2024.11.03 Discorso della montagna

Liturgiya oxunuşları: 1 FEVRAL. Adi Dövrün IV Rəbb günü

“İncilin Bəxtiyarlıq Əmrləri xristianın “şəxsiyyət vəsiqəsidir”... Sina dağında olduğu kimi, Rəbb “dağda” yeni qanun verir: mülayim olmaq, mərhəmətli olmaq, ruhən məzlum olmaq qanunu. Bunlar zorla qəbul etdirilən qaydalar deyil, xoşbəxtliyə aparan yoldur. “Bəxtiyar” olmaq, ilahi lütfdə qalmaq və səbir, yoxsulluq və başqalarına xidmət vasitəsilə Allahın yolunda getməkdir. Bu yolla irəliləyənlər artıq xoşbəxtdirlər və əbədiyyətdə də bəxtiyar olacaqlar” (Papa Fransisk).

BİRİNCİ OXUNUŞ Sef 2,3; 3,12-13

Ey Rəbbin hökmünə əməl edən sizlər, ölkədəki itaətkar insanlar, Rəbbə meyl salın! Salehliyə meyl salın! İtaətkarlığa meyl salın! Bəlkə siz Rəbbin qəzəb günündə qurtula bildiniz. Sizin aranızda itaətkar və məzlum bir xalqı sağ qoyacağam, onlar Rəbbin adına pənah gətirəcək. İsraildən sağ qalanlar haqsızlıq etməyəcək! Kimsəni aldadaraq yalan söyləməyəcəklər, çünki onlar qarnı tox yatacaq, onları qorxudan olmayacaq.

Təfsir

Bu gün Sofoniya peyğəmbərdə rast gəldiyimiz “itaətkarlar” sözü ivrit dilindəki “anavim” (anawìm) sözünün tərcüməsidir. Müqəddəs Yazılarda bu termin əsaslı bir rol oynayır. Ən qədim mətnlərdə o, sırf maddi yoxsulluğu — heç nəyə malik olmayan insanları ifadə edirdi (bəzən bu, onların öz günahı ucbatından, tənbəllikdən və ya işləmək istəməmələrindən irəli gəlirdi). Sonralar bu anlayış dəyişdi: “anavim” artıq başqalarının ədalətsizliyi üzündən kasıb düşənləri, yəni əzilənləri və hüquqlarından məhrum edilənləri ifadə etməyə başladı. Belə kasıbları isə Rəbbin Özü müdafiə edir. Nəhayət, bu termin dərin mənəvi məna qazandı: “təvazökar/itaətkar/məzlum” — yer üzündə heç bir dayağı olmayaraq bütünlüklə Allaha güvənən, bütün ümidini Rəbbə bağlayan insandır. Beləliklə, “kasıblıq” təvazökarlığın sinoniminə çevrilir. biz Müqəddəs Məryəmin obrazını məhz bu baxımdan görürük: o, Magnificat – “Qəlbim Rəbbi ucaldır” himnində belə nida edir: “Çünki O Öz qulunun yazıq halını gördü” (Lk 1,48). Allah Öz xeyir-duasını məhz bu cür yoxsullara, təvazökar və ümidini Allaha bağlayanlara yönəldir. Bunu isə son və qəti şəkildə Rəbb İsa Məsih İncilində bəyan edir: “Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır.”

İKİNCİ OXUNUŞ 1 Kor 1, 26-31

Qardaşlar, aldığınız çağırış barəsində düşünün. Bir çoxunuz bəşəri nöqteyi-nəzərdən müdrik, nüfuzlu və yaxud əsilzadə deyildiniz. Allah isə müdrikləri utandırmaq üçün dünyanın ağılsız saydığı, güclüləri utandırmaq üçün dünyanın zəif saydığı, dünyanın dəyərli sayılanlarını heç etmək üçün dünyanın xor baxdığı, əsilsiz və dəyərsiz sayılan kəsləri də seçdi ki, Allahın qarşısında heç bir insan öyünməsin. Amma siz Allahın sayəsində Məsih İsadasınız. O bizim üçün ilahi müdriklik, salehlik, müqəddəslik və satınalınma oldu. Buna görə yazıldığı kimi «öyünən Rəbdə öyünsün».

Təfsir

Rəbb deyir: «Məndə qalın, Mən də sizdə qalım» (Yəh 15,4). Bizim edə biləcəyimiz yeganə şey — Allaha ən dərin təvazökarlıqla iman etməkdir. O, bizim həqiqi sərvətimiz olmaq istəyir və bunun üçün biz öz acizliyimizi etiraf etməli, Onu sonsuz ümidlə qəbul etməliyik. Bu mənada təvazökarlıq pilləkəni paradoksaldır: onunla nə qədər yuxarı qalxırsansa, bir o qədər aşağı enirsən; çünki o, yuxarı aparmaq əvəzinə aşağıya doğru aparır. Bu gün oxuduğumuz həvari Paulun məktubundan olan parça təvazökarlığa həsr olunmuş bir himndir. Bir vaxtlar böyük günahkar və küfr edən olmuş Paul (bunu özü də etiraf edir) bu pilləkənlə aşağı endi və həqiqətən təvazökar oldu. “Allahın mənə göstərdiyi ən böyük mərhəmət, — yazırdı Körpə İsanın Müqəddəs Tereza­sı, — mənim nə qədər heç olduğumu bilməyim deyil, buna sevinə bilməyimdir.” İnsan öz acizliyini sadəcə dərk etməklə, onunla razı qalmaq arasında böyük fərq var. Lakin məhz bu mənada yalnız təvazökar insan Məsihi öz müdrikliyi, salehliyi, müqəddəsləşməsi və xilasının mənbəyi kimi qəbul edə bilir.

İNCİL Matta 5, 1-12a

İsa izdihamı görüb dağa çıxdı. Oturan kimi şagirdləri Onun yanına gəldi. İsa danışmağa başlayıb onları öyrədərək dedi: «Nə bəxtiyardır ruhən yoxsullar! Çünki Səmavi Padşahlıq onlarındır. Nə bəxtiyardır yaslı olanlar! Çünki onlar təsəlli tapacaq. Nə bəxtiyardır həlimlər! Çünki onlar yer üzünü irs alacaq. Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq. Nə bəxtiyardır mərhəmətli olanlar! Çünki onlara mərhəmət ediləcək. Nə bəxtiyardır ürəyi təmiz olanlar! Çünki onlar Allahı görəcək. Nə bəxtiyardır sülhyaradanlar! Çünki onlar Allahın övladları adlanacaq. Nə bəxtiyardır salehlik uğrunda təqib edilənlər! Çünki Səmavi Padşahlıq onlarındır. İnsanlar Mənə görə sizi təhqir edib təqib edəndə, yalan söyləyib sizə hər cür böhtan atanda siz nə bəxtiyarsınız! Sevinin və şadlanın! Çünki göylərdə mükafatınız böyükdür.

Təfsir 

Müjdəçi Matta öz nəqlini Rəbb İsa Məsihin beş böyük “nitqi” (vəzləri) ətrafında qurur. Onlardan birincisi Matta İncilinin beşinci, altıncı və yeddinci fəsillərdə əks olunub və “Müjdə nitqi” adlandırıla bilər. Bu fəsillərdə “Allah övladının yeni həyatının” surəti cızılır; zahiri Qanuna sadəcə tabe olmaqla kifayətlənməyən, bələdçisi kimi qəbul etdiyi İsanın ardınca gedərək  Səmavi Atanı tanımalı və sevməli olan övladın bütün İncil əxlaqı açıqlanır. İncilin Bəxtiyarlıq Əmrlərinin elan edilməsi bu bölməyə möhtəşəm bir girişdir. Bir neçə qısa, lakin ildırım sürətli ifadədə burada sonrakı üç fəsildə nümunələr və nəsihətlərlə ətraflı şəkildə izah ediləcək hər şey cəmlənmişdir. İncilin ardınca getmək və Allahın həqiqi övladları kimi yaşamaq istəyənlər artıq bu dünyada bəxtiyardırlar — əgər ruhən yoxsul kimi yaşasalar, mülayim, sülh yaradan və sair olsalar. Bu sözləri onların ehtiva etdiyi bütün qüvvəni dərk etmək üçün təkrar-təkrar oxumalıyıq. Vəd edilən bəxtiyarlıq daxilidir; o, insanı sınaqlardan və iztirablardan azad etmir («nə bəxtiyardır yaslı olanlar» və s.). Lakin bu sözləri həqiqətən anlayan və ürəyində yaşayanlar öz qəlblərində artıq səmavi həyatı qabaqcadan dadırlar.

31 yanvar 2026, 12:47