Liturgiya oxunuşları: 24 DEKABR. Adventin IV həftəsinin çərşənbəsi
BİRİNCİ OXUNUŞ 2 Pad (2 Şam) 7,1-5.8b-12.14a.16
Rəbb padşah Davuda ətrafında olan bütün düşmənlərinin əlindən rahatlıq verən zamanlarda Davud öz evində oturmuşdu. O vaxt padşah peyğəmbər Natana belə dedi: «Bax mən sidr ağacından tikilən bir sarayda yaşayıram, lakin Allahın sandığı isə bir çadırda qalır». Natan padşaha dedi: «Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir». Lakin o gecə Natana Rəbbin bu sözü nazil oldu: «Get, qulum Davuda söylə ki, Rəbb belə deyir: “Sənmi Mənə yaşamaq üçün ev tikəcəksən? ndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otaranda götürüb xalqım İsrailə hökmdar etdim. Getdiyin hər yerdə səninlə oldum və qarşından bütün düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm. Xalqım İsrail üçün bir yer təyin edib onları oraya sakin edəcəyəm ki, öz yurdlarında yaşasınlar və bir daha sarsılmasınlar. Şər adamlar əvvəllər xalqım İsraillilərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onlara zülm etməsinlər. Sənə bütün düşmənlərinin əlindən rahatlıq verəcəyəm”. Rəbb sənə bildirir ki, Rəbb Özü sənə ev tikəcək. “Ömrün başa çatıb atalarınla uyuyanda yerinə sənin toxumundan – belindən gələn övladını çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. Mən ona Ata, o isə Mənə oğul olacaq. Sənin nəslin və padşahlığın Mənim qarşımda əbədi əmin-amanlıqda olacaq, taxtın isə əbədi möhkəm qalacaq”».
Təfsir
Padşah Davud Allahın Əhd sandığı üçün sidr və ya daşdan layiqli bir məskən tikmək arzusunu Natan peyğəmbərlə bölüşəndə, Natan onu dəstəkləyərək deyir: " Get, ürəyindəki niyyətini həyata keçir, çünki Rəbb səninlədir". Lakin peyğəmbər səhv edir; o, həddindən artıq özünəinamlıdır. Buna görə də, elə həmin gecə Allah müdaxilə edir və Natanın baxış bucağını tamamilə dəyişir. Beləliklə, Natan da daha çox təvazökar olmağı öyrənməlidir. Allah onu məzəmmət etmir, sadəcə izah edir ki, ev həqiqətən tikiləcək, amma maddi mənada yox. Əsl "ev", əsl nəsil, Rəbbin Davuda və ondan sonra gələnlərə Məsihin gəlişinə qədər (yeri gəlmişkən, Onu "Davud Oğlu" çağıracaqlar) verdiyi xeyir-duadır. Daş məbəd də tikiləcək, lakin iki dəfə dağıdılacaq. Tarixdə oxşar hadisələr baş verib: keçmişin bir çox kilsələri artıq yoxdur – zaman, təbii fəlakətlər, müharibələr onları məhv etdi. Lakin Allahın "evi", dirilmiş Məsihin daxili Padşahlığında yaşayan xristianlarda yaşamağa davam edir.
İNCİL Luka 1, 67-19
Körpənin atası Zəkəriyyə Müqəddəs Ruhla dolub belə peyğəmbərlik etdi: «Alqış olsun İsrailin Allahı Rəbbə! Çünki Öz xalqına nəzər salıb onları satın aldı. O, qulu Davudun nəslindən bizə qüdrətli Xilaskar yetirdi. Qədimdən bəri Öz müqəddəs peyğəmbərlərinin vasitəsilə bildirdiyi kimi düşmənlərimizdən və bizə nifrət edənlərin əlindən bizi xilas etdi. Beləcə ata-babalarımıza mərhəmət göstərib Öz müqəddəs Əhdini xatırladı. Atamız İbrahimə and içdiyi kimi bizə elə güc verdi ki, düşmənlərimizin əlindən qurtulub həyatımız boyu qorxmadan Rəbbin önündə müqəddəslik və salehliklə Ona ibadət edək. Ey körpə, sən Haqq-Taalanın peyğəmbəri adlanacaqsan, çünki Rəbbin önündə gedəcəksən, Onun yolunu hazırlayacaqsan. Onun xalqına günahlarının bağışlanması ilə xilas olunmaları barədə bildirəcəksən. Axı Allahımızın ürəyi mərhəmətlidir, Onun bu mərhəmətinə görə Ucalarda bizim üçün Günəş doğacaq ki, zülmətdə və ölüm kölgəsində oturanların üzərinə nur saçsın, ayaqlarımızı sülh yoluna yönəltsin».
Təfsir
Cəzasını çəkəndən sonra Zəkəriyyənin dili açılır və o həmd nəğməsini oxuyur. Bu, Allahın əməllərinin möhtəşəm bir xülasəsidir: İbrahimdən başlayaraq, Zəkəriyyə qucağında tutduğu bir günlük körpəyə çatır və sonra onun baxışları Şərqin yüksəkliklərindən doğan Günəşin əzəmətli görüntüsünə - Rəbb İsaya yönəlir. İbrahimi xatırlayaraq, o, Allahın qədim andından danışır: İbrahimdən dünyaya Xilaskar verəcək mübarək bir nəsil gələcək. Sonra Davuda keçərək Natan peyğəmbərə verilən sözü xatırlayır: padşah Davuddan sülh və ürəklərin Padşahı yüksələcək. Nəhayət, xoşbəxt ata, oğlu Yəhyaya müraciət edərək onu “Haqq-Taalanın peyğəmbəri" adlandırır. Sonda, Zəkəriyyə Məsihin gəlişinin mənasını elan edir - bu, romalılardan və ya yoxsulluqdan deyil, günahdan azad olmaqdır. Böyük peyğəmbərlik, Yeni Əhdi İsanın Beytlehemdə doğulmasından bir neçə ay əvvəl təntənəli şəkildə açır. Unutmayaq ki, bizim də arxamızda tariximiz var: keçmişdə olan hər şey indiki dövrü hazırlayır və mövcud olan hər şey xilas üçün Məsihə gətirilməlidir. İndi böyük Zəkəriyyə səhnədən düşə və həyat yoldaşı və oğlu ilə birlikdə Allahın Oğlu İsaya doğru "sülh yolu" ilə gedə bilər.