Liturgiya oxunuşları: 26 DEKABR. Müq. Stefan, ilk şəhid və diakon
Müqəddəs Stefan. «Bunu onlara günah sayma»
Stefan ilk xristian şəhididir və onun bayramı Miladdan dərhal sonra, Təcəssüm Sirri ilə şəhidlik arasındakı dərin əlaqəni vurğulamaq üçün qeyd olunur. O, Pentikost bayramından qısa müddət sonra tutuldu və daşqalaq edilərək öldürüldü. O, şəhidin - "Məsihi təqlid edənin” idealını təcəssüm etdirdi. Stefan Dirilmiş İsanın izzətini seyr edir, Onun ilahiliyini elan edir, ruhunu Ona təslim edir və öz qatillərini bağışlayır. Onun daxilində Allaha olan sevgi alovlanır. O, çox güman ki, yunan mədəniyyətində böyümüş gənc bir yəhudi idi və şübhəsiz ki, xristian olan ilk yəhudilərdən biri idi. O, həvarilərin ardınca getdi və təhsili, müdrikliyi və səmimi imanı sayəsində yoxsullara xidmət etməkdən məsul olan Yerusəlim diakonlarının birincisi oldu. Stefanın hekayəsi tamamilə etibarlı bir mənbəyə - Həvarilərin İşləri Kitabına əsaslanır. Onun haqqında "iman və Müqəddəs Ruhla dolu" olduğu yazılır (Həv 6,5). O, istedadlı vaiz idi və "xalq arasında böyük xariqə və əlamətlər göstərirdi" (Həv 6,8). Stefan Məsihə olan imanı rəqibləri qarşısında elə böyük əminliklə müdafiə edirdi ki, onun üzü orada olanlara mələyin üzü kimi görünürdü. Onun edamının şahidi olan Müqəddəs Paul sonradan onun ruhani mirasını qəbul edərək "xalqların həvarisi" oldu.
BİRİNCİ OXUNUŞ Həv 6,8-10; 7,54-60
Lütf və qüdrətlə dolu olan Stefan xalq arasında böyük xariqə və əlamətlər göstərirdi. Belə olanda Azadlar Sinaqoqu adlanan sinaqoqun bəzi üzvləri, Kirenalılardan, İsgəndəriyyəlilərdən, Kilikiyadan və Asiya vilayətindən bəzi insanlar Stefana qarşı çıxıb onunla mübahisəyə başladılar. Amma Stefanın sözündəki hikmətin və Ruhun qarşısında dayana bilmədilər. Ali Şuranın üzvləri bu sözləri eşidəndə çox qəzəbləndilər və Stefana dişlərini qıcırtdılar. Müqəddəs Ruhla dolan Stefan isə gözlərini göyə dikib Allahın ehtişamını və Allahın sağında dayanan İsanı gördü. O dedi: «Baxın, mən göylərin yarıldığını və Bəşər Oğlunun Allahın sağında dayandığını görürəm». Onlar qulaqlarını tutub haray qopardılar və hamısı birlikdə Stefanın üstünə hücum çəkdilər. Onu şəhərdən kənara çıxarıb daşqalaq etdilər. Stefanın əleyhinə şahidlik edənlər öz üst geyimlərini Şaul adlı bir gəncin ayaqları altına qoydular. Stefan üstünə yağan daşlar altında belə yalvarırdı: «Ya Rəbb İsa, ruhumu qəbul et». Sonra diz çöküb ucadan nida etdi: «Ya Rəbb, bunu onlara günah sayma». Bunu deyəndən sonra gözlərini bu həyata yumdu.
Təfsir
Stefanın heç bir pis əməli yox idi. Onu heç bir cinayətdə ittiham etmək olmazdı: nə oğurluqda, nə qətldə, nə də Qanunu pozmaqda. O, xalq arasında möcüzələr və əlamətlər göstərirdi. Bu qadağandırmı? Qanuna ziddirmi? Heç də yox; əslində, xalq Stefanın möcüzələrindən konkret faydalar əldə edir və bunlara sevinirdi. Lakin bir məqamda Stefan İsanın göydə Allahın sağında dayandığını gördüyünü dedi və bu, hakimlərdə böyük qəzəbə səbəb oldu. Bu sözləri eşidəndən sonra artıq özlərini saxlaya bilmədilər: ona hücum etdilər və onu vəhşicəsinə öldürdülər. Burada aydın olur ki, bunun arxasında başqa bir şey dayanır...çünki Stefana qarşı zorakılığa rasional arqumentlərlə bəraət qazandırmaq mümkün deyil. Əsas məsələ budur ki, döyüş insanlar arasında deyil, Məsihlə şeytan arasındadır. Şeytan Rəbb İsadan nifrət edir, çünki şeytanın qovulduğu Səmavi Padşahlığın qapıları İsanın qurbanı ilə açılıb. Stefan Padşahlığın qaplarının açıq olduğunu görür və bu şeytanı qəzəbləndirir. Bu, bu gün də baş verir; şərin nifrətinə baxmayaraq, Padşahlıq, ona daxil olmaq istəyən hər kəs üçün açıqdır.
İNCİL Мatta 10,17-22
İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar. Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur. Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq.
Təfsir
Bugünkü İncil ilk şəhid Stefanın başına gələnləri dəqiq təsvir edir: o, heç bir səbəb olmadan məhkəməyə gətirildi və məhkəmə və ya istintaq olmadan edam edildi. O, müdafiə nitqi hazırlamamışdı (çünki heç bir cinayət törətməmişdir) amma o, Müqəddəs Ruhun ona həmin anda deməyə ilham verdiyini - İsanı Səmavi Atanın sağında gördüyünü söylədi. Onu ölümə məhkum edənlər qardaşları, yəni iman yoldaşları idi. Bu, döyüşün insanlar arasında deyil, şeytan və Məsih arasında aparıldığını təsdiqləyir, buna görə də şəhid-şahid məhz "Müqəddəs Ruhun səsi ilə" danışır. Düşmənin heç bir arqumenti yoxdur, yalnız Allaha nifrət edir və buna görə də yalan danışır. Bu gün Kilsənin həyatı Rəbb İsanın yer üzündəki yolunu təkrarlayır: O, insanları xilas etmək üçün gəldi, Öz sülhünü verdi, lakin bizi şər qüvvələri ilə qarşıdurmadan qurtarmadı. Əksinə, şər niyyətli müqvimət bizim doğru yolda olduğumuzun əlamətidir. İnsanın imanını gizlətmək istəyi xristian həyatı ilə uyğun gəlmir, çünki sevgi yandıran bir alovdur. Şahid nəticələrə əhəmiyyət vermir, heç bir hesablama aparmır: o, dəqiq bildiyini danışır və onun gücü bu qətiyyətdə gizlənir.