2021.01.23 San Francesco di Sales

Liturgiya oxunuşları: 24 YANVAR. Müq. Fransisk de Sales, yepiskop

“İsa üçün itkin düşmüşləri xilas etmək və onları Allahın ailəsinə qaytarmaq ən vacib məsələdir. İmanın iki məntiqi hərəkətverici qüvvəsi var: "xilas olanları" itirmək qorxusu və "itkin düşmüşləri" xilas etmək istəyi. Birincisi təhlükəni istisna etməyə çalışır, ikincisi isə - Allahın məntiqinə uyğun olaraq - hər kəsi mərhəmətlə qucaqlayır və qəbul edir. Məsih "ritual paklığına" bağlı qalanların sxemlərini pozmaqdan qorxmur. Onun mərhəməti təcrid olunmanı Müjdəyə çevirir” (Papa Fransisk).

Müqəddəs Vinsent de Pol öz ruhani müəllimi Müqəddəs Fransisk de Salesi "yer üzündə İsanın ən həqiqi təsviri" adlandırırdı. Cenevrə yepiskopu, Kilsənin müəllimi və Ziyarət Ordeninin təsisçisi (Müqəddəs İoanna Fransiska de Şantal ilə birlikdə) olan Fransisk de Sales, dövrünün "mediası" vasitəsilə təbliğ etdiyi müjdəçilik işi sayəsində katolik mətbuatının himayədarıdır. O, müstəsna xeyirxahlığa və mülayimliyə malik idi ki, bu da  tövbə hücrəsində, insan əzabları ilə təmasda keçən saysız-hesabsız saatların bəhrəsi idi. Onun Allahın bəsirətinə olan inamı sonsuz idi. O deyirdi: "Əgər hər şeyi yenidən başlamalı olsaydım, gündəlik həyatın ən kiçik məsələlərində belə, uşaq sadəliyi ilə özümü daha qəti və radikal şəkildə Allaha əmanət edərdim". Onun həvarilik xidməti geniş idi: o, intensiv yazışmalar aparırdı, istənilən vaxt bütün təbəqələrdən olan insanları qəbul edir, vəz edir, mənəvi rəhbərlik edir, xəstələri, məhbusları və yoxsulları ziyarət edirdi. Onun fəaliyyəti dərin mənəvi həyatdan, coşğun imandan və Allaha olan səmimi sevgidən güc alırdı. Fransisk de Sales 28 dekabr 1622-ci ildə vəfat etdi və bir çox nəslinin həyatına dərindən təsir etmiş əsərlər qoyub getdi.

BİRİNCİ OXUNUŞ 2 Pad (2 Şam) 1,1-4.11-12.19.23-27

Bundan sonra Davud «Yəhuda şəhərlərindən birinə qalxımmı?» deyə Rəbbə müraciət etdi. Rəbb «ora qalx» deyə cavab verdi. Davud dedi: «Hara qalxım?» Rəbb dedi: «Xevrona».  Davud iki arvadı – İzreelli Axinoam və Karmelli Navalın dul arvadı Aviqaillə birlikdə Xevrona qalxdı.  Davudun yanında olan adamları öz külfətlərini götürüb Xevronun ətraf məhəllələrində yaşamağa başladı. Yəhuda adamları isə gəlib Davudu orada Yəhuda nəslinin padşahı olaraq məsh etdilər. Davud Xevronda, Yəhuda nəsli üzərində yeddi il altı ay idi ki, padşahlıq edirdi. Bir gün Ner oğlu Avner, Şaul oğlu İş-Boşetin əyanları ilə Maxanayimdən Giveona getdi. O, Avnerin dalınca düşüb onu qovurdu və Avnerin arxasınca qaçarkən düz gedərək nə sağa, nə də sola dönürdü. Lakin Asahel yolundan dönmək istəmədi. Avner də nizəsinin arxa ucu ilə onun qarnından elə vurdu ki, nizə onun kürəyindən çıxdı. Asahel yerindəcə öldü. Bu hadisədən sonra Asahelin yıxılıb öldüyü yerə gələnlərin hamısı ayaq saxladı. Yoavla Avişay Avnerin ardınca qaçdılar və gün batarkən Giveon çölü yolunda Giahla üzbəüz olan Amma təpəsinə çatdılar.  Binyamin övladları toplanıb Avnerin ardınca getdilər və yığılıb bir təpənin başında dayandılar. Avner Yoava üz tutub çığıra-çığıra dedi: «Həmişə bizi qılıncmı yeyib qurtarmalıdır? Bəs bilmirsən ki, bunun sonu acı olacaq? Nə vaxta qədər bu xalqa deməyəcəksən ki, soydaşlarınızdan əl çəkin?» Yoav dedi: «Var olan Allaha and olsun, əgər sən bu sözləri deməsəydin, həqiqətən, sabaha qədər döyüşçülər dayanmadan öz soydaşlarını təqib edəcəkdi».

Təfsir

Davudun Şaulun əlindən çəkdiyi əzabları bilərək, padşahın ölüm xəbərinin Davudun sevincinə səbəb olmasa da, onda ən azı mənalı bir səssizlik yaratmasını gözləmək olardı. Lakin bunun əksi baş verir: Davud Şaulun əlindən çəkdiyi əzabların xatirələrini geridə qoyur, onun fəzilətlərini tərifləyir, ona yas tutur və yaxşı əməllərini xatırlayır. İsrail döyüşdə uduzub, padşah və oğlu həlak olub: belə halda şəxsi hesablara yer yoxdur. Səhra atası Zenon düşmənlər haqqında bunları deyirdi: "Kim Allahdan duasını tez eşitməsini istəyirsə, qalxıb əllərini Rəbbə qaldıranda, başqa bir xahişdən əvvəl və öz canı üçün dua etməzdən əvvəl, düşmənləri üçün ürəkdən dua etməlidir. Məhz bu xeyirxah əməlinə görə Allah onu eşidəcək". Dəfn mərsiyəsində Davud bütün nəcib əzəmətini ortaya qoyur: o, padşahı tamamilə bağışlayıb, onun üçün səmimi qəlbdən kədərlənir və döyüşdə həlak olan yaxın dostu Yonatana yas tutur. Bu matəm və ağrı saatında Davud xalqına olan sevgisi üzündən canlarından keçənlərlə həmrəy olur.

İNCİL Mark 3,20-21

Sonra İsa evə getdi. Yenə də izdiham yığıldığına görə onlar yeməyə belə, imkan tapa bilmədilər. İsanın ailə üzvləri bu barədə eşidəndə Onu aparmağa gəldilər. Çünki fikirləşirdilər ki, O, ağlını itirib.

Təfsir 

İsanın qohumları Onun missiyasını bəyənmədilər. O, şənbə günü xəstələri sağaldır, sinaqoqlarda ravvin kimi vəz edir və fariseylərlə mübahisə edirdi. Hakimiyyətdə olanlar (fariseylər və hirodçular) Ondan nifrət edirdilər, ona görə də belə bir "təxribatçı"  vaizin  qohumu olmaq çətin və hətta təhlükəli ola bilərdi. İsanın qohumarı Onun "ağlını başına yığmağını" - yəni evinə qayıtmağını, yenidən dülgər olmağını, anasına baxmağını, Məsih olmaq iddiasından əl çəkməyini və hər şeydən əvvəl, mövcud olan güclərlə münaqişələri dayandırmağını istəyirdilər. Təbii ki, onlar məqsədlərinə çata bilmədilər, çünki Xilaskar İsrail evinin səpələnmiş qoyunlarını toplamaq və dünyanın günahlarını Öz üzərinə götürmək üçün gəlmişdi. Lakin qohumları bilmədən həqiqəti söylədilər: İsa həqiqətən "ağlını itirmişdir”. Lakin onların düşündüyü kimi deyil -  bəşəriyyətə sevgisindən, Özünü fəda etməkdən “ağlını itirmişdir”.  O, gecə-gündüz bütün insanları dinləmək, sağaltmaq, qəbul etmək istəyindən “ağlını itirmişdir”. Xudbin insan həmişə "öz daxilində" qalır, sevgi isə daimi “özündən çıxmaq”-dır, özünü başqalarına fədakarcasına və təmənnasız şəkildə bəxş etməkdir.

24 yanvar 2026, 07:19