Liturgiya oxunuşları: 14 DEKABR. ADVENTİN III RƏBB GÜNÜ
ADVENT ÇƏLƏNGİNİN ÜÇÜNCÜ ŞAMININ YANDIRILMASI
İsa, Sənin nurun qəlblərimizi isidir və onları Allaha açır. Sənin Beytlehemdə dünyaya gəlməyini səbirsizliklə gözləyirik və bu şamı bizə olan sonsuz sevginə görə minnətdarlıqla yandırırıq.
BİRİNCİ OXUNUŞ Yeşaya 35,1-6a.10
Səhra və quru torpaq sevinəcək, çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək. Hər yan gül açacaq, şadlanacaq, sevincdən nəğmə oxuyacaq. Livanın gözəlliyi, şan-şöhrəti, Karmelin və Şaronun cah-calalı ona veriləcək. Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək. Zəif əllərə qüvvət verin, əsən dizləri möhkəmləndirin. Ürəklərində qorxanlara deyin: «Möhkəm olun, qorxmayın! Budur, Allahınız İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir. O gəlib sizə qurtuluş verəcək!» O vaxt korların gözləri, karların qulaqları açılacaq, axsaqlar ceyran kimi hoppanacaq, lalların dili sevinclə nəğmə deyəcək, çünki səhrada bulaqlar fışqıracaq, Quru torpaqda çaylar axacaq.
Təfsir
Peyğəmbər Yeşayanın sürgündə olanlara müraciəti, əslində, bütün yaradılışı (hətta səhranı da) sevinməyə, rəqs etməyə dəvətdir. Bu təsvirlər və simvollar vasitəsilə Allahla insan arasındakı münasibətlərin dərinliyi aşkar olur. Bu peyğəmbərlik tarixdə yerinə yetdi: xalq Siona qayıtdı, Yerusəlimdəki Məbəd yenidən quruldu və dini həyat dirçəldi. Lakin peyğəmbərin sözlərinin əsl mənası hər kəsə ünvanlanıb və bu gün də aktuallığını qoruyub saxlayır. Bugünkü oxunuşda deyilir ki, kədər və ah-nalə gedəcək, yerinə isə xoşbəxtlik gələcək. Axı, insan sevəndə və sevildiyini hiss etdikdə məhz bu baş verir. Rəbb bizi bu məqsədə çatdırmaq istəyir. Bu dünyada hər şey keçicidir - Məbəd, hətta bərpa olunmuş dövlətlər də - lakin Allahın sevgisi əbədidir və heç vaxt bitməyəcək. Yeşaya Allahın Özünü bizə açmaq və Öz bəxtiyarlığına şərik etmək istəyindən danışır. Eyni zamanda, o, hər kəsi Yaradanın ata səsinə təvazökarlıqla etibar etməyə dəvət edir. Nəticə etibarilə, “müqəddəs yol” Məsihin Özündən, Onun Bədənindən başqa bir şey deyil: bu, hər şeyi sevgi ilə verməyə və hər şeyi sevgi ilə qəbul etməyə qadir olan yeni bir məxluq kimi Onda qalmağımızdır.
İKİNCİ OXUNUŞ Иак 5,7-10
Beləliklə, ey qardaşlar, Rəbbin zühuruna qədər səbirli olun. Görün əkinçi birinci və axırıncı yağış yağanacan səbir edərək torpağın qiymətli məhsulunu gözləyir. Siz də səbirli və ürəkli olun, çünki Rəbbin zühuru yaxındır. Qardaşlar, mühakimə olunmamaq üçün bir-birinizdən gileylənməyin. Budur, Hakim qapı arxasında durur! Qardaşlar, Rəbbin adı ilə danışmış peyğəmbərləri əzablara tab gətirmək və səbir nümunəsi kimi götürün.
Təfsir
Hər hansı bir çətin dövrdən çıxmaq üçün davamlılıq və dözümlülük kimi keyfiyyətlər vacibdir. Bəzən elə görünür ki, heç nə dəyişmir, hətta bütün səylərimizə və dualarımıza baxmayaraq, vəziyyət daha da pisləşir və çıxış yolu görünmür. Gəlin Allaha və Onun vaxt seçiminə etibar edək, çünki Onun planlarını biz müəyyən etmirik. Əslində, O, hər bir sınaqda bizimlədir və əgər gözləməliyiksə, deməli bu belə də olmalıdır; bu o deməkdir ki, bu çətin anlardan daha böyük bir xeyir yetişəcək, hələ ayırd edə bilmədiyimiz bir nemət. Əkinçi toxumu payızda əkir, amma yaza qədər tumurcuqları görmür - bütün dəyişikliklər yerin dərinliyində baş verir. Bizimlə də belədir: əzab və uğursuzluqla qarşılaşanda, hətta hansı xeyirin nəticə verəcəyini başa düşməsək və dərhal nəticələr görməsək belə, lütfün orada, görünməyən dərinliklərdə işlədiyini bilirik. Gözləmək etibar etmək deməkdir. Sevgi etibarla qidalanır; onun torpağında bitir. Gəlin İbrahimi xatırlayaq: ona böyük bir nəsil vəd edilmişdi, amma o, yüz yaşında belə övladsız idi, qarşısında heç bir ümid görsənmirdi. Və yenə də, ata oldu. O, Allaha güvənirdi, Allah üçün isə mümkün olmayan heçnə yoxdur.
İNCİL Matta 11,2-11
Yəhya isə Məsihin işlərini zindanda eşidərək öz şagirdlərini göndərib Ondan soruşdu: «Gəlməli Olan Sənsənmi, yoxsa başqasını gözləyək?» İsa onlara belə cavab verdi: «Gedin, eşidib gördüklərinizi Yəhyaya bildirin: korlar görür, axsaqlar yeriyir, cüzamlılar pak olur, karlar eşidir, ölülər dirilir və yoxsullara Müjdə yayılır. Kim Mənə görə büdrəməsə, nə bəxtiyardır!» Onlar gedərkən İsa camaata Yəhya haqqında danışmağa başladı: «Çölə nəyə baxmağa getmişdiniz? Küləyin sarsıtdığı qamışamı? Bəs onda nəyə baxmağa getmişdiniz? Nəfis toxunmuş paltar geymiş bir adamamı? Amma nəfis toxunmuş paltar geyənlər padşahların saraylarında qalır. Bəs onda nəyə baxmağa getmişdiniz? Bir peyğəmbərəmi? Bəli, sizə deyirəm, hətta peyğəmbərdən də üstün birinə. Bu o adamdır ki, onun haqqında yazılıb: “Budur, Sənin önündə Öz elçimi göndərirəm, O Sənin qabağında yolunu hazırlayacaq”. Sizə doğrusunu deyirəm: qadından doğulanlar arasında Vəftizçi Yəhyadan daha üstün olan meydana çıxmayıb. Amma Səmavi Padşahlıqda ən kiçik olan ondan üstündür.
Təfsir
İsanın Məsih olduğuna kim şübhə etdi: zindanda olan Vəftizçi Yəhya, yoxsa onun şagirdləri? Təfsirçilərin fikirləri müxtəlifdir. Çox güman ki, çaşqınlıq içində olanlar şagirdlər idi, çünki bugünkü İncildə İsa Yəhyanı tərifləyir və onu peyğəmbərlərin ən böyüyü adlandırır. Bundan əlavə, Yəhya özü vəftizdən sonra “kiçikləşəcəyini”, İsanın isə böyüyəcəyini bəyan edib. Məhz belə də oldu: İsa vəz edib möcüzələr göstərib böyüyürdü, qohumu isə zindanda ölümünü gözləyirdi (kiçikləşirdi). Yəhyanın şagirdləri çaşqınlıq içində idilər: bəlkə də onlar bir azadedən, böyük bir fatehi görəcəklərini gözləyirdilər. Biz isə bilirik ki, Məsihi qəbul etmək üçün gərək insanın qəlbi dəyişilsin, Məsihin işi isə Çarmıxda bütün insanlar üçün canını verməkdir. Vəftizçinin sözləri aydın idi, amma İsanı anlamaq o qədər də asan deyil! Biz bütün insani təsəvvürləri bir kənara qoyub böyük Yəhya kimi davranmalıyıq: Rəbbi tanımalı və sonra yeri Ona verməliyik. Qoy İsa istədiyi kimi içimizdə böyüsün və biz isə öz gözlərimizdə və dünyanın gözündə kiçilək. Böyüklüyə gedən yalnız bir yol var — kiçik olmaq.