Liturgiya oxunuşları: 12 DEKABR. Adventin II həftəsinin cüməsi
12 dekabr – Əqdəs Bakirə Məryəmin Qvadalupe təzahürünün xatirəsi (Qvadalupe Xanımımız)
9 dekabr 1531-ci ildə sübh zamanı Bakirə Məryəm Mexiko şəhərinin kənarındakı Tepeyak təpəsində gənc hindli Xuan Dieqoya göründü. O, özünü gənc oğlana bu sözlərlə təqdim etdi: "Mən kamil Əbədi-Bakirəyəm, həyatverən Həqiqi Allahın Validəsiyəm". O, dərhal görünməsinin səbəbini açıqladı: "burada mənim üçün kiçik ev-ziyarətgah tikilsin". Daha sonra Məryəm Xuan Dieqodan yepiskopun yanına gedib Onun sözlərini çatdırmasını istədi. Lakin yepiskop Xuana inanmadı. Dördüncü görüntü zamanı, dekabrın 12-də, Müqəddəs Məryəm gənc oğlandan təpəyə qalxıb çiçək dərməsini istədi. Qışın olmasına və ərazinin quraqlıq olmasına baxmayaraq, o, İspaniya bölgəsinə xas olan Kastiliya qızılgülləri ilə örtülmüş bir təpə gördü. Bu, rəng və ətir təntənəsi idi. Mübarək Məryəm ona bürüncəyini (hidlilərin ənənəvi “tilma” adlı üst geyimi) bu çiçəklərlə doldurmağa kömək etdi və o, onları yepiskopun yanına apardı. Xuan Dieqo paltarı açanda güllər yerə düşdü və paltarın üzərində Müqəddəs Məryəmin təsviri göründü. Nəhayət, əmin olan yepiskop dərhal Tepeyak təpəsində kilsə tikməyi və onu Qvadalupe Xanımımıza həsr etməyi əmr etdi. Əsrlər keçsə də, o qızılgüllər hələ də hər bir imanlılın qəlbində açır.
BİRİNCİ OXUNUŞ Yeşaya 48,17-19
Səni Satınalan, Rəbb, İsrailin Müqəddəsi belə deyir: «Allahın Rəbb Mənəm, Mən sənin xeyrinə səni öyrədirəm, getdiyin lazım olan yolla səni aparıram. Ah, kaş ki sən Mənim əmrlərimə diqqət yetirəydin! Onda əmin-amanlığın heç vaxt qurumayan çay kimi axardı, salehliyin dəniz dalğaları kimi olardı. Nəslin dəniz qumu kimi, övladların qum dənələri kimi olardı. Adları qarşımda nə pozulardı, nə də silinərdi».
Təfsir
"Xeyrə olanı öyrədən" və İsraili doğru yolda istiqamətləndirən Allah, seçilmiş xalqından onlara verilən əmrlərə cavab olaraq itaət gözləyirdi. Lakin məhz bu itaətkarlıq böyük səy tələb edir və bilirik ki, İsrail xalqı məhz onların daimi sədaqətsizliyi üzündən öz missiyasında uğursuzluğa düçar oldu. İtaət etmək niyə bu qədər çətindir? Məgər biz Allaha etibar etmirik? Səbəb odur ki, biz yuxarıdan əmr almağı, başqasının bizə nə edəcəyimizi və nə etməyəcəyimizi deməsini sevmirik. Azadlığımızı itirməkdən qorxuruq və başqasının əmrlərini qəbul etməkdənsə, öz fikirlərimizi irəli sürmək daha doğru görünür. Problem ondadır ki, ilkin günah heç vaxt səhv etməyən Allaha olan insanın etibarını zəiflədib. Lakin müqəddəslər əlamətdar bir təcrübə yaşayırlar: Allaha nə qədər çox itaət etsələr, özlərini bir o qədər azad hiss edirlər. Qəribə görünsə də, bu, doğrudur. Əksinə, öz dünyəvi və allahsız mühakimələrinə uyğun yaşayanlar nəticədə ehtirasların və günahların səssiz köləsinə, nəticədə isə başqalarının köləsinə çevrilirlər. Buna görə də Allah bizə Ona etibar etməyi və itaət etməyi əmr edir: O, bizi həqiqətən azad görmək istəyir!
İNCİL Мatta 11,16-19
Bəs bu nəsli nəyə bənzədim? O, bazar meydanlarında oturan və “Biz sizə tütək çaldıq, sizsə oynamadınız. Biz mərsiyələr oxuduq, sizsə matəm tutmadınız” deyib başqalarını səsləyən uşaqlara bənzəyir. Çünki Yəhya gəldikdə nə çörək yeyir, nə şərab içirdi və onlar deyirlər: “O, cinə tutulmuşdur”. Bəşər Oğlu gəldikdə yeyib-içdi və onlar deyirlər: “Bu qarınqulu və əyyaş adama baxın! Vergiyığanlara və günahkarlara dost oldu!” Amma hikmət öz əməlləri ilə təsdiq olunur».
Təfsir
Rəbbin təklif etdiyi müqayisələr həmişə aktualdır: həqiqəti qəbul etmək həmişə tutarlı bəhanələr tapırlar. Vəftizçi Yəhya Məsihin gəlişini elan etdi, hər kəsi tövbə etməyə çağırdı. Lakin heç nə baş vermədi: yalnız bir neçə nəfər bu nəsihətləri ciddi qəbul etdi. İsa mərhəmət və xeyirxahlıq "tütəyində" çaldı, hamıya yaxşılıq etdi, xilas və əbədi həyatı vəz etdi, insanların düşdükləri vəziyyətləri yüngülləşdirmək üçün möcüzələr göstərdi, çörəyi çoxaltdı və digər heyrətamiz əməllər etdi. Lakin xalqın rəhbərləri bu əlamətləri rədd etdilər və Onu Səmavi Atanın elçisi kimi tanımadılar. Özlərini müdafiə etmək üçün hətta Məsihi lağa qoydular, Onu "qarınqulu və əyyaş" bir insan adlandırdılar. Deyirlər, eşitmək istəməyəndən daha kar insan yoxdur. Müjdənin bu gün tələb etdiyi yanaşma budur: qəbul etmək, qəbul etmək və yenə də qəbul etmək. Əgər Allahdan danışanlar Allahdan olanlardısa (Kilsə, Həqiqi Təlim, kilsənin baş keşişi, xoşniyyətli insanlar), onda “kədərli mahnılar” oxumalarından və ya sevinclə “tütək çalmalarından” asılı olmayaraq, ruhumuz onları dinləməyə meyl etməlidir.