Liturgiya oxunuşları: 21 DEKABR. ADVENTİN IV RƏBB GÜNÜ
ADVENT ÇƏLƏNGİNİN DÖRDÜNCÜ ŞAMININ YANDIRILMASI
Ey İsa, Sənin nurun bizə təvazökarlıqla insan olmuş Allahın sirlərini dərk etməyə kömək edir. Səndən zəifliklərimizi qəbul edərək təvazökar qalmağı öyrənmək istəyirik. Gəlin bu son şamı qəlbimizdə sevinclə yandıraq, İsanı təcəssümündə qəbul etməyə və Ona səcdə etməyə hazır olaq. Gəl, Rəbb İsa, gəl və aramızda qal.
BİRİNCİ OXUNUŞ Yeşaya 7,10-14; 8,10с
Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə. Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm». Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz? Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq. Çünki Allah bizimlədir.
Təfsir
Axaz, həqiqəti Allahdan gizlədə biləcəklərini düşünənlərin simvoludur. Yeşaya peyğəmbər tərəfindən Rəbbin öz işini və geniş mənada məzlum xalqın işini dəstəklədiyini təsdiqləmək üçün bir əlamət istəməyə təşviq edilən padşah, Rəbbi sınamaq istəmədiyini bildirərək, məğrur göründüyünü düşünür. Əgər oxunuş bu nöqtədə dayansaydı, Axaz qəhrəman kimi görünərdi; əslində isə, padşah artıq öz strategiyasını hazırlamış və hərbi və siyasi ittifaqlar qurmuşdur. Beləliklə o, imansızlığını nümayiş etdirir. Buna görə də Yeşayadan sərt bir məzəmmət alır. Biz də, çox vaxt dərin imansızlığımızı saxta iman hərəkətinin arxasında gizlədirik! Neçə dəfə Allaha inandığımızı, Onun niyyətlərinə güvəndiyimizi deyib, hər şeyi sanki O mövcud deyilmiş kimi planlaşdırdığımız hallar olub!
İKİNCİ OXUNUŞ Rom 1,1-7
İsa Məsihin qulu, həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş mən Pauldan salam! Allahın Öz peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda əvvəlcədən vəd etdiyi o Müjdə Oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O, cismən Davud nəslindəndir, müqəddəslik Ruhuna görə isə ölülər arasından dirilərək Allahın Oğlu olduğu qüdrətlə elan olundu. Biz Onun vasitəsilə lütfə və həvariliyə nail olduq ki, Onun adı naminə bütün millətlərdən olan insanları imana itaət etməyə çağıraq. Siz də İsa Məsihə məxsus olmaq üçün çağırılmış o insanların arasındasınız. Romada yaşayan, Allahın sevdiyi və müqəddəs olmağa çağırdığı sizin hamınıza Atamız Allahdan və Rəbb İsa Məsihdən lütf və sülh olsun!
Təfsir
Romalılara məktubu açan salamlama, zahiri sadəliyinə baxmayaraq, insanı Rəbbin şagirdi edən hər şeyi ehtiva edir. Paul, doğulduğu gündən ona verilən və Filipililərə məktubun 3-cü fəslində oxuya biləcəyimiz “şəxsiyyət vəsiqəsindən” fərqlənən yeni "şəxsiyyət vəsiqəsini” təqdim edir. Dəməşqə gedən yolda iman gətirdikdən sonra Paul tamamilə fərqli bir insan oldu: indi xristianların keçmiş təqibçisi İsanın təvazökar bir xidmətçisi, öz xidmətlərinə görə deyil, yalnız lütf ilə, sevgi ilə seçilmiş bir həvaridir. Bu bir neçə sözdə necə də güc var! Onlar Səmavi Atanın İsa vasitəsilə bəxş etdiyi böyük ləyaqəti təsvir edir və eyni zamanda həyatı sonsuz sevgi üfüqünə açır. Biz həmişə bu keyfiyyətləri yaddaşımızda və qəlbimizdə saxlamalıyıq və bilməliyik ki, onlar yalnız Paula məxsus deyil, vəftiz günündə hər birimizə bəxş edilmişdir. Allah bizi xilas tarixində fəal iştirakçı olmağa çağırıb. Biz xilas olduq ki, başqalarını xilas edək.
İNCİL Matta 1,18-24
İsa Məsihin doğulması belə oldu. Anası Məryəm Yusifə nişanlanmışdı. Amma birlikdə olmalarından əvvəl Məryəmin Müqəddəs Ruhdan hamilə olduğu aşkar oldu. Onun nişanlısı Yusif saleh bir adam idi və Məryəmi camaat arasında rüsvay etmək istəməyərək gizlicə boşamaq niyyətinə düşdü. Amma belə düşündüyü halda Rəbbin bir mələyi röyada ona görünüb dedi: «Davud oğlu Yusif! Məryəmi özünə arvad etməkdən qorxma, çünki onun bətnindəki körpə Müqəddəs Ruhdandır. Məryəm bir Oğul doğacaq və Onun adını İsa† qoy, çünki O Öz xalqını günahlarından xilas edəcək». Bütün bunlar Rəbbin peyğəmbər vasitəsilə söylədiyi bu söz yerinə yetsin deyə baş verdi: «Budur, bakirə qız hamilə olub Oğlan doğacaq, adını İmmanuel qoyacaqlar». Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. Amma Məryəm bir Oğul doğana qədər Yusif onunla yaxınlıq etmədi. Doğulan Körpənin adını İsa qoydu.
Təfsir
Rəbbin Miladı yaxınlaşdığı üçün liturgiya bizə Müqəddəs Matta İncilindən heyrətamiz bir parça təqdim edir. Təəssüf ki, biz bu hissəni çox vaxt səthi oxuyuruq. Saleh bir insan (yəni ürəyində Rəbbin Qanununu daşıyan biri) olan Yusif dramatik bir seçimlə üzləşir: Levililər Kitabının ciddi göstərişlərinə tabe olmaq və bununla da Məryəmi ictimai təhqirlərə və daşqalaqlara məruz qoymaq, yoxsa Allahın iradəsinə tabe olmaq üçün həyatını təhlükəyə atmağa hazır olan bu qıza olan səmimi sevgisinə tabe olmaq? Axı, Yusifə Məryəmin doğru danışdığına kim zəmanət verə bilərdi? Yusif yuxuya getdi və Məryəmin versiyasını təsdiqləyən və Yusifi sevgi yolu ilə getməyə təşviq edən bir mələk onun yanına gəldi.