Liturgiya oxunuşları: 21 YANVAR. Adi Dövrün II həftəsinin cümə axşamı
BİRİNCİ OXUNUŞ 1 Pad (1 Şam) 18,6-9;19,1-7
Davud Filiştli Qolyatı öldürüb qayıdanda əsgərlər geri gələrkən İsrailin bütün şəhərlərindən qadınlar dəflərlə, üçsimli alətlərlə şənlik mahnısı oxuyaraq və rəqs edərək padşah Şaulu qarşılamaq üçün çıxırdılar. Qadınlar rəqs edə-edə belə mahnı oxuyurdular: «Şaul qırdı minləri, Davudsa on minləri». Şaul bundan çox qəzəbləndi, çünki bu söz onun gözündə pis göründü və dedi: «Davud üçün on minləri, mənim üçünsə ancaq minləri deyirlər. Təkcə padşahlıq qaldı, bundan başqa nə var ki, ona verilsin?» O gündən sonra Şaul Davuda çəp-çəp baxmağa başladı. Şaul oğlu Yonatana və bütün əyanlarına tapşırdı ki, Davudu öldürsünlər. Lakin Şaulun oğlu Yonatanın Davuddan çox xoşu gəlirdi. Yonatan Davuda xəbər verib dedi: «Atam Şaul səni öldürmək istəyir. İndi isə rica edirəm, səhərə qədər özünü qoru. Bir yer tap, gizlən. Mən isə çöldə gizləndiyin yerə çıxaraq atamın yanında dayanıb sənin haqqında onunla danışacağam. Əgər bir şey görsəm, gəlib sənə xəbər verərəm». Yonatan atası Şaula Davudu tərifləyib dedi: «Padşah qulu Davuda qarşı günah etməsin, çünki o sənə qarşı heç vaxt günah etməyib və onun işləri sənin üçün çox xeyirli olmuşdur. O, canını dişinə tutub Qolyatı öldürdü və Rəbb bütün İsrailə böyük qələbə qazandırdı. Bunu sən də görüb sevindin. Davudu boş yerə öldürməklə nə üçün nahaq qan töküb günah edirsən?» Şaul Yonatanın sözünü dinləyib «var olan Rəbb haqqı, onu öldürməyəcəyəm» deyə and içdi. Yonatan Davudu çağırdı və bütün bu sözləri ona xəbər verdi. Sonra o, Davudu Şaulun yanına gətirdi və Davud əvvəlki kimi Şaulun qulluğunda durdu.
Təfsir
Qısqanclıq və paxıllıq instinktiv hisslərdir. Onlar bizi başqalarının daha böyük istedada və şöhrətə malik olduğuna görə kədərlənməyə sövq edir. Davud İsraili nəhəng Qolyatdan xilas edəndə, padşah Şaul sevinməli və Davudu cəsarətinə görə mükafatlandırmalı idi. Lakin o, Davudun şücaətindən qıcıqlanmışdı. Bu "absurd" hisslər bizim də içimizdə yaşayır, ona görə də gəlin Şaulu çox sərt şəkildə mühakimə etməyə tələsməyək. Qısqanclıq və paxıllıq bəşəriyyətin “bədəninin” birliyi üzərində düşünməklə aradan qaldırıla və cilovlana bilər: Müqəddəs Paul məhz bu haqda danışır. Biz bütün bədənin (Şaulun zamanında xalqın; bizim üçün isə Kilsənin) uğurunda maraqlı olmalıyıq. Bədən bir çox orqandan ibarətdir və hər biri öz funksiyasına uyğun fəaliyyət göstərir: əl ayağa, mədəaltı vəzi isə gözə paxıllıq etmir. Əgər hər bir orqan düzgün işləyirsə, bütün bədən bunun xeyrini yaşayır. Qoy hər bir insan öz vəzifəsini bacardığı qədər yerinə yetirsin və başqaları öz vəzifəsini yerinə yetirdiyi üçün təriflənəndə sevinsin.
İNCİL Mark 3,7-12
İsa şagirdləri ilə birgə gölün bir tərəfinə çəkildi. Onun ardınca isə Qalileyadan böyük izdiham gəldi. İsanın etdiklərini eşidəndə Onun yanına Yəhudeyadan, Yerusəlimdən, İdumeyadan, İordan çayının o biri tayından, Sur və Sidon bölgəsindən çoxlu adam gəldi. İsa izdiham Onu sıxışdırmasın deyə şagirdlərindən xahiş etdi ki, Onun üçün bir qayıq hazırlasınlar. Çünki O, çox adama şəfa vermişdi. Buna görə bütün xəstələr Ona toxunmaq üçün can atırdılar. Natəmiz ruhlar İsanı görəndə önündə yerə sərilib ucadan çığırırdılar: «Sən Allahın Oğlusan!» Lakin İsa onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər.
Təfsir
Rəbbin ictimai xidmətinin ilk ayları həqiqətən təsirli idi: O, hara gedirdisə, izdiham Ona axışırdı - yalnız Onu görmək və ya eşitmək üçün deyil, həm də Ona toxunmaq üçün. Bu reaksiya başa düşüləndir və biz də çox güman ki, eyni cür davranardıq. Lakin tədricən hər şey dəyişməyə başladı. İsa tövbə, çarmıx, Müqəddəs Ruhda yeni həyat, Həyat Çörəyi haqqında danışmağa başlayanda həvəs azaldı. Hətta demək olar ki, hamı Onu tərk etdiyi zaman Onun əzabları anında tamamilə yox oldu. Axı İsa dünyaya sadəcə "nizam-intizamı bərpa etmək" və xəstəlikləri sağaltmaq üçün deyil, Səmavi Atanın simasını - özünü bəxş edən və bağışlayan sevginin simasını açmaq üçün gəldi. Lakin insanların Rəbbə tərəf "tələsməsi" obrazı çox gözəldir. Gəlin onu bu gün qoruyaq. Gəlin dua edək ki, getdikcə daha çox insan Məsihin Bədəninə Yevxaristiyada toxunmağa tələssin.