Axtar

2019.12.10 servo del centurione - Matteo 8,5 e Luca 7,1

Liturgiya oxunuşları: 1 DEKABR. Adventin I həftəsinin bazar ertəsi

“Müqəddəs Fransisk deyirdi ki, heç bir insan Allaha yalvarmağa layiq deyil, lakin romalı yüzbaşı öz layiqsizliyini etiraf edərək İsaya xidmətçisinin sağalması üçün yalvarır. O, layiq olmadığını bilirdi: o, yəhudi deyildi, nifrət edilən işğalçı ordunun zabiti idi. Lakin xidmətçisinə olan qayğı ona cəsarət verir və o, deyir: " Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq" (Papa Fransisk, Ümumi Audiensiya 03.03.2021).

BİRİNCİ OXUNUŞ Yeşaya 4,2-6

O gün Rəbbin Pöhrəsi gözəl və əzəmətli olacaq, İsrail xalqından xilas olub sağ qalanlar torpağın verdiyi bəhrə ilə fəxr edib şərəflənəcəklər. Sionda, yəni Yerusəlimdə sağ qalanlara, orada qeyd olunub yaşayanlara «müqəddəs» deyiləcək. Xudavənd Sion qızlarının murdarlığını yuyan zaman ədalət və alov ruhu ilə Yerusəlimi günahlı qandan təmizləyəcək. Sonra Rəbb Sion dağının hər yanını, orada toplananların üzərini gündüz bulud və tüstü, gecə isə parlaq alovla örtəcək. Həqiqətən, əzəmətli şəhərin üzərinə örtük olacaq. Bu bir çardaq olub gündüz qızmar istidə kölgə olacaq, fırtına ilə yağışa qarşı sığınacaq və daldalanma yeri olacaq.

Təfsir

Peyğəmbər Yeşaya Qədim İsrailin səhra səyahətini xatırlayır, Allahın bütün pisliklərdən təmizlənmiş Müqəddəs Şəhərdə var olmasını elan edir. Səhradakı səyahət zamanı  gündüz vaxtı xalqa yol göstərən bir bulud sütunu, gecə isə xalqın yolunu işıqlandıran bir od sütunu var idi (Çıxış 13, 21-22). Yerusəlim pislikdən təmizləndikdə də eyni şey baş verəcək. Bulud və od simvolları Allahın varlığına və mömin insanları qorumasına işarə edir. Eyni zamanda bu simvollar Kəlamın təcəssümünə istinad edir: Müqəddəs Ruh göyərçin şəklində İsanın üzərinə enir (Yəhya 2, 32). Eyni Müqəddəs Ruh Əllinci Gündə həvarilərin üzərinə od dilləri şəklində enir (Həvarilərin İşləri 2,3). Buna görə də, əgər imanımız varsa, Allahın Ruhunun üzərimizə davamlı enməsi üzərində düşünməliyik. Bu gün Yeşayadan olan oxunuşda deyildiyi kimi, bu Ruh bizim "sığınacağımız və müdafiəmiz" olur. Advent bizi, Məsih Ruhunun bizi gücləndirmək və qorumaq üçün yeni enişinə hazırlayır. "Maranafa! Gəl, Rəbb İsa!" Adventin qarşıdan gələn həftələri üçün ümid dolu duamız budur.

İNCİL Matta 8, 5-11

İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: «Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir». İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm». Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq.

Təfsir 

İsa İbrahim, Musa, Qırmızı dənizdən keçid və ya Allahın vədləri haqqında heç nə bilməyən bir Roma əsgərində uşaqlıqdan bəri müqəddəs tarixi və Qanunu əzbər bilən yəhudilərdən daha çox iman tapır. Görünür, Müəllimin fövqəladə şəxsiyyəti bu yüzbaşıda o qədər heyranlıq və etibar oyatmışdı ki, o, "məsafəli" bir möcüzə istədi. Bir çox yəhudi isə öz gözləri ilə gördükləri möcüzələrə belə inanmadı (Yəhya 9-da anadangəlmə kor adamın sağalması hekayəsini xatırlayaq). Yüzbaşının imanı İsaya gələcək haqqında danışmaq və yəhudilərin təsəvvür belə edə bilmədiklərini böyük sevinclə elan etmək üçün əsas verir: Şərqdən və Qərbdən olan bütpərəstlər Səmavi Padşahlıqda İbrahim, İshaq və Yaqubla birlikdə süfrəyə əyləşəcəklər. İsaya iman insanlar üçün ağlasığmaz üfüqlər açır. Sonda romalı xidmətçisinin sağalmasına nail olur və Allahın Oğlunun xeyir-duasını qəbul edir. O, bir şey istədi, amma yüz qatını aldı. Səmimi imanın bəxş etdiyi imkanlar nə qədər böyükdür!

01 dekabr 2025, 12:40