Axtar

2019.12.13 Santa Lucia

Liturgiya oxunuşları: 13 DEKABR. Müq. Luçiya, bakirə və şəhid

“Əsl ustad insanları özünə bağlamır. Yəhya məhz belə ustaddır. O, şagirdlərini İsanın ardınca getməyə göndərir. O, ardıcıllar, nüfuz və ya uğur qazanmaqla maraqlanmır; o, şəhadət verir və sonra bir çoxlarının İsa ilə görüşməyin sevincini tapa bilməsi üçün geri çəkilir. Deyə bilərik ki, qapını açıb gedir” (Papa Fransisk, Rəbbin mələyi 15.01.2023).

Luçiya təxminən 286-cı ildə, Diokletianın xristianları təqib etdiyi dövrdə Sirakuzada anadan olub və uşaqlıqdan bakirəliyini Rəbbə həsr edib. Luçiya, bütpərəst bir kişiyə ərə verilməli idi, lakin o, özünü Məsihə həsr etdiyini anasına bildirdi.  Həmin büdpərəst kişi Luçiyadan rədd cavabı alır və ona görə də onun xristian olduğunu ifşa edir.  Qız həbs edilir və məhkəmə qarşısına çıxarılır. Onu fahişəliyə cəlb etmək təhdidlərinə cavab olaraq Luçiya hakimlərə deyib: "Bədən yalnız ruh razı olduqda murdarlanır". 13 dekabr 304-cü ildə Luçiyanın gözləri çıxarılıb (buna görə də  o, göz xəstəlikləri üçün şəfaətçi sayılır) başı kəsilir.

BİRİNCİ OXUNUŞ Sirax 48,1-4.9-11а

Bundan sonra İlyas peyğəmbər alov kimi ortaya çıxdı, sözü çıraq kimi alışırdı. O, xalqın üzərinə qıtlıq gətirdi, Allahın təəssübünü çəkərək xalqından olanların sayının azalmasına bais oldu. Rəbbin sözü ilə göyləri bağladı, həm də üç dəfə yerə od endirdi. Ey İlyas, öz möcüzələrinlə necə də izzətli idi! Kim sənin kimi öyünə bilər? Od qasırğasında, odlu atlar arabasında yuxarı aparıldın. Sən müəyyən vaxtda xəbərdarlıq üçün təyin edilmisən ki, qəzəbin hiddətə çevrilməsindən qabaq onu dayandırasan, atanın ürəyini oğula tərəf döndərəsən, Yaqubun qəbilələrini yenidən bərpa edəsən. Nə bəxtiyardır səni görənlər və məhəbbətdə uyuyanlar.

Təfsir

Əhdi-Ətiq peyğəmbəri İlyas gələcək dövrləri elan etmək üçün çağırılmışdır və bu, diqqətəlayiq bir detaldır. O, şübhəsiz ki, müasirləri üçün böyük bir iş görür, qüdrətli əlamətlər göstərir və bütün İsrailin gözü qarşısında bütpərəstliyi amansızcasına məhv edir. Lakin elə görünür ki, sanki onun əsas missiyası ondan sonra gələcəklər üçün nəzərdə tutulmuşdu. İsanın dövründə belə eşidilməli olan Allahın məzəmməti nədir? Bu, Vəftizçi Yəhyanın sonradan təkrarlayacağı çağırışdır: pisliklərinizdən əl çəkin ki, Məsihi təmiz ürəklə qarşılayasınız. Bu çağırış bu gün də  Kilsədə səslənir. O, yalnız xilas edən lütf (Yevxaristiyada İsanı) bəxş etmir, həm də bizi tövbəyə çağırmağa davam edir. Çünki şər həmişə pusqudadır, çünki Baal bütləri yoxa çıxmayıb və yaxınlıqda gizlənib və günahlar İsanın varlığını görməyə mane olur, buna görə də bizim böyük müəllimlərə ehtiyacımız var. Həmin müəllimlər -  müqəddəslərdir, Allah adamlarıdır: möcüzələr göstərərək, onlar bütün varlıqları ilə imanlıları Rəbbə qayıtmağa və Onu təmiz ürəklə qəbul etməyə çağırırlar.

İNCİL Мatta 17,10-13

Şagirdlər Ondan soruşdular: «Elə isə, niyə ilahiyyatçılar deyirlər ki, əvvəlcə İlyas gəlməlidir?» İsa onlara cavab verdi: «Düzdür, İlyas gəlib hər şeyi yoluna qoymalıdır. Lakin sizə deyirəm: artıq İlyas gəldi və onu tanımadılar, lakin nə istədilərsə, onun başına gətirdilər. Eyni cür Bəşər Oğlu da onların əlindən əzab çəkəcək». Şagirdlər o zaman başa düşdülər ki, İsa onlara bu sözləri Vəftizçi Yəhya haqqında söyləyirdi.

Təfsir 

Vəftizçi Yəhyadan "Sən İlyassan?" deyə soruşulduqda, o, "Xeyr, mən deyiləm" cavabını verir. Bəs həvarilər İsanın Yəhyanı İlyasla eyniləşdirməsini necə başa düşürlər? Əhdi-Ətiq peyğəmbəri İlyas tarixi bir şəxsiyyət kimi bu dünyaya qayıda bilməzdi, lakin onun missiyası - millətləri tövbəyə çağırmaq və insanların zehnini pozan bütləri devirmək - qayıtmalıdır. Beləliklə, Vəftizçi şəxsən İlyas olmadığını deyir (çünki o, Zəkəriyyə və Elizabetin oğlu Yəhyadır), lakin İsa ona həmin qədim peyğəmbər rolunu - dünyada həmişə qalmalı olan bir missiyanı bəxş edir. Demək olar ki, bu mənada İlyasın ruhu və Vəftizçi Yəhyanın ruhu birdir. Gəlin biz də İlyasın və Yəhyayın səsinə qulaq asaq və ürəklərimizi Rəbb İsanın gəlişinə hazırlayaq.

12 dekabr 2025, 21:15