Axtar

2022.12.28 Madre di Dio, icona

Liturgiya oxunuşları: 1 YANVAR. Allahın Əqdəs Validəsi Məryəm

Məryəmdən doğulan Allahın Kəlamı tarixə daxil olur və zamanımızı qəbul edir. Məsih lütf dövrünü açan "Başlanğıc"dır. Hər Yeni il bu Başlanğıcda iştirak edir. İlin ilk günündə Kilsə Məryəmin analığını şərəfləndirir. Qucağında Körpə olan Ananın obrazı Miladın sirrinin birbaşa simvolu və etibarımızın mənbəyidir. Bu, bizə "İlahi" olanı seyr etməyə, eyni zamanda onu sonsuz olaraq "bəşəri" bir şey kimi qəbul etməyə imkan verir (Müq. II İoann Pavel)

BİRİNCİ OXUNUŞ Say 6,22-27

Rəbb Musaya dedi: «Harun və oğullarına belə de: İsrail övladlarına belə xeyir-dua verin: “Qoy Rəbb sənə xeyir-dua verib səni qorusun; Rəbb Öz nurlu üzünü sənə göstərərək lütf versin. Rəbb üzünü sənə tərəf çevirsin, sənə sülh versin”. Beləcə kahinlər Mənim adımla İsrail övladlarına xeyir-dua verəndə Mən də onlara xeyir-dua verəcəyəm».

Təfsir

Allah Öz xalqının xeyir-dua almasını istəyir. Qonşuya Allahın lütfünü ötürmək, onu xeyirxahlıq və sevgi ilə əhatə etmək, Uca Yaradandan xeyir-dua alanın həmişə ilahi lütf içində yaşamasını diləmək deməkdir. Müqəddəs Porfiriy yazır: “İnsan elə bir gücə malikdir ki, ətrafındakılara yaxşılıq və ya pislik ötürə bilər. Hər şeyə müsbət baxmalıyıq. Başqaları haqqında pis düşünməməliyik; hətta bir baxış, bir ah belə ətrafdakılara təsir edir. Ən kiçik bir qəzəb belə zərərlidir. Ruhlarımız xeyirxahlıq və sevgi ilə dolu olmalıdır: məhz bunlar ötürməli olduğumuz şeylərdir. Pis düşüncələri bəslədiyimiz zaman, səs dalğalar ilə ötürüldüyü kimi, bizdən pis bir qüvvə çıxır və başqasına ötürülür və digər insan zərər görür. Məsih heç vaxt pislik arzulamır. Əksinə, O əmr edir: sizi lənətləyənlərə xeyir-dua verin.” Beləliklə, xeyir-dua sadəcə bir istək deyil. Xeyir-dua verdiyimiz zaman biz Allahın yaxşılığını və gücünü başqasına ötürürük.

İKİNCİ OXUNUŞ Qal 4, 4-7

Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki, Qanun altında olanları satın alsın və biz övladlığa götürülək. Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən.

Təfsir

"Qadından doğulmuş" ifadəsi ikinci dərəcəli kimi görünür, amma əslində bu, son dərəcə əhəmiyyətli ifaadədir. Allahın hər hansı bir yaradılışdan üstün olduğunu anlamaq asandır; Onun hər şeyin fövqündə mövcud olduğunu da başa düşmək olar, lakin Allahın bir qadından doğulduğu bütün məntiqlərə ziddir. Bu sirri qəbul etmək üçün mütləq iman lazımdır. Lakin Allahın böyüklüyü məhz buradadır: insanla həqiqi münasibətə girmək üçün O, Özü insan olur və lap əvvəldən (Məryəmin bətnində hamiləlik və doqquz aylıq həyat) başlamağa razılıq verir. Heç düşünmüsünüzmü ki, Allah ana bətnindəki bir neçə hüceyrə olmasına baxmayaraq yenə də Allah olaraq qalır? Məryəmin bədənində gizli yaşasa belə, O, Əbədidir? Yeni ilə məhz bu mübarək möcüzə ilə başlayırıq. İl ərzində özümüzdə bizdən üstün olan bu sirr hissini saxlayaq; gəlin Məryəmdə İsaya səcdə edək, İsanın anası Məryəmi sevək.

İNCİL  Luka 2,16-21

Çobanlar tələsik getdilər. Məryəmi, Yusifi və axurda yatan Körpəni tapdılar. Çobanlar Körpəni görəndə Onun haqqında onlara nəql edilənləri bildirdilər. Bunu eşidənlərin hamısı çobanların sözlərindən heyrətə gəldi. Məryəm isə bütün bu şeyləri dərin düşünərək öz ürəyində saxlayırdı. Çobanlar bütün gördükləri və eşitdiklərinə görə Allahı izzətləndirib həmd edərək geri qayıtdılar. Çünki hər şey onlara söylənən kimi baş vermişdi. Səkkizinci gün Körpənin sünnət olunması vaxtı gələndə Onun adını İsa qoydular. Bu ad ona ana bətninə düşməzdən əvvəl mələk tərəfindən verilmişdi.

Təfsir 

Bugünkü İncil parçası iki münasibəti ortaya qoyur: çobanların hekayəsindən heyrətlənən insanlar və ürəyində düşünən Ana. Çobanlar insanlara bir mələyin bu Körpəni vəd edilmiş Məsih kimi göstərdiyini və bu vəhyi birdən-birə göydə peyda olan çoxsaylı sevinən mələklər tərəfindən təsdiqləndiyini söylədilər. Belə bir şeyi eşitmək kimi təəccübləndirməzdi ki? Məryəm isə indi onun qorunmasına, qayğısına və ana sevgisinə ehtiyacı olan Körpədə Allahını düşünür və seyr edir. "Düşünmək" hadisələrin iz buraxmadan keçməsinə icazə verməmək deməkdir; bu, şeylərin mənasını axtarmağı, Allahın bizə təqdim etdiyi reallığa qərq olmağı nəzərdə tutur, həyatımızın ssenarisinin yalnız biz tərəfdən yazılmalı olduğu iddiasından əl çəkərək.  Sevinmək və düşünmək: bunlar, söhbət Allahın işlərindən gedirsə, bizi müşayiət etməli olan iki hərəkət tərzidir. Buna görə də, xristian həmişə düşüncəli, hadisələri mənəvi cəhətdən dərk edən olmalıdır.  Və eyni zamanda o, Xilaskarın gəlişini imanın vəcdi ilə qavramağa qadir olmalıdır. Düşüncəli və fəal həyat birləşir və sadəcə xristian həyatına çevrilir.

31 dekabr 2025, 17:29