Liturgiya oxunuşları: 2 YANVAR. Müq. Böyük Basil və Ilahiyyatçı Qriqor
BİRİNCİ OXUNUŞ 1 Yəh 2,22-28
Bəs yalançı kimdir? İsanın Məsih olduğunu inkar edən şəxs! O, Atanı və Oğulu inkar edən Məsih əleyhdarıdır. Oğulu inkar edən hər kəs Ataya da malik deyil, lakin Oğulu iqrar edən kəs Ataya da malikdir. Sizin əvvəldən bəri eşitdiyiniz söz qoy sizdə qalsın. Əgər əvvəldən bəri eşitdiyiniz söz sizdə qalsa, siz də Oğul və Atada qalarsınız. Onun bizə verdiyi vəd budur: əbədi həyat! Bunları sizi aldatmaq istəyənlər barəsində yazıram. Sizə gəlincə, Ondan aldığınız məsh daxilinizdə qalır və kimsənin sizə təlim verməsinə ehtiyacınız yoxdur. Əksinə, Onun bu məshi sizə hər şey barədə təlim verir və bu, yalan deyil, həqiqətdir. Ona görə də sizə öyrətdiyi kimi Onda qalın. Beləliklə, ey övladlar, Onda qalın ki, O zahir olanda cəsarətimiz olsun, Onun zühuru zamanı önündə utanmayaq.
Təfsir
Həvari Yəhyanın əsas narahatlığı xristian icmalarının iman həqiqətlərinə sadiq qalması idi. Kilsənin ilk dövrlərində Allah Oğlunun həqiqi insan təbiətinə sahib olmasına şübhə edənlər var idi. Allah necə əzab çəkə bilər? O, necə ölə bilər? Bu cür şübhələrlə qarşılaşan Yəhya qətiyyətli və sarsılmaz qalır: xristianlar İsanın həqiqətən insan olduğuna, insan ətindən ibarət bədənə malik olduğuna və Səmavi Ata ilə münasibətlərimizin məhz Onun təcəssümü və insan təbiətini qəbul etməsi ilə mümkün olduğuna qəti şəkildə inanmalıdırlar. Həqiqətən də, hamımız Vəftiz Ayinində məsh olunmuşuq, yəni Müqəddəs Ruhu almışıq və bütün həqiqət artıq içimizdədir. Buna görə də, əgər kimsə gəlib bizə İsanın lazımsız olduğunu, istədiyimiz şəkildə Allaha yaxınlaşa biləcəyimizi və "hər şey olduğu kimi yaxşıdır" desə, Həvari Yəhyanın (əslində isə Allahın Kəlamının) belə düşünmədiyini söyləməliyik. Gəlin iman həqiqətinə sadiq qalaq: İsanı həqiqi Allah və həqiqi insan, dünyanın yeganə Xilaskarı kimi qətiyyətlə elan edək.
İNCİL Yəh 1,19-28
Yəhudi başçıları Yəhyadan «Sən kimsən?» deyə soruşmaq üçün Yerusəlimdən kahinlərlə Levililəri onun yanına göndərdilər. O zaman Yəhya belə şəhadət etdi: o, düzünü deyib inkar etmədi və «mən Məsih deyiləm» deyə bəyan etdi. Onlar Yəhyadan soruşdular: «Bəs sən kimsən? Bəlkə İlyassan?» Yəhya «xeyr, o deyiləm» dedi. Soruşdular: «Bəlkə gəlməli olan peyğəmbərsən?» Yəhya «xeyr» söylədi. Sonra ona dedilər: «Bəs sən kimsən? Bizi göndərənlərə nə cavab verək? Özün barədə nə deyirsən?» Yəhya dedi: «Mən Yeşaya peyğəmbərin söylədiyi kimi “Rəbbin yolunu düz edin” deyə səhrada nida edənin səsiyəm». Göndərilən bəzi fariseylər Yəhyadan soruşdular: «Bəs sən Məsih, İlyas yaxud gəlməli olan peyğəmbər deyilsənsə, nə üçün vəftiz edirsən?» Yəhya onlara cavab verdi: «Mən su ilə vəftiz edirəm, amma aranızda məndən sonra gələn tanımadığınız bir Nəfər dayanıb. Mən Onun heç çarığının bağını açmağa da layiq deyiləm». Bu hadisələr İordan çayının o tayında olan Bet-Anyada, Yəhyanın vəftiz etdiyi yerdə baş verdi.
Təfsir
Fariseylərin elçiləri Vəftizçi Yəhyadan hamının gözlədiyi Məsih olmadığı halda niyə vəftiz etdiyini soruşurlar. Aydındır ki, vəftiz hüququ yalnız Allahın həqiqi məsh olunmuşuna (Məsih "Məsh edilmiş" deməkdir) məxsusdur, onun sələfinə deyil. Buna görə də, Yəhyanın vəftizi onlar üçün gözlənilməz oldu. Əslində, bu halda fariseylər haqlı idilər: əsl vəftiz yalnız Məsih tərəfindən verilir, amma bu, qanla olunan vəftizdir. Bəs Yəhyanın vəftizi nə idi və onun əhəmiyyəti nədə idi? O, hazırlıq tövbəsi idi və hamımıza aiddir: biz Müqəddəs Ruhu (Vəftizdə, Yevxaristiyada, digər Ayinlərdə və s.) alırıq, amma biz xəzinə saxlayan gil qablar kimiyik. Buna görə də, özümüzü daim gücləndirməliyik ki, qab kövrəkliyimiz, zəifliyimiz və həssaslığımız, yəni günahlarımız üzündən parçalanmasın. Buna görə də tövbəyə ehtiyac var: bu söz xristian ənənəsi üçün nə qədər əzizdirsə, dünya ona bir o qədər nifrət edir. Yəhya tövbəyə çağırır və Rəbb İsa Müqəddəs Ruhu verir: bu, birgə edilən hərəkətdir, biri digəri olmadan heç vaxt olmaz. Təsadüfi deyil ki, bir çox müasir görüntülərdə Müqəddəs Məryəm Yəhyanın çağırışını təkrarlayır: İsanı qəbul etmək və Onu içimizdə saxlamaq üçün tövbə etmək lazımdır.