Liturgiya oxunuşları: 2 FEVRAL. Rəbbin Məbəddə Təqdim edilməsi Bayramı
Həyat, əgər hədiyyə kimi təqdim olunmasa, öz dolğunluğuna çatmaz; necə ki, onu biz hədiyyə olaraq almışıq, eləcə də onu başqalarına bəxş etməliyik. Allahın nuru məhz bu fədakarlıqda tarix boyunca naxışlar yaradır. Şimeon və Xanna bu nuru öz müdriklikləri sayəsində İsa Məsihdə görə bildilər: Körpədə onlar İsrailə bəxş edilmiş qədim vədin yerinə yetməsini sezdilər. Bu gün qeyd etdiyimiz bayram Epifaniya bayramı ilə sıx bağlıdır: bu gün insan olmuş Yaradanın simasının vəhyi zaman baxımından tamamlanır. İsanın Məbəddə təqdim edilməsi nəsillər arasında bir növ körpüdür — Məsihi gözləyən qədim atalarla, gələcəyə ümid və yeni dünyanın vədini özündə cəmləşdirən Allah-Körpə arasında bir körpü. Rəbbin Məbəddə təqdim edilməsi bayramı Miladdan qırx gün sonra qeyd olunur. Bu bayramın ilk izləri IV əsrə gedib çıxır. Həmçinin bu gün Allaha həsr olunmuş həyatın Ümumdünya Günü kimi qeyd olunur.
BİRİNCİ OXUNUŞ Mal 3, 1-4
«Budur, Mən Öz elçimi göndərirəm. O, önümdə yol hazırlayacaq. Axtardığınız Xudavənd qəflətən Öz məbədinə gələcək. Görmək arzusunda olduğunuz Əhd Mələyi gələcək» deyir Ordular Rəbbi. «Ancaq Onun gələcəyi günə kim tab gətirə bilər? Zühur edəndə kim davam gətirə bilər? Çünki O, əridicinin odu, yuyucunun sabunu kimi olacaq. O, gümüş əridib təmizləyən adam kimi rəftar edəcək: Levililəri saflaşdırıb qızıl və gümüşü təmizləyən kimi təmizləyəcək. Beləcə salehliklə Rəbbə qurbanlar gətirəcəklər. Onda Yəhudanın və Yerusəlimin qurbanları əvvəlki vaxtlar, keçmiş illərdə olduğu kimi Rəbbə xoş gələcək.
Təfsir
Malaki peyğəmbərin kitabından olan parça Vəftizçi Yəhyanın missiyasına aiddirmi, yoxsa Rəbb İsa Məsihə? Hər ikisinə. Yolu hazırlayan Elçi Vəftizçidən başqası deyil, Öz Məbədinə daxil olan isə Rəbb İsa Məsihdir. Məlumdur ki, Vəftizçi Yəhya heç vaxt birbaşa Yerusəlim Məbədi ilə bağlı olmamışdır: əvvəlcə səhrada yaşamış, sonra isə öz missiyasını İordan çayının sahillərində yerinə yetirmişdir. Rəbb İsa isə, əksinə, Levi oğullarını saflaşdırmaq üçün Məbədə daxil olur, ki onlar Rəbbə layiqli qurban təqdim edə bilsinlər. Məsih, haqqı ilə Ona məxsus olan və Ona yaraşan məkana sahib çıxır, çünki O yalnız Məsih deyil, həm də yeganə Kahindir — həqiqi qurbanı, yəni Çarmıx ağacında Öz Bədəninin qurbanını təqdim edən Kahin. Malaki bir neçə ayədə bizə iki mənzərə təqdim edir: yolu hazırlayan Yəhyanı və qurban təqdim edən İsanı. Bütün bunlar sonradan Kilsənin həyatında, Müqəddəs Messada birləşir. Yəhya bizi tövbəyə çağıraraq hazırlamağa davam edir; İsa isə Özünü qurban kimi təqdim etməyə davam edir, çünki O, dünyanın günahlarını Öz üzərinə götürərək bizi təmizləyən Qurbadır.
İNCİL Luka 2,22-40
Musanın Qanununa görə paklanma dövrü tamamlanandan sonra Yusiflə Məryəm Körpəni Rəbbə həsr etmək üçün Yerusəlimə gətirdilər, necə ki Rəbbin Qanununda yazılıb: «Bətndən ilk doğulan bütün oğlanlar Rəbb üçün müqəddəs sayılsın». Həmçinin onlar qurban təqdim etdilər, necə ki Rəbbin Qanununda əmr olunub: «İki qumru quşu yaxud iki göyərçin balası». O vaxt Yerusəlimdə Şimeon adlı bir adam var idi. O, saleh və mömin idi. İsrailə təsəlli veriləcəyini gözləyirdi və Müqəddəs Ruh onun üzərində idi. Müqəddəs Ruh ona əvvəlcədən açıqlamışdı ki, o, Rəbbin Məsihini görməyincə ölməyəcək. Beləliklə, Şimeon Ruhdan ilham alıb məbədə gəldi. Körpənin ata-anası Qanunda qoyulan adətə əməl etmək üçün Körpə İsanı məbədə gətirəndə Şimeon Körpəni qucağına götürdü və Allaha alqış edərək belə dedi: «Ey Pərvərdigar, indi Sənin sözünə görə mən – Sənin qulun arxayın ölə bilərəm. Çünki bütün xalqların gözləri önündə hazırladığın xilası, millətlərə aşkar edən nuru, xalqın İsrail üçün də izzəti öz gözlərimlə gördüm». Körpənin ata-anası Onun barəsində deyilən sözlərə görə heyrətə gəldi. Şimeon onlara xeyir-dua verib Körpənin anası Məryəmə belə dedi: «Bu Körpə İsraildə bir çox adamın yıxılmasının ya ucalmasının səbəbkarı və insanların rədd etdiyi bir əlamət olmaq üçün təyin olunub. Sənin köksünə isə sanki qılınc saplanacaq. Bütün bunlar bir çoxlarının qəlbindəki fikirlərin aşkara çıxması üçün olacaq». Orada Aşer qəbiləsindən olan Penuel qızı Xanna adlı qadın peyğəmbər də var idi. O, çox yaşlı idi. Gənc yaşında ərə getmiş, əri ilə yeddi il yaşayıb dul qalmışdı. Bu, səksən dörd yaşında dul qadın idi. O, məbədi tərk etmirdi və oruc tutub dua edərək gecə-gündüz Rəbbə ibadət edirdi. Xanna da bu zaman yaxınlaşdı və Allaha şükür edərək Yerusəlimin satın alınmasını gözləyən bütün adamlara Körpə İsa barədə nəql etməyə başladı. Yusiflə Məryəm Rəbbin Qanununa əsasən hər şeyi icra edib qurtardıqdan sonra Qalileyaya – öz şəhərləri olan Nazaretə qayıtdı. Uşaq böyüyür, qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü də Onun üzərində idi.
Təfsir
İlk doğulan oğlan uşağının Məbədə təqdim edilməsi adi bir ayin idi; ilk övladı oğlan olan bütün ailələr bunu yerinə yetirirdi. Buna görə də həmin gün Yerusəlimdə heç kim qeyri-adi bir şey görmədi — yalnız bir qoca istisna olmaqla, o, birdən-birə ilhamla dolu sözlər söyləməyə başladı. Şimeon israillilər arasında Körpəni qucağına alaraq Ona üç möhtəşəm və mütləq ad verən ilk insandır: xilas, nur və izzət. Bu, Rəbbin Öz xalqı arasında və bütün dünyada missiyasının böyük başlanğıcıdır. Xilas gəldi və o, dünyaya nur və izzət gətirir. Lakin maraqlıdır ki, bunu heç kim hiss etmir: Müqəddəs şəhərin üzərində fövqəltəbii bir od alışmır, dünya izzətin güclü parıltısı ilə işıqlanmır. O gün hər şey əvvəlki kimi davam edirdi. Bəli, zahirən hər şey dəyişməz qalmışdı. Amma ən mühüm olan hər şey daxildə, “gizlilikdə” baş verdiyi üçün, məhz həmin andan etibarən Məsihi səmimi qəlbdən qəbul edən hər bir insan (Şimeon və Xanna kimi) artıq xilasla yaşayır, ilahi izzətə toxunur və daxilən maariflənir. Rəbb, İncilin dediyi kimi, Öz Məbədinə daxil olur, lakin bunu yalnız ona görə edir ki, bütün insanların qəlblərinə daxil olsun. Bizim vəzifəmiz — Onu qəbul etməkdir!