Liturgiya oxunuşları: 20 DEKABR. Adventin III həftəsinin şənbəsi
BİRİNCİ OXUNUŞ Yeşaya 7,10-14; 8,10с
Rəbb yenə Axaza söylədi: «Allahın Rəbdən bir işarə istə. Qoy ya ölülər diyarı qədər dərin ya da göylər qədər uca olsun». Lakin Axaz cavab verdi: «Xeyr, Rəbbi sınamaq istəmirəm». Bunun üstündən Yeşaya belə dedi: «Eşidin, ey Davud nəsli! İnsanları bezdirməyiniz bəs deyilmi ki, mənim Allahımı da bezdirirsiniz? Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq. Çünki Allah bizimlədir.
Təfsir
Peyğəmbər Yeşayanın kitabından olan bu hissədə rast gəlinən "bakirə" sözü yunan dilində "gənc qız" kimi də tərcümə edilən "partenos" sözünə uyğun gəlir. Gəlin bu ikili mənanı aydınlaşdırmağa çalışaq. Allah, inadkar padşah Axazın nəslinin davam edəcəyini, düşmən ordularının qalib gəlməyəcəyini və İsrailin məhv edilməyəcəyini başa düşməsi üçün ona bir işarə verir. Bəzi Müqəddəs Kitab tədqiqatçıları bu işarəni Axazın oğlunun, yəni şahzadənin doğulmasında görür. Bu halda, söhbət kişinin iştirakı olmadan döllənməkdən deyil, gənc bir qızın təbii şəkildə dünyaya uşaq gətirməsindən gedir. Lakin, aydındır ki, Müqəddəs Kitab yazıldığı vaxtla məhdudlaşmır, çünki Müqəddəs Yazılardakı hər şey Məsihə doğru irəlləyir. Beləliklə, ali mesaj budur: Allah birləşdirilməsi qeyri-mümkün görünən iki reallığı, iki dünyanı birləşdirərək, insan bədənini qəbul edəcək: Allahın sonsuz, əbədi, mütləq "Mən"i və müəyyən bir məkanda və zamanda yerləşən məhdud insan bədənini. Bu unikal, mübarək hadisə, Allahdan başqa heç bir əlaqədə olamay bir qadının bədənində, onun razılığı sayəsində, "qoy mənə Sənin sözünə görə olsun" sözləri sayəsində baş verəcək.
İNCİL Luka 1,26-38
Elizavetin hamiləliyinin altıncı ayında mələk Cəbrayıl Allah tərəfindən Qalileyadakı Nazaret adlanan şəhərə, Davudun nəslindən olan Yusif adlı bir kişiyə nişanlanan bakirə qızın yanına göndərildi. Həmin qızın adı Məryəm idi. Mələk onun yanına gəlib dedi: «Salam, ey lütfə nail olmuş qız! Rəbb səninlədir».Məryəm bu sözlərdən tam lərzəyə gəldi və ürəyində bu salamın nə demək olduğu barədə düşünməyə başladı. Mələk ona dedi: «Qorxma, Məryəm, çünki sən Allahın lütfünə nail oldun. Sən hamilə olub bir Oğul doğacaqsan. Onun adını İsa qoy. O, böyük olacaq və Haqq-Taalanın Oğlu adlanacaq. Rəbb Allah Ona atası Davudun taxtını verəcək. O, Yaqub nəslinin üzərində əbədi olaraq Padşah olacaq və Onun Padşahlığının sonu olmayacaq». Məryəm mələyə dedi: «Bu necə olacaq? Mən heç kişi üzü görməmişəm». Mələk cavabında ona dedi: «Müqəddəs Ruh sənin üzərinə enəcək, Haqq-Taalanın qüdrəti üstünə kölgə salacaq. Buna görə də doğulacaq müqəddəs Övlad Allahın Oğlu adlanacaq. Bax qohumun Elizavetin də yaşlı vaxtında bətninə oğlan uşağı düşüb. Onu sonsuz adlandırırdılar, amma o artıq altı aydır ki, hamilədir. Çünki Allah üçün mümkün olmayan şey yoxdur». Onda Məryəm dedi: «Mən Rəbbin quluyam, qoy mənə sənin dediyin kimi olsun». Mələk onu tərk edib getdi.
Təfsir
Məsihin gəlişinin gözləntisi Müqəddəs Məryəm Ananın dövründə çox canlı idi; Danielin peyğəmbərlikləri və Müqəddəs Yazıların digər işarələri, İsrailin taleyini dəyişdirmək üçün çağırılmış, xüsusi məsh olunmuş bir insanın məhz bu illərdə doğulacağına inandırdı. Lakin sonsuz və mütləq Allahın insan olacağını və Özü Məsih olacağını təsəvvür etmək çətin idi. Bu doğrudur, çünki əgər Məsih adi bir insan olsaydı, ümumbəşəri günahın təqsirini bağışlaya bilməzdi, Səmavi Padşahlığın bağlı qapısını açmazdı və lütf içində yaşamağımız üçün Müqəddəs Ruhu göndərməzdi. Lakin İlahi Təcəssüm - avtomatik bir fakt deyil; bu, fövqəltəbii bir sevgi hərəkətidir. Allah Məryəmdən istəyib-istəmədiyini, İlahi Gəlin kimi sevilməyə razı olub-olmadığını və bununla da hamı üçün Məsihin Anası olmağa razı olub-olmadığını soruşur. Uca Yaradan ondan Əhdi-Ətiq peyğəmbərliklərini tamamlayacaq və dünyada İlahi həyatın yeni bir dövrünü başladacaq ilk və ən yaxın əməkdaş olmağı xahiş edir. Beləliklə, Məryəmin razılığı iki dünyanın, İlahi və bəşəri dünyaların əbədi olaraq birləşməsi üçün imkan yaradır.