Axtar

2018.10.13 Natività, adorazione dei Magi

Liturgiya oxunuşları: 25 DEKABR. MİLAD BAYRAMI

İsa aramızda hər şeyi – sevinclərimizi və əndişələrimizi bölüşmək üçün doğuldu. Hər şeyə ehtiyacı olan O, qəlblərimizin qapısını döyür. Gəlin mənəvi qəflət yuxusuna və Mövludunu qeyd Etdiyimizi bizə unutduran bayramın saxta təsəvvürlərinə qalib gələk. Gəlin ürəyi keyləşdirən və Hadisəni düşünərək seyr etmək əvəzinə hədiyyə almağa sövq edən səs-küydən çıxaq. Gəlin Beytlehemə üz tutaq! İsa bizim sülhümüzdür. Böyük Müqəddəs Leonun dediyi kimi: "Rəbbin Doğuşu sülhün doğuşudur" (Papa Fransisk)

MİLAD DÖVRÜ

Milad dövrü sevinc zamanıdır, çünki biz təxminən iki min il əvvəl dünyaya gəlmiş Rəbbi mədh edirik. Burada təkcə keçmişdə baş vermiş bir hadisədən deyil, bu gün də liturgik bayramda yenidən canlanan, gerçəkliyə çevrilən bir hadisədən söhbət gedir. Milad bayramına dair ilk şahidlik IV əsrin ortalarına aiddir, Məsihin doğum günü kimi 25 dekabr tarixi isə 354-cü ilə aid ən qədim Roma liturgik təqvimində qeyd olunur.

Miladda biz tarixin mənasını dərk edirik: bu tarixdə Allah Özünü hər bir ürəyin və hər bir xalqın gözləntilərini ölçüyəgəlməz dərəcədə aşan Məhəbbət kimi açıqlayır; biz Allahın əbədi planını kəşf edirik – bu plan bizim həyatımızı və qardaş-bacılarımızın həyatını işıqlandırır.

Rəbbimiz İsa Məsihin Miladı bizə xatırladır ki, Allah bütün vəziyyətlərdə mövcuddur, hətta elə yerlərdə ki, bizə Onun orada olması mümkünsüz görünür. Bu iman bizi Milad dövrünü daha böyük ümidlə yaşamağa təşviq edir: Allah buradadır və O, bizdən vərdişlərimizi yenidən gözdən keçirməyi istəyir. Bu bayram xilasın ortaq yolunu, bir-birimizə qayğı göstərməyin zəruriliyini xatırladır.

Milad dövrü liturgik ilin bir dövrüdür; Miladın Birinci Axşam Dualarından başlayır və Rəbbin Vəftizi bazar gününə (Epifaniyadan sonrakı ilk bazar gününə) qədər davam edir. Beləliklə, bu dövr iki və ya üç həftə çəkir.

Milad dövründə bir sıra liturgik bayramlar qeyd olunur: İsanın Mövludu sirrindən başlayaraq, Onun özünü dünyaya aşkar etməsinin (Epifaniya, 6 yanvar), Onun İlahi təbiətinin açıqlanmasının və Məsih kimi təsdiqlənməsinin (Vəftiz bayramı, Epifaniyadan sonrakı ilk bazar günü), Onun ailə həyatının (Müqəddəs Ailə bayramı, 28 dekabr) və Onun Anasının müqəddəsliyinin (1 yanvar) qeyd olunmasına qədər.

Rəbbin günləri, bayramlarda Müqəddəs Messa zamanı «Göylərdəki Uca Allaha həmd olsun» (Gloria) himni oxunur; bazar günləri Messalarında iman etirafı (Kredo) elan edilir. Bu dövrün liturgik rəngi ağdır: bu, nurun, həyatın və bayramın rəngidir.

BİRİNCİ OXUNUŞ Yeşaya 9, 2-4.6-7

Zülmətdə yaşayan xalq möhtəşəm bir işıq gördü. Ölüm kölgəsi diyarında məskunlaşanların üzərinə nur doğdu. Ya Rəbb, milləti çoxaldıb sevinclərini artırdın, əkib-biçənlərin fərəhləndiyi, qənimət bölənlərin sevindiyi kimi onlar da Sənin hüzurunda sevindilər. Çünki onlara yük olan boyunduruğunu, çiyinlərini döyən çomağını, onlara zülm edənlərin dəyənəyini çilik-çilik etmisən Midyanlıların başlarına gətirdiyin gün kimi. Çünki bizim üçün körpə doğuldu, Bizə oğul verildi, hakimiyyət Onun çiyinləri üzərində olacaq, Onun adı Ecazkar Məsləhətçi, Qüdrətli Allah, Əbədi Ata, Sülh Hökmdarı olacaq. Hakimiyyətinin və sülhünün artmasının sonu olmayacaq, O, Davudun taxtı və padşahlığı üzərində hökm sürəcək, O, hakimiyyətini ədalətlə və salehliklə indidən sonsuzadək quracaq. Ordular Rəbbinin qeyrəti bunu edəcək.

Təfsir

Hakimiyyətin və padşahlıq ləyaqətinin nişanələri (Məsləhətçi, Ata, Şahzadə və s.) qüdrətli bir sərkərdənin deyil, bir Körpənin üzərinə qoyulub. Biz bilirik ki, yeni doğulmuş körpə tam zəifliyin və acizliyin rəmzidir: onu tək, taleyin ixtiyarına buraxsaq, bir neçə saat içində məhv olar. Və yenə də məhz bu zəiflik vasitəsilə Allah dünyaya daxil olur və hər şeyi «ədalət və doğruluqla» bərqərar edir. Bu, mütləq zəiflik vasitəsilə mümkündürmü? Bəli, və biz bunu dəfələrlə təkrarlamalıyıq, çünki bizdə şəri zorakılıqla məğlub etmək vəsvəsəsi var. Halbuki şər məhəbbətlə məğlub edilir. Məhz buna görə Beytlehem axurunda yatan Körpə və Çarmıxda əzab çəkən İsa məhəbbətin ən qüdrətli və ən uca obrazıdır. Bu, Məsihdə tamamilə Özünü hədiyyə edən Allahın obrazıdır və O yalnız bir şey istəyir: qəbul edilmək, sevilmək və arzulanmak. O zaman O, şeytan və bu dünya qarşısında məğlubedilməz olacaq, lakin bu qələbə üçün Ona bizim imanımız və məhəbbətimiz «lazımdır». Buna görə də məhz sadə və ürəyi pak olanlar – Ona iman edənlər – şərə qarşı mübarizədə qalib gəlirlər.

İKİNCİ OXUNUŞ Tit 2, 11-14

Çünki Allahın bütün insanlara xilas gətirən lütfü zühur etdi. Bu lütf bizə allahsızlığı və dünyəvi ehtirasları rədd edib, bu dövrdə ağıllı-kamallı, saleh və möminliyə uyğun bir ömür sürməyi öyrədir. Bu ərəfədə bəxtiyarlıq gətirən ümidimizin gerçəkləşməsini, ulu Allah və Xilaskarımız İsa Məsihin izzətinin zühurunu gözləyək. O Özünü bizim üçün fəda etdi ki, bizi hər cür qanunsuzluqdan satın alsın, təmizləyib Özünə məxsus və yaxşı işlərə səy göstərən bir xalq yaratsın.

Təfsir

Hər il qeyd olunan Milad Rəbbin ikinci gəlişinin gözlənilməsidir. Məsih artıq cismani şəkildə Beytlehemdə gəldi və O, bir daha qayıdaraq Öz izzətini bütün dünyaya aşkar edəcək. Bu iki gəliş arasında bizim bu gün yaşadığımız zaman yer alır – mənəvi mübarizə ilə səciyyələnən bir zaman. Biz məhvə aparan dünyəvi istəkləri rədd etməyə çalışırıq ki, Allaha olan şövqlə dolaraq xeyirxah əməllər görək. Bu zamanda yaşamaq – keçmişi xatırlamaq deməkdir: biz ruhən Beytlehem axuru qarşısında, çobanlarla birlikdə dayanaraq, hər birimiz üçün verilmiş ölçüyəgəlməz hədiyyəyə görə Göylərdə olan Atanı mədh edirik. Bununla yanaşı, biz, eyni zamanda,  gələcəyə yönəlməliyik – Rəbb İsanın Məhkəmə üçün qayıdacağı və şər imperiyası üzərində qələbəsini tam şəkildə aşkar edəcəyi vaxta. Beləliklə, bizim yer üzündəki həyatımız heyrətamiz bir dərinlik və miqyas qazanır: Məsihin cismani gəlişi ilə Onun izzətlə son gəlişi arasında biz İlahi təbiətə şərik ola və artıq indi – iman, ümid və məhəbbətdə – Allahın Padşahlığında yaşaya bilərik.

İNCİL Luka 2, 1-14

O günlərdə qeysər Avqust bütün Roma ölkəsi üçün siyahıyaalma keçirmək barəsində fərman verdi. Bu ilk siyahıyaalma Kirini Suriyanın valisi olanda keçirilmişdi. Hamı siyahıya alınmaq üçün öz şəhərinə yollandı. Yusif də Davudun əsil-nəslindən olduğuna görə Qalileyanın Nazaret şəhərindən çıxıb Yəhudeyaya, Davudun şəhəri olan Bet-Lexemə yollandı. O oraya hamilə olan nişanlısı Məryəmlə birlikdə siyahıya alınmaq üçün getdi. Onlar orada olarkən Məryəmin doğuş vaxtı çatdı. O, ilk Oğlunu doğdu. Körpəni bələyib axura qoydu, çünki qonaq evində onlara yer tapılmadı. O ərazidə sürülərinin yanında gecə növbəsini çəkən çobanlar var idi. Onlar çöldə gecələyirdi. Birdən Rəbbin bir mələyi onların qarşısında zühur etdi və Rəbbin ehtişamı onların üzərinə nur saçdı. Çobanları böyük qorxu bürüdü. Mələk onlara dedi: «Qorxmayın! Mən sizə bütün xalqı çox sevindirəcək bir Müjdə gətirmişəm. Bu gün Davudun şəhərində sizin üçün Xilaskar doğuldu. Bu, Rəbb Məsihdir. Sizə əlamət bu olacaq: axurda yatan bələnmiş Körpə tapacaqsınız». Qəflətən mələyin yanında Allaha həmd edən çoxsaylı səmavi ordu göründü. Onlar belə deyirdi: «Ən ucalarda Allaha izzət, yer üzündə Onun razı olduğu insanlara sülh olsun!»

Təfsir 

Allah dünyaya mağarada doğulmuş bir Körpə kimi gəlir və bu andan etibarən artıq heç nə əvvəlki kimi qalmır. Zahiri baxımdan hər şey sanki öz axarı ilə gedir, lakin ən dərin gerçəklikdə Allahın insan olması faktı insan həyatımızı İlahi nurla işıqlandırır. Ata Antonio Sikari yazır: «Bəzən xristianlar, Allahın Oğlunun təcəssümünə inansalar da, elə yaşayırlar ki, sanki O mövcud deyil, sanki O bizə Öz varlığını, ünsiyyətini, xilasını bəxş etmək üçün gəlməyib. Onlar Ondan maarifləndirən və təsəlli verən bir fikir kimi danışırlar, lakin həmişə yalnız fikir kimi. Onlar İsanı bir “dəyərə”, varlıq üçün bir istiqamət və yolgöstərən nöqtəyə çevirirlər, amma Onu bütün qəlbləri, bütün canları və bütün gücləri ilə sevmirlər». Mələklər isə səmada, Beytlehemdə dünyaya gəlmiş Körpə Allaha baxaraq, Göylərdə olan Ataya ən ucalarda həmd edir və insanlara Allahın məhəbbətini sevinclə müjdələyirlər. Qoy gerçəklik belə olsun: Allahı axtararaq (çobanların yolu ilə) Xilaskarla qarşılaşırıq və O, bizə Öz sülhünü bəxş edir; bu sülh isə bizdən başqalarına axıb yayılır. «Müqəddəs Sarovlu Serafim deyirdi ki, ruhunda sülhü tapsan, ətrafındakı minlərlə insan xilas olacaq.»

24 dekabr 2025, 22:46