Şərdən olub qardaşını öldürən Qabil kimi olmayaq. O, qardaşını niyə öldürdü? Ona görə ki öz əməlləri şər, qardaşının əməlləri isə saleh idi. Beləliklə, qardaşlar, dünya sizə nifrət edirsə, heyrətlənməyin. Qardaşlarımızı sevdiyimizə görə biz bilirik ki, ölümdən həyata keçmişik. Sevməyənsə ölümdə qalır. Qardaşına nifrət edən hər kəs qatildir. Bildiyiniz kimi, heç bir qatil özündə qalan əbədi həyata malik deyil. Məhəbbətin nə olduğunu bundan anladıq ki, Məsih Öz canını bizim üçün fəda etdi. Biz də öz canımızı qardaşlarımız üçün fəda etməliyik. Əgər kimsə dünya malına sahib olarkən qardaşını ehtiyac içində görüb ona rəhmi gəlmirsə, Allah məhəbbəti onda necə qala bilər? Ey övladlar, sözdə və dildə deyil, əməldə və həqiqətdə sevək. Bununla həqiqətdən olduğumuzu biləcəyik və ürəyimiz bizi məhkum edirsə, ürəyimizi Allahın önündə sakitləşdirəcəyik. Çünki Allah bizim ürəyimizdən üstündür və hər şeyi bilir. Ey sevimlilər, əgər ürəyimiz bizi məhkum etmirsə, demək, Allahın hüzurunda cəsarətlə danışa bilərik.
Təfsir
Müqəddəs Yəhyanın diqqət çəkən cəhəti onun konkretliyidir. O, Allahın məhəbbətinin həvarisi, mistik və ilahiyyatçıdır. O, məhəbbətdən başqa heç kimin danışa bilmədiyi tərzdə danışır, çünki ona Xilaskar İsa ilə yaxın ünsiyyətdə olmağın və Onu təmiz ürəklə sevməyin sevinci və lütfü verilmişdir. Amma eyni zamanda, o, bizə xatırladır ki, məhəbbət əməl tələb edir: yalnız sözlə sevməyin heç bir dəyəri yoxdur. Qonşuna olan sevgi Allaha çatan əsl məhəbbətdir, çünki "siz bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi Mənə etmiş oldunuz" (Matta 25, 40). Hamımız Allahı bütün qəlbimizlə, bütün canımızla və bütün gücümüzlə sevmək istəyirik və Allah Özü bizə bu əmri yerinə yetirməyin yolunu göstərir. Bu, bezikdirici bir insana qarşı səbirli olmaq, yaxın insanın corabını yumaq, ehtiyacı olan birinə kömək etmək üçün yarım saat vaxt itirmək, və ya ərzaq almaqda çətinlik çəkən qonşuya bir az pul vermək ola bilər. Bunları etdiyimiz anda biz İsanın Özünü sevirik və məhəbbətlə “çox günahı" örtürük (1 Peter 4, 8).
İNCİL Yəh 1, 43-51
Ertəsi gün İsa Qalileyaya getmək istədi. O, Filipi tapıb ona «ardımca gəl» dedi. Filip də Andrey və Peter kimi Bet-Sayda şəhərindən idi. Filip Natanaeli tapıb ona dedi: «Musanın Qanunda yazdığı, peyğəmbərlərin də bəhs etdiyi Şəxsi – Yusif Oğlu Nazaretli İsanı tapdıq». Natanael ona dedi: «Nazaretdən yaxşı bir şey çıxarmı?» Filip isə ona «gəl özün bax» dedi. İsa Natanaelin Ona tərəf gəldiyini görüb haqqında belə dedi: «Bu, həqiqətən, ürəyində hiylə olmayan bir İsraillidir». Natanael «Sən məni haradan tanıyırsan?» deyə Ondan soruşdu. İsa ona cavab verdi: «Filip səni çağırmazdan əvvəl səni əncir ağacının altında gördüm». Natanael Ona dedi: «Rabbi, Sən Allahın Oğlusan, İsrailin Padşahısan!» İsa ona cavab verib dedi: «Səni əncir ağacının altında gördüyümü söylədiyim üçünmü Mənə iman edirsən? Sən bunlardan daha böyük şeylər görəcəksən». Yenə ona dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: göyün yarıldığını və Allahın mələklərinin Bəşər Oğlu üzərinə enib-qalxdığını görəcəksiniz».
Təfsir
Filip və Natanael köhnə dost idilər. Onlar da, bir çox israillilər kimi, Məsihin gəlişini gözləyirdilər. Bir gün İsa yolda Filiplə qarşılaşdı və çox uzatmadan onu ardınca getməyə tabe çağırdı. Filip dərhal İsanın Məsih olduğunu anladı. O, buna o qədər əmin idi ki, tərəddüd etmədən bu böyük xəbəri dostu Natanael ilə bölüşmək istədi. Filip hətta dostunun ilkin şübhəsindən belə çəkinmədi, əksinə inamla davam etdi: "Gəl özün bax". İsa ilə görüşən Natanael də dərindən təsirlənir və etiraf edir: "Rabbi! Sən Allahın Oğlusan!" Bu iki dost o qədər sədaqətli və həvəsli olacaqlar ki, sonradan Getsemani bağının və Qolqotanın qaranlıq saatlarına baxmayaraq, Müəllimləri üçün canlarını fəda edəcək, uzaq diyarlarda şəhid olacaqlar.