Liturgiya oxunuşları: 31 DEKABR. Milad oktavasının 7-ci günü
BİRİNCİ OXUNUŞ 1 Yəh 2,12-17
Ey uşaqlar, axır zamandır. Siz «Məsih əleyhdarı»nın gələcəyini eşitmisiniz, indi də çoxlu Məsih əleyhdarı meydana çıxıb. Bundan bilirik ki, axır zamandır. Onlar bizim aramızdan çıxdılar, amma bizə məxsus deyildilər. Əgər bizə məxsus olsaydılar, bizimlə qalardılar. Amma qalmadılar ki, heç birinin bizə məxsus olmadığı aşkara çıxsın. Lakin siz Müqəddəs Olandan bir məsh almısınız və hamınız biliklisiniz. Mən sizə həqiqəti bilmədiyiniz üçün deyil, onu bildiyiniz üçün yazdım; siz bunu da bilirsiniz ki, heç bir yalanın həqiqətlə əlaqəsi yoxdur.
Təfsir
Həvari Yəhya bir çox Məsih əleyhdarların Kilsənin öz daxilindən çıxdığını etiraf edir: onlar, Rəbbi tanıyıb, lakin sonra təkəbbürə qapanıb, başqalarının haqsız olduğundan əmin olaraq, səhv təlimlərini yaymağa başladılar. Onlar öz təlimlərini doğru hesab edirlər, amma əslində onlar heç bir yerə aparmayan «dalanlardır». Həqiqətən də, Kilsədəki bir çox yalançı təlimlər rahiblərdən və rahibələrdən, xarizma və xüsusi zəkaya malik, lakin təvazökarlığı olmayan insanlardan yaranmışdır. İsaya xas olan təvazökarlığın olmaması onların qəlbində təkəbbürə qapı açır; onlar nəzəriyyələrini mütləq səviyyəyə qaldırırlar. Ola bilsin, niyyətləti yaxşıdır, amma nəticədə öz insan düşüncələrini həqiqət ölçüsünə çevirirlər. Buna görə də Həvari, Allahın həqiqəti anlayışında bu qədər israr edir. "Sizdə bu həqiqət var", o deyir, "anlamaqda çətinlik çəkdiyiniz bəzi şeylər olsa belə, o həqiqətdən möhkəm yapışın." Əgər bu, Rəbb İsadan gəlirsə, onu qəbul edin və sonradan başa düşəcəksiniz. Hətta müqəddəs həvari Peter də bir dəfə İsa onun ayaqlarını yuyarkən Rəbbin işinə qarşı çıxmışdı, lakin cavabında bunları eşitdi: "Nə etdiyimi indi bilmirsən, amma sonra başa düşəcəksən" (Yəhya 13, 7). Gəlin yol, həqiqət və həyat olan Rəbbə etibar edək.
İNCİL Yəhya 1, 1-18
Başlanğıcda Kəlam var idi. Kəlam Allahla birlikdə idi. Kəlam Allah idi. O, başlanğıcda Allahla birlikdə idi. Hər şey Onun vasitəsilə yarandı və yaranan şeylərdən heç biri Onsuz yaranmadı. Həyat Onda idi və bu həyat insanların nuru idi. Nur qaranlıqda parlayır, qaranlıq isə onu bürüyə bilmədi. Allahın göndərdiyi bir adam ortaya çıxdı, onun adı Yəhya idi. O, şəhadət üçün gəldi ki, Nur barədə şəhadət etsin və hamı onun vasitəsilə iman etsin. O özü Nur deyildi, amma Nur barədə şəhadət etmək üçün gəldi. Bu, həqiqi Nur idi və dünyaya gələrək hər bir insanı işıqlandırırdı. O, dünyada idi, dünya Onun vasitəsilə yarandı, amma dünya Onu tanımadı. Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi. Lakin Onu qəbul edənlərin hamısına, adına iman edənlərə Allahın övladları olmaq ixtiyarını verdi. Onlar nə qandan, nə bəşər arzusundan, nə də kişi istəyindən deyil, yalnız Allahdan doğuldu. Kəlam bəşər olub, lütf və həqiqətlə dolu olaraq aramızda məskən saldı; biz də Onun ehtişamını – Atadan gələn vahid Oğulun ehtişamını gördük. Yəhya Onun barəsində şəhadət etdi və nida edib dedi: «“Məndən sonra Gələn məndən üstündür, çünki məndən əvvəl var idi” deyib haqqında danışdığım Şəxs budur». Hamımız Onun bütövlüyündən lütf üstünə lütf aldıq. Qanun Musa vasitəsilə verildi, lütf və həqiqət isə İsa Məsih vasitəsilə gəldi. Allahı heç kəs heç vaxt görməyib, amma Atanın qucağında olan və Allah olan vahid Oğul Onu tanıtdı.
Təfsir
2025-ci ili təsəvvür edilə biləcək ən möhtəşəm himnlə - Əbədi Kəlamın təcəssümünü tərənnüm edən bir nəğmə ilə başa vururuq. Sevimli Oğul ölümlü bədən aldı, yer üzündə doğuldu və insan oldu. Gəlin buna heç vaxt öyrəşməyək, çünki İsa var olan bütün şəxsiyyətlərin ən təkrarolunmazıdır. Gəlin Onu sadəcə müdrik bir müəllim kimi qəbul etməyək. Dünyanın bütün həyatı, kainatın bütün yaxşılıqları bu sözlərdə yer alır: "Kəlam bəşər oldu və aramızda yaşadı." Qalan hər şey - həqiqətən hər şey! - bundan asılıdır. Çünki nə qədər böyük olsa da, hər hansı bir insan əməli, Allah-İnsan İsa Məsih tərəfindən qəbul edilməsə və xilas edilməsəydi, zamanın axınlarında itib əbədi olaraq yox olar, boşluq tərəfindən udulardı. Rəbb İsada biz Səmavi Atanı görürük; Onun vasitəsilə Müqəddəs Ruhu alırıq. Onun sayəsində İlahi həyata qəbul ola və nəhayət varlığımızda məna və məmnunluq tapa bilərik. Gəlin bir anlıq hər şeyi unudaq və Allahın dünyada və özümüzdə etdiyi hərəkəti düşünmək üçün bu böyük və gerçək həqiqətə daxil olaq.