Liturgiya oxunuşları: 30 DEKABR. Milad oktavasının 6-cı günü
BİRİNCİ OXUNUŞ 1 Yəh 2,12-17
Ey övladlar, sizə yazıram, çünki Onun adı naminə günahlarınız bağışlanıb. Ey atalar, sizə yazıram, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız. Ey gənclər, sizə yazıram, çünki şər olana qalib gəlmisiniz. Ey uşaqlar, sizə yazdım, çünki Atanı tanıyırsınız. Ey atalar, sizə yazdım, çünki başlanğıcdan bəri Var Olanı tanıyırsınız. Ey gənclər, sizə yazdım, çünki güclüsünüz, Allahın kəlamı sizdə qalır, şər olana da qalib gəlmisiniz. Dünyanı və dünyada olan şeyləri sevməyin. Kim dünyanı sevirsə, onda Atadan olan məhəbbət yoxdur. Çünki dünyada olan hər şey – cismani ehtiraslar, acgözlük və dünya malına görə təkəbbür Atadan yox, dünyadan gəlir. Dünya və ondakı ehtiraslar keçib-gedir, amma Allahın iradəsinə əməl edən əbədi qalır.
Təfsir
Həvari Yəhyaya görə insanın üç düşməni var: dünya, maddiyyat və şeytan. Madiyyat və şeytan kobud və qəddar olduqları üçün asanlıqla tanınsa da, bu dünyanın hiylələri daha çətin aşkar edilir və buna görə də həvari, dünyadan gələn təhlükələr barədə bizi haqlı olaraq xəbərdar edir: " Kim dünyanı sevirsə, onda Atadan olan məhəbbət yoxdur." Bəs bu, özümüzü ondan müdafiə etməli olduğumuz “dünya” nədir? O, Allahsız düşüncə tərzidir; o, bir millətin, cəmiyyətin və ya ailənin idarə olunmasında Allahın qurduğu nizamı rədd etməkdir; o, Allahın verdiyi qanunları nəzərə almayan elmdir; o, atasından uzaqda, pozğunluq içində yaşayan azmış oğuldur. Bu şəkildə yaşayan hər kəs özünü sevgi həyatından məhrum edir (və buna görə də bədbəxtdir) və nəticədə məhv olur, çünki dünya xilas etməkdə acizdir. Buna necə müqavimət göstərə bilərik? Biz Rəbbi bütün qəlbimizlə sevməli və qonşumuzu özümüzü sevdiyimiz kimi sevməliyik. Müqəddəs Filip Neri demişdir: "Allahın Ruhunun möhürü həmişə sevinc və daxili dinclikdir. Əgər sevinci qorumaq istəyirsinizsə, bu dünyadan vəbadan qaçdığınız kimi qaçın."
İNCİL Luka 2, 36-40
Orada Aşer qəbiləsindən olan Penuel qızı Xanna adlı qadın peyğəmbər də var idi. O, çox yaşlı idi. Gənc yaşında ərə getmiş, əri ilə yeddi il yaşayıb dul qalmışdı. Bu, səksən dörd yaşında dul qadın idi. O, məbədi tərk etmirdi və oruc tutub dua edərək gecə-gündüz Rəbbə ibadət edirdi. Xanna da bu zaman yaxınlaşdı və Allaha şükür edərək Yerusəlimin satın alınmasını gözləyən bütün adamlara Körpə İsa barədə nəql etməyə başladı. Yusiflə Məryəm Rəbbin Qanununa əsasən hər şeyi icra edib qurtardıqdan sonra Qalileyaya – öz şəhərləri olan Nazaretə qayıtdı. Uşaq böyüyür, qüvvətlənir və hikmətdə yetkinləşirdi. Allahın lütfü də Onun üzərində idi.
Təfsir
Şimeondan fərqli olaraq, Xanna orada yaşadığı üçün Məbəd icmasında kifayət qədər tanınırdı. Bəs o, nə edirdi? Allaha xidmət edirdi. Necə? O, nə Məbədin təsərrüfat işlərinə baxırdı, nə xadimə idi: o, dua edir və oruc tuturdu; Körpə İsanı görmək və Onu tanımaq ənamı ona verildi. Vəcdlə dolu olaraq, o, bütün dünyaya Onun haqqında danışır. Şimeon yalnız Məryəm və Yusifə müraciət edib sonra susduğu halda, Xanna — imanı, qəlbinin saflığı və uzun illər dua və orucla qazandığı mənəvi həyatı sayəsində — xilas hadisəsinin ilk "ictimai" təbliğçisi olmalı olduğunu hiss etdi. Və onun üçün xilas ideyalar sistemi deyil, bir Şəxs, İlahi Körpə İsa idi. Və bu qadın sonradan Rəbbin nifrət və mühakimə ediləcəyi Məbəddə xilasın ilhamverici carçısına çevrildi.