Liturgiya oxunuşları: 5 DEKABR. Adventin I həftəsinin cüməsi
BİRİNCİ OXUNUŞ Yeşaya 29, 17-24
Livan tezliklə məhsuldar tarlaya, məhsuldar tarla isə meşəyə dönməyəcəkmi? O gün karlar kitabdakı sözləri eşidəcək, korların gözləri zülmət qaranlıqda görəcək. Fəqirlər Rəbdə sevinc tapacaq, yoxsullar İsrailin Müqəddəsində şadlanacaq. Çünki zülmkarlar yox olacaq, rişxəndçilər itib-batacaq. Pislik etməyə hazır olanlar məhv olacaq. Onlar başqasına böhtan atanlar, şəhər darvazasında hakimə tələ quranlardır, haqlının haqqını nahaq yerə təhrif edənlərdir. Buna görə də İbrahimi qurtaran Rəbb Yaqub nəslinə belə deyir: «Yaqub nəsli artıq utanmayacaq, üzləri qorxudan saralmayacaq. Əlimlə yaratdığım övladlarını aralarında görəndə adımı müqəddəs tutacaqlar, Yaqubun Müqəddəsini təqdis edəcəklər, İsrailin Allahından qorxacaqlar. Yolunu azanlar anlayacaq, gileylənənlər təlim öyrənəcək».
Təfsir
Yeşaya peyğəmbərin Allahın Padşahlığı haqqında bəyan etdiyi müxtəlif möcüzələr arasında bugünkü cəmiyyətdə əlçatmaz görünən bir möcüzə var: sosial ədalət. Gündəlik həyatın hər səviyyəsində baş verən sui-istifadə, qanunsuzluq və korrupsiyadan xəbərdarıq. Mükəmməl ədalətin hökm sürəcəyi, yoxsulların zülmə məruz qalmayacağı, insanların bir-birinə hörmət edəcəyi vaxt gələcəkmi? Bəli, gələcək. Amma günah və onun nəticələri hələ də mövcud olduğundan, bu mükəmməl cəmiyyətin burada, bu dünyada gerçəkləşəcəyini gözləməməliyik. Lakin Cənnətdə heç bir bərabərsizlik olmayacaq, çünki Allahın Padşahlığı, Sülh Padşahlığı qüsursuz ədalət məkanıdır. Hamımız bu istəyi qəlbimizdə daşıyırıq və artıq bizə əlçatan olan münasibətlərdə (işdə, ailəmizdə, dostlarımızla) buna nail olmağa çalışa bilərik. Rəbb İsa əmin edir ki, “Nə bəxtiyardır salehlik üçün acıb-susayanlar! Çünki onlar doyacaq" (Matta 5, 6).
İNCİL Мatta 9, 27-31
İsa oradan keçərkən iki kor adam Onun ardınca gələrək qışqırırdı: «Ey Davud Oğlu! Bizə rəhm elə!» Evə girdikdə korlar Onun yanına gəldilər. İsa onlara dedi: «Bunu etməyə qadir olduğuma inanırsınızmı?» Kor adamlar Ona dedilər: «Bəli, ya Rəbb». O zaman İsa onların gözlərinə toxunaraq dedi: «Sizə imanınıza görə olsun». Onların gözləri açıldı. İsa «baxın heç kim bu barədə bilməsin» deyə onlara ciddi tapşırdı. Onlar isə çıxıb Onun haqqındakı xəbəri o torpağın hər tərəfinə yaydılar.
Təfsir
Niyə İsa möcüzə göstərir və sonra tələb edir ki, heç kimin bundan xəbəri olmasın? Necə ola bilər ki, iki kor adamın gözləri yenidən açıldıqdan sonra, onlar heç kimə heç nə deməsin? Aydındır ki, Rəbb dünyanın Onu sadəcə adi bir şəfaçı kimi tanımasını istəmir. Çünki insan öz rifahı üçün çalışır (sağlamlıq bir ənamdır) və məqsədinə çatdıqdan sonra ona bəxş edilən lütfü və saleh həyat sürmək ehtiyacını unudur. Sağlamlıq, mahiyyət etibarilə, Allahın iradəsini yerinə yetirməyə, başqalarına kömək etməyə xidmət etməlidir. Buna görə də Rəbb möcüzənin sakit, şəxsi, daxili bir ölçüyə sahib olmasını istəyir. Bədəni sağalmış insan sağlam bir ruha, qəlbin və hisslərin saflığına olan ehtiyac barədə düşünməlidir. Onun ürəyi Allaha şükür və həmd etməlidir; o, dünya qarşısında fərqli, yeni həyatı ilə imanına şəhadət edir. Rəbb İsa, ilk növbədə, Çarmıxdakı qurbanı ilə insanlara Səmanın qapılarını açan Xilaskardır və məhz Xilaskar kimi bütün insanların Onu tanımasını istəyir.