Axtar

2020.01.16 Sant' Antonio Abate

Liturgiya oxunuşları: 17 YANVAR. Müq. Böyük Antoniy

“Mattanı çağırmaqla İsa günahkarlara yeni bir gələcək açır. Belə bir gözəl deyim var: "Keçmişi olmayan müqəddəs, gələcəyi olmayan günahkar yoxdur." Kilsə "kamillər" icması deyil, bağışlanmağa ehtiyacı olan şagirdlər üçün təvazökarlıq məktəbidir. Təkəbbür Allahın mərhəmətli üzünü görməyimizə mane olur, lakin Onun mərhəmətinə ehtiyacımızı dərk etmək bizim üçün xilas mənbəyinə çevrilir” (Papa Fransisk).

Müqəddəs Antoniy Kilsə tarixində ən böyük zahidlərdən hesab olunur; o, yüz ildən çox yaşayıb. O, təxminən 250-ci ilində Misirin Koma şəhərində, Nil çayının sahilində varlı xristian torpaq sahibi ailəsində anadan olub, lakin 20 yaşında yetim qalıb. Bir gün kilsədə eşitdiyi İncilin bu sözləri onun qəlbinin dərinliklərinə nüfuz edib: “Əgər kamil olmaq istəyirsənsə, get, əmlakını sat və yoxsullara payla. Onda göylərdə xəzinən olacaq. Sonra qayıt, Mənim ardımca gəl” (Matta 19, 21). Antoniy bütün əmlakını satır, gəlirinin yarısını bacısına verir, öz payını isə kasıblara paylayır. Allahın səsini daha yaxşı eşitmək üçün, o, Misir səhrasına çəkilir. Günlərini tənhalıqda və aramsız dualarda keçirən Antoniy, kamil tövbəkarlığı gerçəkləşdirməyə can atır və Allahdan bu yolda nəsihət diləyirdi. Tezliklə o, yaxınlıqda oturub ip toxuyan bir zahid gördü. Zahid ipi toxuyurdu, sonra dayanıb, ayağa qalxırdı və dua edirdi və beləliklə o, həm işləyir, həm dua edirdi. Həmin zahid Rəbbin mələyi idi və Antoniyə əmək və dua yolunu göstərmək üçün göndərilmişdir. İki əsr sonra bu yol, “Ora et labora” ("Dua et və işlə") benediktin nizamnaməsinin və bütün Qərb rahibliyinin təməlinə çevrildi. Bir müddət sonra Antoniy dəhşətli mənəvi qaranlıq dövrü yaşadı. O, özünü yazığ bir səfehdən başqa bir şey deyilmiş kimi hiss edirdi və düşünürdü ki Allah onu tərk edib. Antoniy bu çətin anları, müəllimləri öyrətdiyi kimi, sədaqət və Allahın iradəsini gündəlik yerinə yetirməklə dəf etdi. Nəhayət, Məsihin nuru onu tamamilə bürüdü. Antoniy o zaman İsadan "axı Sən harada idin?" deyərək soruşdu, "niyə əzablarıma son qoymaq üçün ən əvvəldən yanımda görünmədin?" Və Rəbbdən belə cavabı eşitdi: "Antoniy, Mən burada, sənin yanında durub, mübarizəni izləyirdim." Antoninin müqəddəsliyi, hətta onun sağlığında belə, bütün Şərqə yayılmışdır. Minlərlə zəvvar məsləhət almaq üçün onun yanına gəlirdi və hətta imperator Konstantin və oğulları onunla görüşmək istəyirdilər. Müqəddəs Antoniy 17 yanvar 356-cı ildə vəfat edib.

BİRİNCİ OXUNUŞ 1 Pad (1 Şam) 9,1-4.17-19;10,1a

Binyamindən Afiah oğlu Bekorat oğlu Seror oğlu Aviel oğlu Qiş adlı bir adam var idi. Binyaminli bu adam cəsur cəngavər idi. Onun Şaul adlı gənc, yaraşıqlı oğlu var idi və İsrail övladları arasında ondan yaraşıqlısı yox idi. O, xalqın hamısından bir çiyin hündür idi. Şaulun atası Qişin eşşəkləri itmişdi. Qiş oğlu Şaula dedi: «Qalx nökərlərdən birini yanına al, get, eşşəkləri axtar». Onlar Efrayimin dağlıq bölgəsini gəzdilər və Şalişa diyarından keçdilər, lakin eşşəkləri tapa bilmədilər. Şaalim diyarını dolandılar, eşşəklər orada da yox idi. Sonra Binyamin torpağını gəzdilər, lakin eşşəkləri tapa bilmədilər. Şamuel Şaulu görəndə Rəbb ona dedi: «Bax sənə dediyim bu adam xalqıma hökmranlıq edəcək». Şaul darvazada Şamuelə yaxınlaşıb dedi: «Rica edirəm, görücünün evinin harada olduğunu mənə göstərəsiniz». Şamuel Şaula cavab verdi: «Görücü mənəm, qarşımca səcdəgaha qalx. Bu gün mənimlə bərabər yemək yeyəcəksiniz, sabah açılanda isə ürəyində olanların hamısını sənə bildirib yola salaram. Şamuel bir qab zeytun yağı götürüb Şaulun başına tökdü və onu öpərək dedi: «Rəbb səni Öz irsi olan İsrail üzərində başçı olmaq üçün məsh etdi.

Təfsir

Şaul, çox güman ki, yalnız eşşəklərinin hara getdiyini bilib-bilmədiyini soruşmaq üçün Şamuelin qapısında dayandı. Şaul onu "peyğəmbər" və ya "hakim" yox, "görücü" adlandırır. Həqiqətən də, Şamuel itkin düşmüş heyvanları axtarmaqla deyil, Şaula heç vaxt təsəvvür edə bilmədiyi bir rol və ləyaqət verməklə özünü görücü kimi sübut edəcək: Şaul İsrailin ilk padşahı olacaq! Bəzən təsadüf kimi görünən görüşlər həlledici olur. Ola bilsin, bizim həyatımızda da belə olur: bir insan çimərliyə gedir, yaxınlıqdakı bir qızla söhbət edir və sonradan qız onun arvadı olur. Bu qız bir neçə metr aralıda olsaydı, onların taleyi heç vaxt kəsişməzdi. Gəlin görüşlərimizə Allahın bizə demək istədiyinin əlamətləri və göstəriciləri kimi baxmağa öyrəşək. Düşünən insan bütün günü dua edən deyil, baş verən hər şeydə Allahın səsini eşidə bilən biridir. Axı Rəbb bizi gündəlik hadisələrdə də istiqamətləndirir. Həmin axşam Şaul evə padşah kimi qayıtdı. Kim düşünərdi ki?

İNCİL Mark 2,13-17

İsa yenə gölün sahilinə çıxdı. Bütün izdiham Onun yanına toplaşdı və O, camaata təlim öyrədirdi. Yolu keçəndə vergi yığılan yerdə oturan Halfay oğlu Levini görüb ona dedi: «Ardımca gəl». O da durub İsanın ardınca getdi. İsa Levinin evində süfrəyə oturanda bir çox vergiyığanlarla günahkarlar gəlib Onunla və şagirdləri ilə birgə oturdular. Çünki İsanın ardınca gedənlər çox idi. Fariseylərdən olan ilahiyyatçılar İsanın günahkarlar və vergiyığanlarla birgə yemək yediyini görüb Onun şagirdlərinə dedilər: «O niyə vergiyığanlar və günahkarlarla birgə yemək yeyir?» İsa bunu eşidəndə onlara dedi: «Sağlamların deyil, xəstələrin həkimə ehtiyacı var. Mən salehləri deyil, günahkarları çağırmaq üçün gəlmişəm».

Təfsir 

Din qanun ətrafında deyil, bir Şəxs ətrafında qurulur. Yalnız canlı Allah belə deyə bilər: "Qalx və get!" İnsan xilas olmaq üçün Xilaskarı axtarır; o, həyata olan etibarını bərpa etmək üçün Təsəllivericini gözləyir. Rus ilahiyyatçısı Pavel Yevdokimov belə yazır. İsa Levinin yanından keçir və ona "Qanuna riayət et!" demir və "Əmrləri yerinə yetirməyə qayıt!" deyə əmr etmir. Heç də yox. O, düz onun gözlərinə baxır və deyir: "Ardımca gəl!" Həmin anda günahkar vergiyığanın qəlbində hansı qığılcım parladı? Bəlkə də İsanın baxışı  -  sevgi və şəfqət baxışı idi, amma yeni bir başlanğıc tələb edirdi; Levi ayağa qalxmalı və əvvəlki həyatını geridə qoymalı idi. O, bunu hiss etdi və təslim oldu. Tək olduğumuz zaman, həyatımızın mənasını itirdiyimiz zaman, maddiyatla zəngin olduğumuz, amma sevgidə kasıb olduğumuz zaman, bizi bağışlayacaq, təsəlli verəcək və hər şeydən əvvəl bizə baxacaq bir Allaha ehtiyacımız var! Rəbb İsanın baxışları dərinliklərə nüfuz edir, qaranlıq olan yerə işıq saçır və insan özünü qəbul edilmiş və bağışlanmış hiss edir. Bu, yenidən doğulmaq kimidir. Bəs bu gün Məsihin bu baxışı ilə harada qarşılaşa bilərik? Yevxaristiyada.

16 yanvar 2026, 22:59