Axtar

2024.12.27 San Giovanni Apostolo ed evangelista

Liturgiya oxunuşları: 27 DEKABR. Müq. Yəhya, həvari və müjdəçi

“Yəhya tarixi dəyişdirən ağlasığmaz bir səhəri təsvir edir. Hamı qaçır: Məcdəli Məryəm, Peter, Yəhya.Əbədi görünən ayrılıqdan sonra onların ürəkləri şiddətlə döyünür. Bəlkə də onlarda Rəbbi yenidən görmək ümidi alovlanıb! Yəhya hamıdan daha sürətli qaçır, çünki o, cavandır, həm də ümidini itirməyib. O, Mübarək Məryəmə yaxın idi və onun imanına "yoluxmuşdu". İmanımız zəiflədikdə, gəlin Məryəmin yanına gedək: o, bizə öyrədəcək, bizi başa düşəcək və imanı yaşamağımıza kömək edəcək” (Papa Fransisk)

Müqəddəs Həvari və Müjdəçi Yəhya İsanın və Onun şagirdlərinin ardınca gedən dindar qadınlardan biri olan Salomeyanın və əri Zavdayın oğlu idi. O, atası və "böyük" adlandırılan qardaşı Yaqubla birlikdə Qalileya dənizində balıqçılıqla məşqul olurdu. Peterin qardaşı Andrey ilə birlikdə Vəftizçini dinləmək üçün İordan çayının sahilinə gedirdi. Vəftizçi İsa keçərkən ona işarə edərək: "Budur, Allahın Quzusu", - deyəndə Yəhya Nazaretlinin ardınca getdi və günün ikinci yarısını Onunla qaldı. İsa ilə ilk görüş onun həyatında o qədər mühüm yer aldı ki, Yəhya, onilliklər sonra Müjdəsini yazarkən bu görüşün saat neçədə baş verdiyini belə vurğulamışdı: "Günortadan sonra saat dörd idi" (Yəhya 1, 39). Bir müddət sonra İsa onu, qardaşı Yaqub, Peter və Andrey ilə birlikdə  Onun şagirdi olmağa çağıranda Yəhya valideynlərini və işini tərk edərək Onun ardınca getdi. "İsanın sevdiyi şagird" Müqəddəs Məryəmin yanında dayanaraq Rəbbin Əzablarının şahidi oldu. İsanın xahişinə əməl edərək, Məryəmi ana kimi qəbul etdi və özünü ona oğul kimi etibar etdi. Üç gün sonra o, Peterlə birlikdə İsanın qəbrinə qaçdı və Məsihin dirildiyinə şəhadət etdi. Daha sonra o və Məryəm Efesə köçdülər. Oradan Patmos adasına sürgün edilən Yəhya Rəbbin günündə Ruhdan ilham aldı və Vəhy kitabında təsvir etdiyi görüntüləri aldı.

BİRİNCİ OXUNUŞ 1 Yəh 1, 1-4

Biz Həyat Kəlamını elan edirik; bu həmin Kəlamdır ki, başlanğıcdan var idi və biz Onu eşitdik, gözlərimizlə gördük, seyr etdik və əllərimizlə hiss etdik. Həyat zahir oldu, biz də onu görüb şahidlik edirik və Ata ilə birlikdə olub bizə zahir olan əbədi həyatı sizə elan edirik. Biz sizə gördüyümüzü və eşitdiyimizi elan edirik ki, sizin də bizimlə şərikliyiniz olsun; bizim şərikliyimiz də Ata və Onun Oğlu İsa Məsihlədir. Biz bunları yazırıq ki, sevincimiz kamil olsun.

Təfsir

Yəhya hər kəsə əsl sevginin həm insani, həm də ilahi təbiətə malik olan İsa vasitəsilə bizə gəldiyini elan etmək ehtiyacını hiss edirdi. Həvariyə böyük bir şərəf və ecazkar bir tale verildi: Isanın əməllərinə şahid olmaq, Onunla olmaq, Onu eşitmək, Ona toxunmaq, Onunla bir süfrədə oturmaq... "Biz Onu gözlərimizlə gördük!" deyə Yəhya nida edir. Orta əsrlərin məşhur ruhani müəllifi, Müqəddəs Rişar de San-Viktor  yazır: "Ubi amor ibi oculos" ("Sevgi haradadırsa, gözlər oradadır"). Bu o deməkdir ki, münasibət olan yerdə gözlər açılır, baxışlar yaranır. Şagirdlərin gözləri həyat Kəlamını gördülər və onlar üçün - eləcə də onlarla fasiləsiz birlik quran bütün insanlar üçün bu qayda doğrudur: "Ubi amor, ibi oculos". Əslində, İncilin sonuncu Bəxtiyarlıq əmri, İsanı cismən görməsələr də, nəsildən-nəslə Ona iman gətirənlərə ünvanlanır: "Görmədən iman edənlər nə bəxtiyardır!" (Yəhya 20, 29).

İNCİL Yəh 20,1-8

Həftənin ilk günü tezdən, hələ qaranlıq ikən Məcdəlli Məryəm qəbirin yanına gəldi. O gördü ki, daş qəbirin ağzından götürülüb. Onda qaçıb Şimon Peterlə İsanın sevimlisi olan o biri şagirdin yanına gəldi və onlara dedi: «Rəbbi qəbirdən aparıblar və hara qoyulduğunu bilmirik». Peterlə o biri şagird bayıra çıxıb qəbirə tərəf getdilər. İkisi birgə qaçırdı, amma o biri şagird Peterdən daha cəld qaçdı və qabaqca qəbirə o çatdı. Əyilib içəri baxdı və kətan bezlərin düşüb-qaldığını gördü, ancaq içəri girmədi. O vaxt onun ardınca Şimon Peter də gəlib qəbirə girdi. O, düşüb-qalan kətan bezləri və İsanın başına qoyulmuş dəsmalı gördü. Dəsmal kətan bezlərin yanında deyil, başqa bir yerdə bükülü qalmışdı. 8 Onda qəbirin yanına qabaqca gələn o biri şagird də içəri girib bunları gördü və iman etdi.

Təfsir 

Yəhya heç bir əlamət görmədən iman edən həvarilərdən birincisidir. Daha sonra o, Dirilmiş Rəbbi Yerusəlimdəki Yuxarı Otaqda hər kəslə birlikdə görəcək, lakin hələlik heç kim dirilmə haqqında bilmir.  Bugünkü İncildə biz "qaçış yarışı" səhnəsini görürük. Məcdəli Məryə gəlir və inanılmaz bir xəbər gətirir: İsa artıq məzarda deyil. Qəlbi Rəbbinə olan sevgi ilə yanan Yəhya, məzara qaçır. Ora çatanda Peteri gözləyir, nə baş verdiyini anlamaq istəyir, eyni zamanda Peterin həvarilərin başçısı vəzifəsinə hörmət edir. İçəri girəndə o, insan fərziyyələrinə qapılmır, dərhal ölülərdən dirilməyə inanır - kəfənin düzülüşünə baxır və ən əsası, İsanın üç gündən sonra yenidən diriləcəyini bildirdiyi üçün inanır. Peter baxır susur; Yəhya  isə dərhal iman edir. Sevginin qadir olduğu budur! Yəhya Müəllimini sevirdi və bu səmimi meyl dərhal onun daxili gözlərini açdı: İsanın “aparılmadığını”, qaçırılmadığını, əksinə yenidən Səmavi Atadan həyat aldığını və əvvəlkindən daha canlı olduğunu bilərək sevindi.

27 dekabr 2025, 13:33