Axtar

2020.01.24 III domenica del tempo ordinario anno A - Vangelo della Domenica - Gesu' e la vocazione

Liturgiya oxunuşları: 25 YANVAR. Adi Dövrün III Rəbb günü

"Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü". Dönmək - bu İşığı, Allahın Özünü görmək deməkdir. Çaşqınlığın, yalanların və ölümün qaranlığına qəfildən təbiətimizi qəbul edən Allahın Oğlu daxil olur. O, hər bir insanı maarifləndirən əsl İşıqdır. Məsih tərəfindən elan edilən Müjdə insan varlığının qaranlığını yox edir, ümidsizliyin hökm sürdüyü yerə həyat və aydınlıq gətirir” (Müq. II İoann Pavel).

BİRİNCİ OXUNUŞ Yeşaya 9,1-3

Lakin əzab çəkmiş xalq qaranlıqda qalmayacaq. Keçmişdə Rəbb Zevulun və Naftali bölgələrini alçaltdı, gələcəkdə isə dənizkənarı yolu, İordan çayının o biri tayını, müxtəlif millətlər yaşayan Qalileyanı şərəfə çatdıracaq. Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu. Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın, əkib-biçənlərin fərəhləndiyi, qənimət bölənlərin sevindiyi kimi onlar da Sənin hüzurunda sevindilər.

Təfsir

İsrailin şimal torpaqları eramızdan əvvəl 737-ci ildə Assuriya padşahı Tiqlat-Pileser tərəfindən ələ keçirildi və İsrail padşahlarının vəfasızlığı üzündən əhali Allahın iradəsi ilə sürgün edildi. Bu, əsl alçaldılma idi. Lakin Xilaskarın missiyası bir vaxtlar dönüklüklə səciyyələnən bu torpaqlardan başladı. Qaranlıqda olan torpaqlar Onun vəzi zamanı Allah-İnsanın nuru ilə işıqlanacaq. Beləliklə, Allah zədələnmiş hər şeyi sağaltmaq üçün insan taleyinə daxil oldu girdi, çünki insan tarixi həm də günah tarixidir. Məhz buna görə də, İman Şəhadətin sözləri ilə desək, "biz insanlar üçün və xilasımız üçün Allah göydən endi". Buna görə də, bu gün Yeşayanın dediyi kimi, "sevinci artırmaq" və "fərəhlənmək" üçün çağırılmışıq. Bu, bizim həyatımıza da aiddir. Həyatımızda ciddi, bağışlanmaz  səhvlər, ölümcül günahlar olubmu? Bunların heç biri ilahi lütfə mane ola bilməz. Əksinə, səmimi qəlbdən bağışlanma diləyərək, biz Allahın sonsuz mərhəmətini cəlb edirik və Onda yeni bir məxluq kimi yenidən doğuluruq.

İKİNCİ OXUNUŞ 1 Kor 1,10-13.17

Ey qardaşlar, Rəbbimiz İsa Məsih naminə sizə yalvarıram: hamınız həmfikir olun. Qoy aranızda dəstəbazlıq olmasın, eyni düşüncədə və eyni ağılda birləşin. Qardaşlarım, Xloinin evindəkilərdən aranızda münaqişələr olduğunu öyrəndim. Demək istədiyim budur ki, hər biriniz «mən Paulun ardıcılıyam», «mən Apollonun ardıcılıyam», «mən Kefanın ardıcılıyam» və yaxud «mən Məsihin ardıcılıyam» deyir. Məgər Məsih bölünmüşdü? Məgər sizə görə çarmıxa çəkilən Paul idi? Məgər siz Paulun adı ilə vəftiz edildiniz? Axı Məsih məni vəftiz etməyə deyil, Müjdəni yaymağa göndərdi. Məsihin çarmıxı boşa çıxmasın deyə Müjdəni müdrik sözlərlə yaymıram.

Təfsir

Fikir verin: şeytanın imanlılar icmasında etdiyi ilk şey nifaq toxumlarını səpməkdir. Əgər bir imanı və bir vəftizi iqrar edən qrup daxilində bölünmələr və qarşıdurmalar yaranırsa, birlik çat verir və bütün bina asanlıqla dağılır. Hər bir insan öz mövqeyini müdafiə edir və buna görə də  harmoniya məhv olur. Əksinə, Müqəddəs Ruhun işi ürəkləri birləşdirir və onları ahəngdar birliyə aparır. Bu birlikdə yaşamaq üçün Allahın lütfünə inanmalı və ikinci dərəcəli məsələlərdə fərqli fikirlərə sahib ola biləcək başqalarına qarşı dözümlü olmalıyıq. İsa Sonuncu Şam yeməyi zamanı böyük baş kahin duasında Ataya belə yalvardı: "Bizim kimi bir olsunlar" (Yəhya 17, 11). Bir ürək və bir bədən olmaq, xeyirin şər üzərində böyük qələbəsidir. Cənnətdə heç bir fraksiya və ya partiya olmayacaq... amma hamımız bir-birimizdən fərqli olacağıq! Bəs niyə insanlar orada heç vaxt mübahisə etmirlər? Çünki bütün hərisliklər və xudbinlik geridə qalıb.

İNCİL Matta 4,12-23

İsa Yəhyanın həbs olunduğunu eşitdikdə Qalileyaya qayıtdı. Nazaretdən çıxıb Zevulun və Naftali bölgəsində, Qalileya gölü kənarında yerləşən Kefernahumda məskən saldı. Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: «Zevulun və Naftali bölgələri, dənizkənarı yol, İordan çayının o biri tayı, müxtəlif millətlər yaşayan Qalileya – zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə Nur doğdu». O vaxtdan İsa vəz edib belə deməyə başladı: «Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb». İsa Qalileya gölünün sahilində gəzərkən suya tor atan iki qardaşı – Peter adlanan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. İsa oradan irəli gedib başqa iki qardaşı – Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar ataları Zavdayla birlikdə qayıqda torlarını düzəldirdilər. İsa onları çağırdı. Onlar da dərhal qayığı və atalarını qoyub Onun ardınca getdilər. İsa bütün Qalileyanı gəzir, onların sinaqoqlarında öyrədir, Səmavi Padşahlığın Müjdəsini vəz edir, xalq arasında hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa verirdi.

Təfsir 

İsa özü "uzaqlaşmağa" doğru ilk addımı atdı: O, Nazaretdəki rahat evini tərk etdi və əlli kilometr uzaqlıqdakı Kefernahumda  kiçik bir evə köçdü. Elə həmin andan etibarən O, Özünü tamamilə Öz missiyasına - İncilin vəz edilməsinə, Səmavi Atanın əsl simasının aşkar edilməsinə həsr etdi. Allahın sevgisi sonsuzdur: Rəbb hər kəsi Öz həyatının iştirakçısı olmağa çağırır. Lakin bunun üçün hər kəs dönməlidir. Bu söz "bir yerdən başqa yerə köçmək" və ya "istiqaməti dəyişdirmək" deməkdir. Allahın dünyasına daxil olmaq üçün sadəcə kiçik bir addım deyil, bir sıçrayış etmək lazımdır; üstəlik, insan özünü bu dünyaya atmalıdır. Bu sıçrayışı ilk edənlər Peter, Andrey və Zavdayın iki oğlu idi: onlar təlimə deyil, İnsana inanırdılar. Onlar qayıqdan düşdülər və Məsihin ardınca "özlərini atdılar", Onunla birlikdə yaşamağa başladılar və həyatlarının istiqamətini tamamilə dəyişdirdilər. İsa dərhal kamillik tələb etmir, çünki müqəddəsliyə gedən yolun uzun olduğunu bilir, amma bizi bu iman sıçrayışını etməyə dəvət edir. "Statik" iman dönməyi lazımsız və artıq hesab edir: belə bir imanlı qaçılmaz olaraq özünə qapanır və ilahi həyatdan bəhrələnə bilmir.

24 yanvar 2026, 11:23